Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla
Bizi izləyin

Nida Xəbər

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

Bir il əvvəl - 2025-ci il avqustunda Vaşinqtonda keçirilən görüşlər Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin əsasını qoymaqla yanaşı, Azərbaycan-Ermənistan sülh gündəliyi baxımından da mühüm hadisələrlə yadda qaldı.

Publika.az bu mühüm siyasi hadisələri xronoloji ardıcıllıqla təqdim edir:

Vaşinqton səfəri və ilk görüş

2025-ci il avqustun 7-də Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfər etdi.

Səfərin ilk günündə Prezident İlham Əliyevin ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffla görüşü keçirildi. Görüşdən əvvəl dövlətimizin başçısının və Stiv Uitkoffun iştirakı ilə SOCAR ilə “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalandı.

8 avqust: Ağ Ev görüşü və strateji tərəfdaşlıq mexanizmi

Avqustun 8-də Prezident İlham Əliyev Ağ Evə gəldi və ABŞ Prezidenti Donald Tramp tərəfindən qarşılandı. Prezidentlər arasında keçirilən görüşdən sonra Azərbaycan Respublikası ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu imzalandı.

Daha sonra dövlət başçıları söhbətlərini davam etdirdilər. Donald Tramp Ağ Evin rəmzi açarını Prezident İlham Əliyevə təqdim etdi.

907-ci düzəlişin tətbiqinin dayandırılması

Vaşinqton görüşünün digər mühüm nəticələrindən biri ABŞ Prezidenti tərəfindən “Azadlığa Dəstək Aktı”nın 907-ci düzəlişinin Azərbaycana münasibətdə tətbiqinin dayandırılması barədə Sərəncamın imzalanması oldu. Beləliklə, 1992-ci ildən Azərbaycana münasibətdə tətbiq edilən məhdudiyyətin icrası dayandırıldı.

Azərbaycan-Ermənistan sülh gündəliyində mühüm addımlar

Həmin gün Prezident İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə görüş keçirildi.

Görüş çərçivəsində “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsinin razılaşdırılmış mətni paraflandı. Eyni zamanda, ATƏT-in Minsk Prosesi və onunla əlaqəli strukturların bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciət imzalandı.

Sonra Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Birgə Bəyannamə imzaladılar.

Sənəddə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi, Ermənistan üçün beynəlxalq və ölkədaxili bağlantı imkanlarının yaradılmasının qarşılıqlı faydaları qeyd olundu.

Liderlər, həmçinin mətbuata bəyanatlarla çıxış etdilər.

Səfərin yekunu

Avqustun 8-də Prezident İlham Əliyev Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibə verdi. Müsahibədə dövlətimizin başçısı ABŞ Prezidenti Donald Trampla görüşün nəticələrini, Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün Strateji İşçi Qrupunun yaradılması haqqında sənədin əhəmiyyətini və səfərin digər nəticələrini dəyərləndirdi.

Bir il sonra

2025-ci il avqustun 7-8-də Vaşinqtonda keçirilən görüşlər Azərbaycan-ABŞ münasibətlərində strateji tərəfdaşlığın institusional əsaslarının yaradılması, Azərbaycan-Ermənistan sülh gündəliyində mühüm siyasi razılaşmaların əldə edilməsi və Cənubi Qafqazda regional kommunikasiyaların açılması üçün yeni siyasi çərçivənin formalaşdırılması baxımından mühüm mərhələ oldu.

Bir il ərzində bu gündəliyin əsas istiqamətlərindən biri artıq növbəti mərhələyə keçdi. 2026-cı il fevralın 10-da Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması Vaşinqtonda başlanmış prosesin davamı oldu.

Beləliklə, 2025-ci il avqustun 8-də Vaşinqton görüşü yalnız iki günlük diplomatik təmaslarla məhdudlaşmayan, Azərbaycan-ABŞ münasibətlərinin və Cənubi Qafqazda sülh gündəliyinin sonrakı inkişaf istiqamətlərinə təsir göstərən mühüm siyasi mərhələ kimi tarixə düşdü.(Azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm