Nida Xəbər
Deputatdan SENSASİON açıqlamalar - Rusiyaya sərt mesaj, Türkiyəyə çağırış
Qüdrət Həsənquliyev: “Biz Rusiya ilə dostluq münasibətlərini yüksək qiymətləndirdiyimiz kimi, Rusiya da Azərbaycanla münasibətləri qiymətləndirməyi bacarmalıdır”
“Türkiyə Azərbaycana öz dövlət sərhədlərini Laçında nəzarətə götürməyə, Xankəndində dövlət suverenliyini bərpa etməyə kömək etməlidir”
Deputat, BAXCP sədri Qüdrət Həsənquliyev bu günlərdə mətbuata verdiyi müsahibədə Rusiya rəhbərliyinin mövqeyini kəskin tənqid etdi. Bildirdi ki, Rusiya ilə dostluğa, onu Azərbaycanın ərazi bütövlüyü və suverenliyi məsələsində ədalətli qərarlar qəbul etməyə inandırmağın mümkünlüyünə inanan bir şəxs kimi böyük təəssüf hissi keçirib. Son illərdə elə “Yeni Müsavat”a müsahibələrində dəfələrlə Rusiya ilə açıq danışmağın, onun inandırmağı zəruriliyindən bəhs edən Q.Həsənquliyev bildirib ki, Putin Rusiyanın Ukraynaya təcavüzündən sonra ikinci böyük səhvini etdi:
“Həm də sübut etdi ki, həm o, həm də müasir Rusiya dövləti istənilən vaxt sözünün və imzasının arxasından asanlıqla qaça bilər. Artıq əminliklə qəbul etmək olar ki, Rusiyanın imzaladığı sazişlərin dəyəri onun üzərinə köçürüldüyü kağız parçasından da dəyərsizdir”.
BAXCP sədrinin mövcud durumla bağlı mövqeyi səbəbsiz deyil. Son zamanlar Rusiyanın informasiya məkanında anti-Azərbaycan fəaliyyəti ona gətirib çıxartdı ki, rəsmi Bakı Moskvaya etiraz notası ünvanladı. Rusiya prezidentinin son çıxışlarında Azərbaycanın ərazi bütövlüyü və Ermənistanın məlum razılaşmaları, öhdəlikləri icra etməməsi ilə bağlı birmənalı fikirlər söyləməməsi haqlı etirazlara rəvac verib. BAXCP sədri ilə bu və digər mövzularda danışdıq:
- Qüdrət bəy, Azərbaycan qarşıdakı Soçi görüşündə Rusiyanın planı əsasında, yəni gələcəkdə Qarabağda yaşayan ermənilərin statusu müəyyən olunana qədər, indiki status-kvonu saxlamaq şərtilə, Ermənistanla sülh sazişi imzalaya bilərmi?
- Bu, qətiyyən mümkün deyil. Əvvəla, indiki status-kvo Ermənistanla Laçın dəhlizi ilə birləşmiş müstəqil “artsax respublikası” deməkdir. Həm də Azərbaycan Respublikasının Prezidenti dəfələrlə vurğulayıb ki, Qarabağda yaşayan ermənilərə heç bir status verilməyəcək. Putin hakimiyyətdə olduğu dövrdə heç vaxt, “Valday” klubundakı son çıxışına qədər, Azərbaycanın ərazi bütövlüyü məsələsini açıq formada şübhə altına almamışdı. Əksinə, Qarabağın Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazisi olduğunu vurğulamışdı.
-Sizin fikrinizcə nə baş verdi ki, o, Azərbaycanın əleyhinə belə bir açıqlama ilə çıxış etməyə məcbur oldu?
- Rusiya dövləti və liderləri Qərbdən asılı vəziyyətə düşəndə həmişə Azərbaycanın haqlı və beynəlxalq hüquqa əsaslanan maraqlarını Ermənistana satıblar. 1979-cu ildə SSRİ Əfqanıstanı təsir altına salmaq üçün kommunizm ideyalarını yaymaq adı altında həmin ölkəyə təcavüz etdi. O zaman ABŞ başda olmaqla, onun NATO üzrə müttəfiqləri əfqan milli müqavimət hərəkatına-mücahidlərə kömək etdi, neftin qiyməti aşağı salındı və iqtisadiyyatı əsasən, xammal satışından asılı olan SSRİ 1989-cu ildə məğlub bir vəziyyətdə Əfqanıstandan çıxmaq zorunda qaldı. Qərbdən asılı vəziyyətə düşən Qorbaçov erməni Aqambekyanın Parisdən başlatdığı və SSRİ-nin süqutunu sürətləndirəcək, Qarabağdakı erməni seperatizminin qarşısını məhz Qərbin təsiri ilə almadı. Heydər Əliyev Sov.İKP MK-nın Siyasi Bürosundan uzaqlaşdırıldı, separatizmə yaşıl işıq yandırıldı. SSRİ-nin süqutundan sonra Qərbin dəstəyi ilə Rusiya Federasiyasının prezidenti seçilən Yeltsin də Qərbin təsiri ilə Qarabağ ətrafınadakı rayonların işğalı üçün Ermənistana kömək etdi. ABŞ Ermənistana dəstək məqsədilə Azadlığa Yardım Aktına 907-ci düzəlişi qəbul etməklə Azərbaycana dövlət dəstəyini qadağan etdi. Ərazisinin 20 faizi işğal olunmuş, iqtisadiyyatı dağıdılmış Azərbaycan bir milyon qaçqınla baş-başa qaldı. Bunları ona görə söyləyirəm ki, rəsmi Moskvanın bizə olan ədalətsiz münasibəti əsasən Qərbdən qaynaqlanıb. Çoxları yanlış olaraq bunu bizim müstəqil və azad olmaq istəyimizlə bağlamaq istəyir, amma bu, belə deyil. Biz öz müstəqilliyimizi nəinki Ermənistandan, hətta bütün digər sovet respublikalarından sonra elan etmişik. 2022-ci ilin fevralında Putin 1979-cu ildə Brejnevin Əfqanıstana girməklə etdiyi səhvi təkrar edərək Ukraynanı Rusiyanın təsir zonasına daxil etmək üçün “rusizm” ideyaları altında Ukraynaya təcavüz etdi. Yenə də ABŞ NATO üzrə müttəfiqləri ilə birlikdə Ukraynaya az miqdarda müdafiə silahları verməklə Rusiyanı uzunmüddətli münaqişəyə salıb SSRİ kimi çökdürmək istəyir. Artıq qələbəyə inamını itirmiş Putin başa düşür ki, tezliklə müharibədən çıxa bilməsə, həm özünün, həm də Rusiyanın taleyi qaranlıq görsənir. Buna görə hər zaman müstəqil siyasəti ilə öyünən rəsmi Moskva hər keçən gün Qərbdən daha çox asılı vəziyyətə düşür. Onun son açıqlamasını Ermənistandan çox Qərbə yönələn açıqlama hesab edirəm. Ermənistanda da çoxları başa düşür ki, Rusiyanın əsl niyyəti bizi sonsuzluğa qədər bir-birimizə qırdırmaq və asılı saxlamaqdır.
- Axı, Rusiyadan fərqli olaraq ABŞ Azərbaycan üçün daha məqbul sülh sazişi təklif edir. Buna nə deyirsiniz?
- Qərb görür ki, Putin gərginlik içərisindədir və onun səhv qərarlar qəbul etmək ehtimalı həddindən artıq böyükdür. Qərb uzun müddət Türkiyə və Azərbaycanın Rusiya ilə münasibətlərini korlamağa çalışıb. Onlar görürlər ki, Rusiya sülhdə maraqlı deyil və bütün vasitələrlə buna mane olacaq. 10 noyabr Bəyannaməsinin imzalanmasından bir neçə gün sonra Putin mətbuata verdiyi ilk açıqlamasında xüsusi vurğulamışdı ki, biz razılaşmışıq ki, “Dağlıq Qarabağ”ın statusunu gələcək rəhbərlər müəyyən edəcək. Ona görə də Qərb Putinin mövqeyini bildiyindən beynəlxalq hüquqa əsaslanan təkliflə çıxış etməklə Rusiyanı kartları açmağa məcbur etdi. Onların əsl niyyəti beynəlxalq hüququn aliliyini təmin etmək deyil. Belə olsaydı, qonşu dövlətin 20 faiz ərazisini 30 il işğal altında saxlayan, bir milyon insanı ev-eşiyindən didərgin salan Ermənistana BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası üçün təzyiq edərdilər, ona işğala son qoymaq üçün sanksiyalar tətbiq olunardı. Putin isə hər şeyi sona qədər düzgün hesablaya bilmədi, fikirləşdi ki, “Paşinyan Vaşinqtonun planına uyğun olaraq Qarabağı Azərbaycana vermək istəyir” deməklə həm Paşinyanı pis vəziyyətə salıb revanşistləri canlandıra bilər, həm də ermənipərəst Qərbin özünə münasibətini yumşalda, Ukraynada düşdüyü bataqlıqdan çıxmaq üçün danışıqlar masasına dəvət ala bilər. Əslində isə Qərb istəyinə nail oldu. Həm 44 günlük savaşdan sonra türk dövlətləri üçün cəlbedici olmağa başlayan, Rusiya ilə əməkdaşlıqdan imtina etməyən Türkiyəni pis duruma saldı, həm də Azərbaycan xalqı Rusiyanın nəzarətində olan Qarabağdakı ermənilərin “lider”i Araikin Moskvaya səfərindən sonra son dərəcə radikallaşmasını gördü və Moskvanın açıqdan açığa Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı olmasına əmin oldu.
- Bəs, Moskva Ermənistana görə Türkiyə və Azərbaycanla münasibətlərin pisləşməsindən niyə çəkinmədi?
- Putin məlum çıxışından öncə Türkiyəyə yeni qaz kəməri çəkməyi, Türkiyədə qazpaylayıcı bir hab yaratmağı və yeni nüvə reaktoru tikməyi təklif etdi. Yəqin fikirləşir ki, seçki ərəfəsində və inflyasiyanın yüksək olduğu bir zamanda, Qərblə münasibətlərində problemlər olan Türkiyə bu təkliflər qarşılığında Azərbaycanın ərazi bütövlüyü məsələsində ciddi dirəniş göstərməz. 1920-ci ildə də Osmanlı imperiyası Rusiyanın köməyinə ehtiyacı olması səbəbindən Azərbaycanın müstəqilliyini sona qədər dəstəkləməmişdi. Görünür tarixdən də yaddaşlarında nələrsə qalıb. Azərbaycanla münasibətlərin pozulmasından isə ola bilsin narahat deyillər. Yəni yanlış olaraq istədiklərini Azərbaycana qəbul etdirə biləcəklərinə inanırlar.
- Türkiyə davamlı şəkildə Azərbaycanı müdafiə edəcəyini və hər zaman ölkəmizin, xalqımızın yanında olacağını bəyan edir. Bəs, qardaş ölkə hal-hazırda nə edə bilər?
- Türkiyə bizi hədələyən İrana da, ərazi bütövlüyümüzə qarşı çıxan Rusiyaya da çəkinmədən deməlidir ki, Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu deyil. Heç kim Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına ala bilməz, heç kim Azərbaycanı hədələyə bilməz. Türkiyənin “müdrikcəsinə” susması heç cür başa düşülən deyil və düşmənlərimizi ruhlandırır. Türkiyə Azərbaycana öz dövlət sərhədlərini Laçında nəzarətə götürməyə, Xankəndində dövlət suverenliyini bərpa etməyə kömək etməlidir.
- Qüdrət bəy, Nikol Paşinyanın son bəyanatını necə dəyərləndirirsiniz? Deyib ki, Soçidə sülhməramlıların 10-15, hətta 20 il qalması ilə bağlı sənədə imza atmağa hazırdır. Hesab etmək olarmı ki, bu, Putinin planıdır və reallaşa bilərmi? Bu, Azərbaycana nə dərəcədə təhlükə vəd edir?
- Paşinyan çox şey arzulaya bilər. Əgər Azərbaycan Rusiya sülhməramlılarının Qarabağda qalma müddətini uzatmağa ehtiyac hiss edəcəksə bu, Rusiya ilə Azərbaycan arasında həll oluna bilər. Həm də Birgə Bəyannamədə nəzərdə tutulduğu kimi, daha beş il müddətinə... Atəşkəs elan olunandan sonra Azərbaycan Respublikasının Prezidenti dəfələrlə bəyan edib ki, Azərbaycan öz daxili məsələlərini heç kimlə müzakirə etmir, xüsusilə Ermənistanla. Biz Rusiya ilə dostluq münasibətlərini yüksək qiymətləndirdiyimiz kimi, Rusiya da Azərbaycanla münasibətləri qiymətləndirməyi bacarmalıdır. Rusiya Azərbaycanın öz ərazisində suveren hüquqlarını bərpa etməsinə mane olmamalıdır. Əgər Rusiya özünün bölgədə varlığını yalnız hərbi iştirakda görürsə, biz hərbi əməkdaşlıq yolu ilə bunu təmin edə bilərik. (musavat.com)
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO