Xəzərdən Orta Asiyaya uzanan iqtisadi xətt: Bakının yeni hədəfləri
Bizi izləyin

Nida Təhlil

Xəzərdən Orta Asiyaya uzanan iqtisadi xətt: Bakının yeni hədəfləri

Xəzərdən Orta Asiyaya uzanan iqtisadi xətt: Bakının yeni hədəfləri

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 8-9-da Türkmənistanda səfərdə olub. Səfər çərçivəsində Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın genişləndirilməsi, nəqliyyat-logistika imkanlarının artırılması, iqtisadi əlaqələrin inkişafı və Xəzər dənizinin ekoloji vəziyyəti kimi məsələlər diqqət mərkəzində olub. Dövlət başçısı oktyabrın 8-də Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin başçılarının 8-ci Məşvərət Görüşündə, oktyabrın 9-da isə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib. Prezidentin çıxışlarında regional əməkdaşlığın dərinləşdirilməsi, Orta Dəhlizin əhəmiyyətinin artırılması və Azərbaycanla Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi məsələləri ön plana çıxıb.

Publika.az mövzu ilə bağlı millət vəkili Vüqar Bayramovun fikirlərini öyrənib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı diqqət çəkdiyi mühüm məqamlardan biri Azərbaycanla Mərkəzi Asiya dövlətləri, o cümlədən Türkmənistan arasında iqtisadi əlaqələrin son illərdə genişlənməsi olub.

Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında ticarət dövriyyəsi 53 faiz artaraq 1 milyard 765 milyon dollara çatıb. Eyni zamanda, Türkmənistanla iqtisadi əlaqələrimizdə də genişlənmə müşahidə olunur. Ötən il Azərbaycanla Türkmənistan arasında ticarət dövriyyəsi 208 milyon ABŞ dolları təşkil edib.

Vüqar Bayramov qeyd edib ki, Türkmənistan da daxil olmaqla, Mərkəzi Asiya dövlətləri ilə iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi əsas hədəflərdən biri olaraq qalır. Deputatın fikrincə, dövlət başçısının səfəri ölkələrimiz arasındakı münasibətlərin daha da dərinləşməsinə xidmət edəcək. Yüksək səviyyəli səfərlərin sayının artması isə təkcə strateji tərəfdaşlığın deyil, həm də dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsindən xəbər verir.

Millət vəkili vurğulayıb ki, Azərbaycanla Mərkəzi Asiya dövlətləri, eləcə də Türkmənistan arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri beynəlxalq yükdaşımalar və nəqliyyat-logistika sahəsidir. Onun sözlərinə görə, 2026-cı ilin ilk səkkiz ayında region üzərindən daşınan beynəlxalq yüklərin həcmində 20 faiz artım qeydə alınıb. Söhbət Orta Dəhliz vasitəsilə həyata keçirilən yükdaşımalarından gedir.

“Bu, nəqliyyat və logistika sahəsində əməkdaşlığın gücləndirilməsinin ölkələrə daha çox valyuta gəliri əldə etmək imkanı yaratdığını göstərir”, - deyə deputat bildirib.

Vüqar Bayramov qeyd edib ki, nəqliyyat dəhlizlərinin genişləndirilməsi və yeni logistika mərkəzlərinin istifadəyə verilməsi mövcud imkanlardan daha səmərəli istifadə olunmasına şərait yaradacaq. Onun fikrincə, Orta Dəhliz vasitəsilə yükdaşımaların həcminin artması həm Azərbaycanın, həm də Mərkəzi Asiya dövlətlərinin valyuta gəlirlərinin yüksəlməsi baxımından əhəmiyyətlidir.

Deputat diqqətə çatdırıb ki, bu istiqamətdə infrastrukturun genişləndirilməsi, elektron gömrük sisteminin qurulması və vahid tarif mexanizmi ilə bağlı müzakirələrin aparılması yükdaşımaların daha da artmasına imkan verəcək. O bildirib ki, bütün bu tədbirlər regionun tranzit potensialının gücləndirilməsinə və ölkələr arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir.

Vüqar Bayramovun sözlərinə görə, Prezident İlham Əliyevin Türkmənistana səfəri Azərbaycanla Mərkəzi Asiya dövlətləri, o cümlədən Türkmənistan arasında əlaqələrin inkişafında yeni mərhələnin başlanmasına təkan verəcək. Bu, həmçinin türk dövlətləri və bütövlükdə region ölkələri arasında əməkdaşlığın daha da genişlənməsinə şərait yaradacaq.

Millət vəkili Prezident İlham Əliyevin çıxışında Xəzər dənizinin vəziyyəti ilə bağlı səsləndirdiyi fikirlərin də mühüm əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, Xəzərin su səviyyəsinin azalması və bunun yaratdığı ekoloji fəsadlar həm ətraf mühitin qorunması, həm də iqtisadi maraqlar baxımından ciddi çağırışdır.

Deputat qeyd edib ki, Xəzər dənizinin qorunması, xüsusilə dayazlaşmanın qarşısının alınması Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin də diqqətə çatdırdığı kimi, bu problemin həlli üçün birgə nəzarət mexanizmlərinə ehtiyac var. Xəzəryanı ölkələrin bu istiqamətdə birgə və sistemli fəaliyyət göstərməsi vacibdir.

Vüqar Bayramov vurğulayıb ki, Xəzər dənizində su səviyyəsinin azalması və yaranan ekoloji risklər problemin həllinə kompleks yanaşmanı zəruri edir. Onun fikrincə, Xəzəryanı dövlətlərin əməkdaşlığının gücləndirilməsi, birgə tədbirlərin həyata keçirilməsi və sistemli fəaliyyətin təşkili dənizin qorunması baxımından əsas şərtlərdəndir.

“Xəzər dənizinin qorunmasının ən mühüm yollarından biri Xəzəryanı ölkələr arasında bu istiqamətdə əməkdaşlığın ciddi şəkildə gücləndirilməsidir”, - deyə deputat bildirib.

Müəllif: Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm