Rusiya Türkiyə və Azərbaycanla münasibətlərə xələl gətirmək istəmir - ŞƏRH
Bizi izləyin

Nida Xəbər

Rusiya Türkiyə və Azərbaycanla münasibətlərə xələl gətirmək istəmir - ŞƏRH

“Döyüşdə əldə olunan zəfərlər masa arxasında, diplomatiyada da dövlətin mövqeyini qüvvətləndirir. Yəni həm Azərbaycanın qələbələri, həm də Türkiyənin qətiyyətli mövqeyi vadar etdi ki, Rusiya məsələyə müəyyən qədər daha konstruktiv yanaşsın”.

Publika.az xəbər verir ki, bunu geosiyasət və konfliktologiya üzrə ekspert Sultan Zahidov Rusiya prezidenti Vladimir Putinin VTB Kapital tərəfindən təşkil edilmiş “Rusiya çağırır!” adlı investisiya forumunda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxışını şərh edərkən qeyd edib.

O bildirib ki, Rusiya həm Türkiyə, həm də Azərbaycanla münasibətlərə xələl gətirmək istəmir:“Çünki Azərbaycanla da çox yaxşı əlaqələri var. Bizim Türkiyə ilə ticarət dövriyyəsi də ildən-ilə artır. Eyni zamanda Türkyə ilə Rusiya arasında olan əlaqələrə baxın. Bu gün Avropa Rusiyanı bir növ bloklayıb. Yəni Rusiya öz karbohidrogen ehtiyatlarını Avropaya çatdırmaqda çətinlik çəkir. Məsələn, “Şimal axını” boru xəttini çəkib, amma o xətlə Avropanı qazla təchiz etməkdə problemlər var. Almaniya və başqa ölkələr buna qarşı çıxır. Bu gün ona görə Rusiyanın Avropaya, ümumiyyətlə, dünyaya enerji və qaz təchizatında əsas arxalandığı dövlətlərdən biri də məhz Türkiyədir”.

“Bilirsiniz ki, Türkiyə ilə Rusiya arasında “Türk axını”, “Mavi axın” boru kəmərləri var. Eyni zamanda Rusiya başa düşür ki, Türkiyə bu gün daha müstəqil siyasət yürüdən bir dövlətdir. Yəni 10-15 il əvvəl Türkiyə NATO daxilində ABŞ-la ümumi mövqe sərgiləyirdisə, artıq bugünkü Türkiyə daha müstəqil siyasət yürüdən, yeri gələndə ABŞ-a belə qarşı mövqe göstərən bir dövlət olduğuna görə Rusiya artıq “soyuq müharibə” dövründəki kimi ehtiyatlanmır və ona görə də Türkiyə ilə əməkdaşlığa üstünlük verir”, - deyə ekspert əlavə edib.

S.Zahidovun sözlərinə görə, baxmayaraq ki, Liviyada və Suriyada müəyyən fikir ayrılıqları var, amma istənilən halda Rusiya Türkiyəni itirmək istəmir: “Çünki Türkiyə Rusiya üçün həm iqtisadi, həm də siyasi aspektdən lazımlı dövlətdir. Eyni zamanda da Rusiya Türkiyənin regionda artan gücü ilə artıq hesablaşmalı olur. Bu baxımdan, Rusiya özü də dərk edir ki, Türkiyəsiz artıq Cənubi Qafqazda hər hansı bir məsələnin, o cümlədən Qarabağ münaqişəsinin həlli mümkün olmayacaq”.

S.Zahidov söyləyib ki, artıq ermənilərin ümidləri boşa çıxıb: “Erməni tərəfi təktərəfli şəkildə Türkiyəni danışıqlar masasından, münaqişənin siyasi həllindən uzaqlaşdırmaq istəyirdi. Hətta 90-cı illərdə belə, Türkiyənin ATƏT-in Minsk Qrupunu üzvü olmaması, eyni zamanda onun vasitəçilik təkliflərinin puça çıxarılmasının əsas səbəbkarı məhz Ermənistan idi, amma bu gün artıq dünya birliyi, eyni zamanda regional dövlətlər başa düşürlər ki, Türkiyənin iştirakı olmadan regionda problemləri həll etmək müşkül məsələdir. Çünki Türkiyə həqiqətən də regionda söz sahibidr. Ermənistan isə danışıqlar prosesində özünə münasib olan dövlətlərin,o cümlədən Fransanın, Rusiyanın, ABŞ-ın qalmasını istəyirdi. Amma halbuki, bu dövlətlər uzun zamandır, xüsusilə də Fransa bu münaqişənin həllinə neytral yanaşmayıb, status-kvonun saxlanılmasında maraqlı olub. Prezident özü də bunu vurğulayıb. Artıq status-kvo yoxdur. Status-kvo döyüşdə dəyişdi. 30 il ərzində Ermənistan üzərində təzyiq və təsir mexanizmləri qoymayıblar. Yəni təkcə danışıqlarla bu münaqişəni həll etmək çətin olacaq. Gərək, eyni zamanda Ermənistana təsir və təzyiq göstərilsin, yeri gələndə sanksiya tətbiq olunsun ki, Ermənistan konstruktiv mövqe sərgiləsin. Bu olmadığı, danışıqlar nəticə vermədiyi təqdirdə Azərbaycan təktərəfli şəkildə məsələni döyüş meydanında həll etmək qərarına gəlir”.

Şamo Emin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm