“Çox istəyərdim ki, ya amnistiya, ya da əfvetmə haqqında qərar qəbul olunsun” - Qüdrət Həsənquliyev
Bizi izləyin

Nida Xəbər

“Çox istəyərdim ki, ya amnistiya, ya da əfvetmə haqqında qərar qəbul olunsun” - Qüdrət Həsənquliyev

“Çox istəyərdim ki, ya amnistiya, ya da əfvetmə haqqında qərar qəbul olunsun” - Qüdrət Həsənquliyev

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Xalqcəbhəsi.az-ın suallarını cavablandırıb.

Publika.az müsahibəni təqdim edir:

- Qüdrət bəy, dövlət təltifləri, amnistiya və əfvetmə haqqında qanunların qəbul olunması təklifi ilə çıxış etmişdiniz. Bu hansı zərurətdən irəli gəlir?

- Bu konstitusion tələbdir. Qanunda orden və medalların kimlərə hansı xidmətlərinə görə kimlərin təqdimatı ilə verilməsi və hansı hallarda geri alınması qaydaları, təltiflərin necə, kimlər tərəfindən təqdim olunması, saxlanılması qaydaları və s. əks olunmalıdır. Konstitusiyanın 94-cü maddəsinin 9-cu bəndinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi 63 səs çoxluğu ilə dövlət təltiflərinə dair ümumi qaydaları müəyyən edən qanun qəbul etməlidir. Qanunda, həmçinin Azərbaycan Respublikası Prezidentinin necə təltif olunması qaydası öz əksini tapmalıdır. Heydər Əliyev ordeninin statutusu haqqında qanunun 2-ci hissəsində qeyd edilir ki, Heydər Əliyev ordeni Azərbaycan Respublikasının Prezidentinə onun statusuna görə verilir. Bu norma Konstitusiya ilə ziddiyyət təşkil edir, çünki Konstitusiyanın 109-cu maddəsinin 23-cü bəndi ilə dövlət təltifləri ilə təltif etmə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinə aid edilir. Həm də insanlar statusuna görə yox, xidmətlərinə görə təltif olunmalıdır. 2005-ci ildə qanun qəbul olunarkən mən buna etiraz etmişdim. Prezidenti təltif etmək üçün Konstitusiyanın 95-ci maddəsinin 1-ci hissəsinə Konstitusion qananunla əlavə edilməlidir ki, Prezident Milli Məclisin üçdə iki səs çoxluğu ilə qəbul etdiyi qərar əsasında təltif olunur. Konstitusiyanın 95-ci maddəsinin 4-cü hissəsinə görə Milli Məclisin həll etdiyi məsələlər sırasına əlavələr Konstitusiya qanunları ilə edilə bilər. Bu müddəa eyni zamanda “Dövlət təltifləri” haqqında qəbul olunacaq qanunda da öz əksini tapmalıdır. Bu barədə layihə təqdim edəcəyəm.

- Siz 44 günlük Vətən müharibəsindən sonra İlham Əliyevin “Şah İsmayıl” ali hərbi ordeni ilə təltif olunmasını təklif etmişdiniz. Yeni qanunun qəbulu ilə həm də bunu gerçəkləşdirmək olar...

- Doğrudur. İlham Əliyev bizim ən yeni tariximizin ən şanlı səhifələrindən birini yazan şəxsdir. Onun liderliyi ilə torpaqlarımız işğaldan azad olunub, erməni separatizminə birdəfəlik son qoyulub. “Şah İsmayıl” ordeni ilə indiyə qədər heç kim təltif olunmayıb. O ordeni almağa layiq birinci şəxs İlham Əliyevidir. Bu təklifin bir müxalifət partiyasından gəlməsi hakim partiya üzvlərini narahat etməməlidir və onlar bu məsələni müzakirə etməlidirlər. Biz bunu ona görə təklif edirik ki, bu həm ədalətlidir, həm də “Şah İsmayıl” ordeni ilə Ali Baş Komandanın təltif olunması tariximizə hörmət nişanəsi olmaqla, ölkəmiz üçün böyük siyasi əhəmiyyət daşıyır. Kənardan kimin nə düşünəcəyinə və nə deyəcəyinə əhəmiyyət vermədən bu qərarı qəbul etməliyik.

- Amnistiya və əfvetmə haqqında qanunda nələr öz əksini tapmalıdır?

- Konstitutusiyanın 95-ci maddəsinin 19-cu bəndinə görə Milli Məclis amnistiya haqqında, 109-cu maddəsinin 22-ci bəndinə görə isə Prezident əfvetmə haqqında qərar qəbul edir. Həm Milli Məclisin, həm də Prezidentin bu səlahiyyətlərindən istifadə etməsinin ümumi qaydaları qanunla tənzimlənməlidir. Prezidentin əfvetmə ilə əlaqədar səlahiyyətləri qanunla məhdudlaşdırılmamalıdır. ABŞ-də Prezident nəinki məhkumları, hətta barəsində cinayət işi başladılmış, yaxud cinayət törətməsi ehtimal olunan, amma barəsində cinayət işi başlanılmamaış şəxsləri belə əfv edə bilər. Məsələn, Bayden 19 yanvar 2025-ci ildə verdiyi (preempive) qabaqlayıcı əfvlə 7 nəfəri əfv edib. Onlardan biri Mark Milley idi. Əfvetmə aktında deyilir, “əfv 1 yanvar 2014-cü ildən 19 yanvar 2025-ci ilədək törətmiş ola biləcəyi və onun ABŞ Ordusunun Baş Qərargah rəisi və ya Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri kimi xidməti ilə əlaqəli olan “any offenses” — yəni hər hansı federal cinayətlərə şamil edilir”.
Bizdə isə Cinayət Məcəlləsinin 82-ci maddəsinə görə yalnız məhkum olunmuş şəxslər əfv oluna bilər.
Yaxud bizdə amnistiya haqqında qərar qəbul olunarkən subyektiv mülahizələrə görə bəzən daha ağır cinayətlərə görə məsuliyyət nəzərdə tutan normalara amnistiya tətbiq olunsa da yüngül, az ağır cinayətlərə görə amnistiya tətbiq olunmur. Ona görə amnistiya və əhvetmə haqqında qanunun qəbuluna ciddi ehtiyac var.

- Qarşıdan Zəfər bayramı gəlir, yeni amnistiya aktı qəbul oluna bilərmi?

- Çox istəyərdim ki, ya amnistiya, ya da əfvetmə haqqında qərar qəbul olunsun və beynəlxalq insan hüquqları müdafiə təşkilatları tərəfindən siyasi motivlərlə tutulduğu iddia olunan şəxslər azad olunsun. Xüsusilə qızlar. Bu humanist bir addım olar. Biz bununla həm də ölkəmizə qarşı qarayaxma kamapaniyası aparanların bəhanələrini əllərindən almış olarıq. Əminəm ki, xalqımız da bunu alqışlayar və bu, milli birliyimizə xidmət edər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm