Nida Təhlil
Qərbin ikiüzlülüyü: Londonda “müdaxilə”, Bakıda “demokratiyaya dəstək?”
Böyük Britaniya ABŞ-ı ölkənin daxili işlərinə qarışmaqda ittiham edir. Buna səbəb ABŞ-ın Londondakı səfirliyinin iki ölkə arasında ortaq dəyərlərin təşviqi məqsədilə elan etdiyi qrant layihəsidir. “Qanun altında azadlıq: ortaq Anqlo-Amerika ənənəsi” adlanan proqramda söz azadlığı, qanunun aliliyi, münsiflər heyəti tərəfindən məhkəmə prosesi, mülkiyyət hüququ, İngiltərə-Amerika hüquq ənənəsi kimi istiqamətlər prioritetdir. Səfirlik bu layihələrə 500 min dollara qədər qrant təklif edir.
ABŞ səfirliyinin qrant layihəsi Britaniyada ciddi tənqidlərə məruz qalıb. İngiltərə siyasətçiləri hesab edirlər ki, bu, “Vaşinqtonun Britaniyanın daxili işlərinə müdaxilə” cəhdidir. Britaniya Liberal Demokrat Partiyasından olan millət vəkili Lisa Smart Tramp Administrasiyasını “Britaniya demokratiyasına müdaxilə etməkdə” günahlandırır.
“Britaniyanın özünün demokratik dəyərlərini inkişaf etdirmək üçün MAGA-nın (Trampın rəhbərlik etdiyi “Make America Great Again” (Amerikanı yenidən möhtəşəm et) hərəkatı-red) puluna ehtiyacı yoxdur”, - Lisa Smart deyib.
İngiltərə mediası da ABŞ səfirliyinin qrant layihəsinə qarşı səfərbər olub. İddia olunur ki, “ABŞ Böyük Britaniyada MAGA təbliğatını genişləndirməyə çalışır”. ABŞ səfirliyi isə bu iddiaları təkzib edir.
İddiaların nə qədər doğru olduğu – qrant layihəsinin Britaniyada həqiqətənmi söz azadlığı və vətəndaşların digər fundamental azadlıqlarını təşviq etmək istədiyi, yoxsa MAGA təbliğatına hesablandığı məlum deyil. Səfirliyin elan etdiyi proqramda isə iddia olunduğu kimi, “müdaxilə cəhdləri” öz əksini tapmır. Lakin Londonda qrant layihəsini “ABŞ-ın ölkənin daxili işlərinə müdaxilə” kimi qiymətləndirilməsi bir məsələni aktuallaşdırır: Böyük Britaniyanın Azərbaycan da daxil olmaqla, müxtəlif ölkələrdə siyasi qüvvələri maliyyələşdirmək məqsədilə həyata keçirdiyi proqramlar daxili işlərə müdaxilə deyilmi?! Niyə ABŞ-ın Britaniyadakı qrant layihəsi “müdaxilə”, Qərb ölkələrinin Azərbaycandakı qrant layihələri “demokratiyaya dəstək” adlandırılır?!
Qərb institutlarının Azərbaycanda müxalifəti və öz şəbəkələri hesab etdikləri bəzi QHT-ləri maliyyələşdirdiyi, onlardan ölkənin daxili işlərinə müdaxilə məqsədilə istifadə etdiyi məlum məsələdir. Əvvəllər bu proses qrant layihələri vasitəsilə edilir və maliyyə məhz Qərb şəbəkəsinə daxil olan təşkilatlara ayrılırdı. Azərbaycan qanunvericiliyində qrantlarla bağlı dəyişikliklər edildikdən sonra proses müəyyən qədər səngimə ilə olsa da davam etdi. Qərb şəbəkəsinin xarici maraqlara xidmət qarşılığında maliyyələşməsi iki istiqamətdə həyata keçirilib.
Birincisi, maliyyənin Gürcüstan vasitəsilə ötürülməsidir.
Qərb şəbəkəsinin üzvləri turist kimi Gürcüstana səfər edərək, oradakı banklarda pulu nağdlaşdıraraq, ölkəyə gətirib, yaxud adsız kartlara köçürərək, əldə ediblər. “Abzas net”, “Toplum Tv” və Meydan Tv” işləri, maliyyə qaçaqmalçılığı ilə bağlı istintaqın ortaya çıxardığı faktlar bunu təsdiq edir.
İkincisi, bəzi Avropa ölkələri Qərb şəbəkəsinə maliyyəni digər gizli yollarla ötürür. Bu yollardan biri də Bakıda fəaliyyət göstərən diplomatik nümayəndəliklərdir. Qrant layihələri ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi, o cümlədən, “qrant qaçaqmalçılığı”nın böyük ölçüdə ifşasından sonra maliyyə axınının səfirliklər üzərindən həyata keçirilməsinin intensivləşdiyi haqda məlumatlar var.
Bununla yanaşı, Avropa ölkələri “siyasi mühacir” adı altında fəaliyyət göstərən söyüş müxalifətinə, eləcə də müxtəlif xarici ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edənlərə həm maliyyə, həm məskunlaşma məsələlərində yardım edirlər. İran xüsusi xidmət orqanlarına bağlı olan, birbaşa SEPAH-ın Qüds Qüvvələri bölməsinin xeyir-duası ilə yaradılmış “Müsəlman Birliyi Hərəkatı”nın üzvlərinin Almaniyada fəaliyyətinə yaradılan şərait sonuncu nümunələrdəndir.
Bütün bunlar Azərbaycanın daxili işlərinə birbaşa müdaxilə cəhdidir və Qərb bu prosesi “demokratiyaya dəstək”, “insan haqlarının müdafiəsi” adı altında həyata keçirir. Böyük Britaniyanın Bakıda səfirliyi də zaman-zaman bu və bu kimi fəaliyyətlərlə Azərbaycanın daxili işlərinə kobud müdaxilə edib.
Birincisi, uzun illər ərzində səfirliyin müxalifət nümayəndələri və müxtəlif QHT-lərlə keçirilən görüşlər bunu təsdiq edir. Hətta səfirliyin bu şəbəkəyə nağd şəkildə maliyyə verdiyinə dair iddialar da mövcuddur.
İkincisi, səfirlik zaman-zaman QHT-lər üçün “demokratiya”, “insan haqları” mövzularında qrant layihələri elan edib.
Bu əməllərlə yanaşı, keçmiş səfir Fergus Auld verdiyi açıqlamalarla da Azərbaycanın daxili işlərinə birbaşa müdaxilə edirdi. Müxalifət nümayəndələrinin - Cəmil Həsənli, Arif Məmmədov və Qubad İbadoğlunun 2023-cü ildə Londonda “Azərbaycan Gənclərinin Təhsil Fondu” təsis etməsi və Britaniyanın müvafiq qurumları tərəfindən qeydiyyata alınması da Azərbaycanın daxili işlərinə müdaxilə cəhdi idi. Çünki bu şəxslər yaratdıqları fond vasitəsilə xaricdəki gəncləri anti-Azərbaycan fəaliyyətinə cəlb edirdi. Britaniya hökuməti də onların Azərbaycana qarşı fəaliyyətinə şərait yaradıb.
Sual yaranır: ABŞ-ın Londondakı səfirliyinin qrant layihəsi “Britaniyanın daxili işlərinə müdaxilədirsə”, bu ölkənin Bakıdakı səfirliyinin etdikləri nədir?! Necə olur ki, illərlə Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərini “demokratiyaya dəstək” adı altında təqdim edənlər heç bir təhlükə törətməyən, Trampa yaxın MAGA hərəkatının ideyalarına yaxın layihələri süngü ilə qarşılayır, ABŞ-ın Londondakı səfirliyinin qrant müsabiqəsinə qarşı çıxır?!
Bu fakt bir daha təsdiq edir ki, Qərb ölkələrinin “demokratiyaya dəstək” adı atında elan etdikləri qrant layihələri, xərclədikləri pullar yalnız siyasi məqsəd daşıyıb. Analoji layihələri öz ölkələrində “daxili işlərə müdaxilə” adlandırmaları da bunu deməyə əsas verir. Halbuki, ABŞ-ın Londondakı səfirliyinin qrant layihələri ortaq Anqlo-Amerika ənənəsini davam etdirmək məqsədi daşıyır. Britaniyanın Bakıdakı səfirliyinin layihələri, müxalifət və bəzi QHT nümayəndələri ilə keçirilən görüşləri, ittiham dolu açıqlamaları isə Azərbaycanın daxili işlərinə müdaxilə cəhdindən başqa bir şey deyil. Bu ölkənin səfirliyi Azərbaycan cəmiyyətinə yad ideologiyasının yayılmasına da xidmət edib. Səfirlik binasının LGBT+ bayraqları ilə işıqlandırılması, eyni zamanda, radikal feminizm ideologiyasını “söz azadlığı” adı altında müdafiə etmələri milli ənənələrimizə hücumdur. Azərbaycan cəmiyyəti bu hücumlara qarşı çıxanda, “anti-demokrat” elan edilir, amma ABŞ-ın Londondakı səfirliyinin normal, heç bir təhlükə yaratmayan, əksinə ortaq dəyərləri inkişaf etdirmək məqsədilə elan etdiyi qrant müsabiqəsi isə “daxili işlərə müdaxilə” adlandırılır. Bu məqamda Qərb institutlarının illərdir Azərbaycan cəmiyyətinə ixrac etməyə çalışdıqları “dəyərlərin” siyasi maraqlara xidmət etdiyi faktı bir daha çılpaqlığı ilə ortaya çıxır.
Asif Nərimanlı
-
Cənubi Qafqaz16:12Kobaxidzedən Qərbə ittiham: Gürcüstanı “ikinci cəbhə”yə çəkmək istəyirlər
-
Maraq dünyası12:35Mask bu ölkəni almaq istəyir: Neçəyədir?
-
Yaxın Şərq12:14İranda radikallar güclənir: Trampa qarşı “qorxutma” siyasəti işə yaradı
-
Rəsmi xronika11:23İlham Əliyev Zaur Əhmədovu səfir vəzifəsindən geri çağırdı
-
Rəsmi xronika09:43Prezident: Naxçıvanda yeni nəqliyyat dəhlizləri yaradılır - VİDEO
-
ABŞ09:12ABŞ prezidentinin təyyarəsi niyə gizlicə dəyişdirilib? - Tramp özü danışdı
-
MDB09:00Xəzər pələngi vəhşi təbiətə qaytarılır
-
Sosial08:36Bu rayonların bir hissəsi qazsız qalacaq






.jpg)
































