Prezidentin Şuşada verdiyi bütün mesajlar və ismarıclar öz ünvanına çatıb
Bizi izləyin

Nida Xəbər

Prezidentin Şuşada verdiyi bütün mesajlar və ismarıclar öz ünvanına çatıb

Prezidentin Şuşada verdiyi bütün mesajlar və ismarıclar öz ünvanına çatıb

“Azərbaycan Prezidenti IV Qlobal Şuşa Media Forumunda bir sıra mühüm istiqamətlər üzrə məsələlərə toxundu. Bunlar içərisində hazırkı mərhələdə Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığı məsələləri də var idi. Azərbaycan Prezidenti qeyd etdi ki, Avropa İttifaqı ilə Azərbaycan münasibətləri yüksələn xəttlə inkişaf edir. Çünki yeni yaranmış geoiqtisadi və geosiyasi vəziyyətdə Azərbaycanın Aİ ilə əməkdaşlığı daha aktual və zəruri xarakter alıb. Çünki Aİ-nin faktiki olaraq ənənəvi enerji təchizatı marşrutları ilə bağlı çox ciddi problemləri var”.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Hikmət Məmmədov deyib.

Deputat qeyd edir ki, Azərbaycan etibarlı, uzunmüddətli tərəfdaş kimi Avropa İttifaqı ilə əməkdaşlığı daha da dərinləşdirmək imkanları təqdim edir:

“Son dövrlərdə Avropa İttifaqı komissarlarının Azərbaycana səfərləri də əməkdaşlığı daha da zəruri edir. Amma burada başqa məsələ də xüsusi əhəmiyyət kəsb edir.

Dünənə qədər Azərbaycan Avropa İttifaqı ilə sadəcə enerji sahəsində əməkdaşlıq edirdisə, bu gün həm yükdaşımalar, tranzit, kommunikasiya sahələrində də əməkdaşlıq imkanları yaranıb. Əslində, yaşıl enerji və digər iqtisadi sektorlarda da əməkdaşlıq üçün yeni imkanlar yaranıb. Azərbaycan Prezidenti bu kontekstdə Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığa bir daha toxunaraq bunun nə qədər milli maraqlar kontekstində aktual olduğu məsələsinə diqqət çəkdi. Türk Dövlətləri Təşkilatını Avropa İttifaqı ilə qarşılıqlı münasibətlər kimi birbaşa ifadə etməsək də, nəticə etibarilə görünür ki, gələcəkdə biz bu formada görə bilərik. Çünki Azərbaycan artıq bunun mesajlarını vermiş oldu ki, Mərkəzi Asiyadan gələn yüklərin Türküstan coğrafiyasında yerləşən dövlətlərin Azərbaycan üzərindən əməkdaşlığı, gələcəkdə yeni bir formaya da çevrilə bilər.

Ölkə başçısı beynəlxalq təşkilatların bəzi haqsız mövqelərindən də danışdı. Avropa Şurasını haqlı olaraq tənqid etdi. Avropa Şurası Parlament Assambleyasının mövqeyini tənqid etdi. Çünki burada nə beynəlxalq hüquq, nə də ədalət var. Düşünürəm ki, verilən bütün bu mesajlar və ismarıclar öz ünvanına çatıb".

Milli Məclisin deputatı, tarix elmləri doktoru Vasif Qafarov deyib ki, Şuşa artıq yalnız Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də beynəlxalq dialoq və qlobal fikir mübadiləsinin mühüm ünvanlarından birinə çevrilib. Onun sözlərinə görə, ənənəvi olaraq keçirilən Şuşa Qlobal Media Forumu ildən-ilə iştirakçı coğrafiyasını genişləndirərək dünyanın müxtəlif ölkələrindən media nümayəndələrini, ekspertləri və beynəlxalq təşkilatları bir araya gətirir: "Forum həm qlobal media gündəliyinin aktual məsələlərinin müzakirə olunduğu platforma, həm də Qarabağda aparılan bərpa və yenidənqurma işlərinin beynəlxalq ictimaiyyətə təqdim edilməsi baxımından mühüm əhəmiyyət daşıyır".

Vasif Qafarov qeyd edib ki, bu il keçirilən Forum da öz miqyası ilə diqqət çəkib: "Tədbirdə 53 ölkədən 160 nümayəndə, 30 xəbər agentliyi, 60-dan çox media qurumu, eləcə də media sahəsində fəaliyyət göstərən 10 beynəlxalq təşkilat və təsisat iştirak edib. Son dörd ildə Forum ümumilikdə 81 ölkədən 600-ə yaxın media nümayəndəsini qəbul etməklə beynəlxalq media əməkdaşlığının nüfuzlu platformalarından birinə çevrildiyini təsdiqləyib.

Şuşada belə mötəbər tədbirin keçirilməsi təsadüfi deyil. Forum iştirakçıları təkcə qlobal informasiya məkanında baş verən dəyişiklikləri və media qarşısında duran çağırışları müzakirə etmirlər. Onlar eyni zamanda Qarabağda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri ilə yaxından tanış olmaq imkanı əldə edirlər. İlk dəfə bölgəyə gələn qonaqların gördüyü dağıntılar artıq yeni şəhərlərlə, müasir yaşayış məhəllələri ilə, doğma torpaqlarına qayıdan insanların yeni həyat qurduğu yaşayış məntəqələri ilə əvəz olunub. Bu isə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi quruculuq siyasətinin real nəticələrinin beynəlxalq auditoriyaya nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Forum çərçivəsində cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın son illərdə həyata keçirdiyi uğurlu nəqliyyat və logistika siyasətinin də mahiyyətini ortaya qoyur. Ölkənin Avrasiyanın əsas nəqliyyat qovşaqlarından birinə çevrilməsi uzunmüddətli və ardıcıl strategiyanın nəticəsidir. Güclü avtomobil və dəmir yolu infrastrukturu, müasir hava limanları, beynəlxalq dəniz limanı və region ölkələri ilə qurulan etibarlı əməkdaşlıq Azərbaycanın tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Azərbaycanın bu istiqamətdə qazandığı uğurların əsas şərtlərindən biri qonşu dövlətlərlə qarşılıqlı etimada əsaslanan münasibətlərdir. Çünki regional əməkdaşlıq olmadan beynəlxalq nəqliyyat dəhlizlərinin səmərəli fəaliyyəti mümkün deyil. Məhz bu siyasət sayəsində Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının əsas iştirakçılarından birinə çevrilib və Avropa ilə Asiya arasında etibarlı logistika körpüsü rolunu oynayır".

Deputat vurğulayıb ki, müasir geosiyasi proseslər də Azərbaycanın strateji əhəmiyyətini daha da artırır: "Dünyada baş verən siyasi və hərbi gərginliklər fonunda təhlükəsiz və sabit marşrutlara tələbat artıb. Azərbaycan isə əvvəlcədən formalaşdırdığı infrastruktur hesabına artan yük və sərnişin daşımalarını qəbul etmək imkanına malikdir. Hazırda ölkə mövcud potensialını daha da genişləndirmək istiqamətində mühüm layihələr həyata keçirir. Bu baxımdan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarının artırılması xüsusi əhəmiyyət daşıyır. Hazırda Xəzər hövzəsinin ən böyük limanı olan bu logistika mərkəzinin illik yükaşırma gücü 15 milyon tondur və yaxın perspektivdə bu göstəricinin 25 milyon tona çatdırılması nəzərdə tutulur. Bununla yanaşı, Azərbaycanın gəmiqayırma sənayesinin inkişafı, yeni yük gəmilərinin inşası və Mərkəzi Asiya ilə Avropa arasında yükdaşımaların genişləndirilməsi ölkənin beynəlxalq tranzit imkanlarını daha da möhkəmləndirəcək.

Şuşa Qlobal Media Forumu artıq yalnız media nümayəndələrinin görüş yeri deyil. O, Azərbaycanın artan beynəlxalq nüfuzunun, Qarabağın sürətli dirçəlişinin, ölkənin nəqliyyat və enerji sahəsində qazandığı uğurların, eləcə də regional əməkdaşlıq və sülh təşəbbüslərinin nümayiş olunduğu nüfuzlu beynəlxalq platformaya çevrilib. Hər il genişlənən iştirakçı coğrafiyası və müzakirə olunan aktual mövzular göstərir ki, Şuşa qlobal dialoq məkanlarından biri kimi öz mövqeyini daha da möhkəmləndirir və Azərbaycan beynəlxalq əməkdaşlığın etibarlı tərəfdaşı kimi nüfuzunu davamlı şəkildə artırır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm