30 illik yolun kulminasiyası: Azərbaycan indi yeni mərhələyə keçir
Bizi izləyin

Nida Təhlil

30 illik yolun kulminasiyası: Azərbaycan indi yeni mərhələyə keçir

30 illik yolun kulminasiyası: Azərbaycan indi yeni mərhələyə keçir

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışında Azərbaycanın son 30 ildən artıq müddətdə keçdiyi yolun əsas mərhələləri arasında aydın bağlılıq ortaya qoyulub. Bu yol dövlətçilik, iqtisadi inkişaf, ordu quruculuğu və xarici siyasətin bir-birini tamamlayan istiqamətləri üzərində formalaşıb. Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə başlayan proses sonrakı illərdə dövlət institutlarının və iqtisadi imkanların gücləndirilməsi, güclü ordunun yaradılması ilə davam edib. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası isə həmin uzunmüddətli siyasətin mühüm nəticəsi kimi qiymətləndirilir. Qarşıdakı mərhələdə əsas vəzifə əldə olunmuş nəticələrin dayanıqlı inkişaf üçün möhkəm əsasa çevrilməsidir.

Mövzu ilə bağlı fikirlərini öyrəndiyimiz millət vəkili Aydın Hüseynov Publika.az-a bildirdi ki, Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışına diqqət yetirdikdə Azərbaycanın son 30 ildən artıq müddətdə keçdiyi yolun əsas mərhələləri arasında aydın bir bağlılığın qurulduğu görünür. Onun sözlərinə görə, söhbət ayrı-ayrı uğurlardan deyil, bir-birini tamamlayan dövlətçilik, iqtisadi inkişaf, ordu quruculuğu və xarici siyasət xəttindən gedir.

A.Hüseynov qeyd etdi ki, bu yolun başlanğıcında Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı dayanır. Deputatın sözlərinə görə, 1990-cı illərin əvvəllərində Azərbaycan ciddi siyasi və iqtisadi böhran yaşayırdı. Ölkədə sabitlik pozulmuş, dövlət institutları zəifləmiş, Ermənistanın işğal siyasəti vəziyyəti daha da ağırlaşdırmışdı.

Belə bir şəraitdə əsas məsələnin dövlətçiliyi qorumaq və ölkəni idarəolunan vəziyyətə gətirmək olduğunu deyən deputat hesab edir ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı məhz bu baxımdan Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu.

Onun sözlərinə görə, sonrakı illərdə dövlət quruculuğu ilə iqtisadi inkişaf paralel aparılıb. İqtisadi imkanların genişləndirilməsi, dövlət institutlarının möhkəmləndirilməsi, ordu quruculuğu və beynəlxalq əlaqələrin inkişaf etdirilməsi gələcək məqsədlər üçün mühüm baza yaradıb.

A.Hüseynov bildirdi ki, bu gün Azərbaycanın əldə etdiyi nəticələri həmin uzunmüddətli siyasətdən ayrı təsəvvür etmək mümkün deyil.

Deputat ərazi bütövlüyünün və suverenliyin bərpasının isə bu prosesin ən mühüm nəticəsi olduğunu vurğuladı. O qeyd etdi ki, burada yalnız hərbi gücdən danışmaq düzgün olmazdı. Hərbi qələbənin arxasında illərlə formalaşdırılmış iqtisadi və siyasi potensial, güclü ordu və dövlətin strateji hazırlığı dayanırdı.

“Azərbaycan əvvəlcə öz imkanlarını artırdı, daha sonra bu imkanları tarixi məqsədin reallaşdırılmasına yönəltdi” deyən A.Hüseynovun sözlərinə görə, Prezidentin çıxışında Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin davam etdirilməsi məsələsinin önə çəkilməsi də məhz bu ardıcıllıqla bağlıdır. Bu, yalnız siyasi varislik məsələsi deyil. Burada əsas məqam milli maraqlara söykənən dövlət siyasətinin qorunması və dəyişən şəraitə uyğun olaraq inkişaf etdirilməsidir.

A.Hüseynov diqqətə çatdırdı ki, indi Azərbaycanın qarşısında əvvəlki dövrdən fərqli vəzifələr dayanır. Ərazi bütövlüyü və suverenlik bərpa olunub. Növbəti məsələ əldə edilmiş nəticələri dayanıqlı inkişaf üçün möhkəm əsasa çevirməkdir.

Deputat bildirdi ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası, keçmiş məcburi köçkünlərin qayıdışı, yeni iqtisadi imkanların yaradılması və həmin ərazilərin ölkənin ümumi inkişafına inteqrasiyası bu mərhələnin mühüm istiqamətləridir.

A.Hüseynov Azərbaycanın beynəlxalq mövqeyində baş verən dəyişikliyin də diqqətdən kənarda qalmadığını qeyd etdi. Onun sözlərinə görə, ölkəmiz bu gün enerji, nəqliyyat, regional təhlükəsizlik və geosiyasi proseslər baxımından mühüm tərəfdaşlardan biridir.

Deputat bildirdi ki, ərazi bütövlüyünün bərpası Azərbaycanın xarici siyasətində də yeni imkanlar yaradıb. O vurğuladı ki, qarşıdakı dövrdə əsas vəzifələrdən biri bu imkanlardan səmərəli istifadə etmək və ölkənin regional rolunu daha da gücləndirməkdir: “Prezidentin çıxışını yalnız keçmişə verilən qiymət kimi qəbul etmək doğru olmaz. Çıxış eyni zamanda gələcək mərhələnin konturlarını göstərir”.

A.Hüseynovun sözlərinə görə, Azərbaycanın qarşısında iqtisadi inkişafın davam etdirilməsi, insan kapitalının gücləndirilməsi, yeni texnologiyalara keçidin sürətləndirilməsi, müdafiə imkanlarının qorunması və beynəlxalq mövqelərin möhkəmləndirilməsi kimi vəzifələr dayanır.

O qeyd etdi ki, son 30 ildən artıq dövrün əsas nəticəsi dövlətçilik, iqtisadi güc, hərbi imkanlar və beynəlxalq nüfuzun bir-birindən ayrı istiqamətlər olmadığını göstərir. Onun sözlərinə görə, bunlar vahid inkişaf modelinin tərkib hissələridir:

“Azərbaycanın keçdiyi yol da bunu göstərir: dövlət əvvəlcə öz dayaqlarını möhkəmləndirdi, iqtisadi və hərbi imkanlarını artırdı, daha sonra qarşısında duran əsas tarixi məqsədləri reallaşdırdı”.

Deputat bildirdi ki, qarşıdakı mərhələdə əsas məsələlərdən biri əldə olunmuş nəticələrin dayanıqlı inkişaf üçün möhkəm əsasa çevrilməsidir. Onun sözlərinə görə, Azərbaycanın qarşısında əvvəlki dövrdən fərqli imkanlar və vəzifələr dayanır və bu mərhələdə dövlət siyasətinin əsas istiqamətlərindən biri həmin imkanlardan milli inkişafın daha da sürətləndirilməsi üçün səmərəli istifadə etməkdir.

Müəllif: Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm