Nida Xəbər
AP-nin erməni yalanını həqiqət kimi qəbul etməsi... – Feyziyev
Avropa Parlamentində (AP) Cənubi Qafqaz ölkələri iə Əməkdaşlıq Komitəsinin həmsədri M.Kalyurand (Estoniya), Azərbaycan və Ermənistan üzrə AP daimi məruzəçiləri Jelyana Zovko (Xorvatiya) və Andrey Kovaçev (Bolqarıstan) “Azərbaycan və Ermənistan arasında gərginliklə bağlı” Birgə Bəyanat imzalayıblar.
Publika.az xəbər verir ki, bu sənədlə bağlı deputat, Azərbaycan-Aİ Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev bəyanat verib.
Qeyd edilir ki, Azərbaycan Ordusunun bu ilin 12 may tarixində guya Ermənistan ərazisinə daxil olması ilə bağlı Ermənistan siyasi dairələrinin və beynəlxalq erməni diasporunun məqsədəyönlü şəkildə yaydığı yalanların Bəyanatda yer alması onu göstərir ki, sənədin mətni beynəlxalq erməni diasporunun Avropa ofisində hazırlanıb. Baş vermis sərhəd insidentləri zamanı həlak olmuş erməni əsgərləri üçün başsağlığı ifadə edən AP üzvlərinin həmin insidentlər nəticəsində həlak olmuş Azərbaycanlı əsgərini xatılamaması da bunu bir daha təsdiq edir.
Avropa erməni diasporunun bu təxribatına cavab olaraq və Azərbaycan-Ermənistan sərhədlərində baş verən hadisələrə növbəti dəfə aydınlıq gətirmək məqsədilə bəyan edirik ki, 30 illik işğal faktı aradan qaldırıldıqdan sonra Azərbaycan Ordusu beynəlxalq hüquq nopmalarına uyğun olaraq və Azərbaycanın Konstitusiyası ilə müəyyən olunmuş səlahiyyətləri çərçivəsində iki ölkə arasında münaqişədən əvvəl mövcud olmuş və beynəlxalq səviyyədə tanınmış sərhədlərin mühafizə olunması üçün özünün qanuni dislokasiya məntəqələrini bərpa edir. Münaqişənin başa çatması ilə bağlı 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın yerinə yetirilməsi istiqamətində atılan bu addımların guya Ermənistan ərazisinin zəbt olunması kimi qələmə verilməsi Ermənistanda hakimiyətlə müxalifət arasında gedən daxili siyasi mübarizədə geniş istifadə olunan bir yalandır və erməni diasporunun səyləri ilə bu yalan məlumatların AP üzvləri tərəfindən həqiqət kimi təqdim olunması təəssüf doğurur.
Bəyanat müəlliflərinin Azərbaycan hərbi qüvvələrinin 12 may tarixinədək tutduqları mövqelərə çəkilməsini tələb etməsi isə ümumiyyətlə təəccüb doğurur. Belə ki, özünün qanuni əraziləri çərçivəsində hərbi qüvvələrin hər hansı yerdəyişməsi hər bir ölkənin, o cümlədən Azərbaycanın suveren hüququdur və AP üzvlərinin digər dövlətlərin suveren hüquqlarına zidd fikirlər və tələblər səsləndirməsi qəbuledilməzdir. Eləcə də, AP üzvlərinin Azərbaycan siyasi gündəmində istifadə olunan yer adlarına və müasir Ermənistanın tarixi Azərbaycan torpaqlarında yaradılması haqqında səsləndirilən fikirlərə etiraz etməsi də heç bir məntiqə sığmır. Müasir Ermənistanın 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında yaradılması və Sovet imperiyasının ilk illərində Azərbaycan torpaqları hesabına Ermənistan ərazisinin əhəmiyyətli dərəcədə genişləndirilməsi tarixi faktlardır və nə Ermənistan, nə də onun işğalçılıq siyasətinə haqq qazandırmağa çalışan digər qüvvələr rəsmi sənədlərə əsaslanan bu faktları təkzib edə bilərlər.
Bununla yanaşı bir daha Avropalı həmkarlarımızın diqqətinə çatdırırıq ki, Azərbaycan bütün dövlətlərin, o cümlədən Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü tanıyır və heç bir dövlətə qarşı ərazi iddiaları irəli sürmür. Münaqişədən əvvəl Ermənistan ərazisində yaşamış və münaqişə nəticəsində Ermənistandan qovulmuş yüz minlərlə Azərbaycan əsilli vətəndaşların öz doğma torpaqlarına qayıtmasının təmin olunması onların beynəlxalq qanunlar tərəfindən zəmanət verilən hüququdur və qaçqınların hüquqlarının bərpa olunması beynəlxalq birliyin, o cümlədən Avropa Parlamentinin Avropa dəyərlərindən və Universal İnsan Haqlarından doğan təbii öhdəliyidir. Bu baxımdan, Azərbaycan bütün beynəlxalq qurumlar kimi, AP-ni də etnik Azərbaycanlı qaçqınların Ermənistan ərazisində daimi yaşayış yerlərinə qayıtmasının təmin edilməsi işinə töhfə verməyə çağırır.
“Uzun sürən münaqişənin danışıqlar yolu ilə həll edilməsi və Dağlıq Qarabağın gələcək statusunun müəyyən olunması” haqqında Bəyanat müəlliflərinin çağırışı onu göstərir ki, AP-də Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığa məsul seçilmiş şəxslərin bölgədə baş verən hadisələrdən xəbəri yoxdur və onlar sadəcə Avropa erməni diasporunun AP-də yaydığı dezinformasiyalar əsasında fikir yürüdürlər. Bu məlumat boşluğunu aradan qaldırmaq məqsədilə növbəti dəfə hörmətli həmkarlarımızın diqqətinə çatdırmaq istərdik ki, Azərbaycanın beynəlxalq səviyyədə, o cümlədən Avropa İttifaqı (Aİ) tərəfindən tanınmış qanuni ərazilərinin Ermənistan tərəfindən işğalına 2020-ci ilin 10 noyabr tarixində son qoyulub. Azərbaycanın 30 il ərzində işğal altında qalmış 20 % ərazisi işğaldan azad olunub və bununla da BMT TŞ tərəfindən 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı Qətnamələr Azərbaycanın özü tərəfindən yerinə yetirilib. Azərbaycanda Dağlıq Qarabağ adlı inzibati ərazi vahidi yoxdur və mövcud olmayan bir ərazi vahidinin statusu haqqında danışmaq əsassız və yersizdir.
Azərbaycan və Ermənistan arasında münaqişə başa çatıb və hazırda bölgədaxili əməkdaşlığın bərpa olunması istiqamətində səylər göstərilir. Dünyanın bütün mütərəqqi qüvvələri, o cümlədən Aİ bölgədə nəqliyyat-kommunikasiya xətlərinin açılması və qarşılıqlı əməkdaşlığın bərqərar olunması istiqamətində Azərbaycanın səylərini alqışlayır və ona dəstək verir. AP də bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına və qarşılıqlı əməkdaşlığın təşviq olunmasına öz töhfəsini vermək istəyirsə, Avropa erməni diasporunun apardığı qeyri-konstruktiv təbliğatda iştirak etməkdən imtina etməli, məsuliyyətsiz bəyanatlar səsləndirməkdən çəkinməli və bölgədəki vəziyyətlə yerində tanış olmaqla obyektiv mövqe sərgiləməlidir. Bölgədəki hadisələrə obyektiv yanaşma həm də AP-nin Azərbaycan cəmiyyətində deqradasiyaya uğramış nüfuzunun bərpa olunmasına xidmət edə bilər.
-
Sosial20:00
Pensiya alanların NƏZƏRİNƏ: ödəniş yekunlaşdı
-
Avropa19:48
Qızın adından görüşə dəvət edib başına elə oyun açdılar ki... - 7 nəfərdən DƏHŞƏTLİ ƏMƏL
-
Mistika19:24
Ərə getmək istəyən qadın falçıya yazdı, 22 mini getdi: "Mənimlə evlənəcəksən"
-
Magazin118:36
“DNT testi verib sübut edəcəyəm ki, uşağın atası mənəm” - FOTO
-
İdman18:24
Soyuqdan qorxan futbolçu görün hansı üsula əl atdı
-
Rəsmi xronika17:48
İlham Əliyev fərman imzaladı
-
MDB17:20
Putin Qazaxıstanda bu məsələni qaldıracaq: əgər hücum olarsa...
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi