Uşaq evindən həyatın dibinə
Bizi izləyin

Digər

Uşaq evindən həyatın dibinə

Uşaq evlərinə bir ara gediş-gəliş çox idi. Reytinqi aşağı düşən müğənni bir neçə qutu konfet, bir az uşaq pal-paltarı alır, kameraları müşayiəti ilə yolunu yaxındakı uşaq evindən salırdı. Ən işıltılı libasını geyinib bir qarnı ac, bir qarnı tox uşaqların qarşısında dörd-beş mahnı oxuduqdan sonra işini bitmiş hesab edirdi.

Və yaxud məmurlar. Novruz bayramı gələn kimi icra başçıları, nazirlik nümayəndələri müğənniləri götürüb aparırdı uşaq evlərinə. Bu da olurdu kimsəsiz uşaqlara qayğı...

Uşaq evlərində ildə iki dəfə təmir aparmaq, arada onlara xalaxətrin qalmasın baş çəkmək nəyi həll edir? 18 yaşı tamam olduqdan sonra həmin uşaqlar hara gedir? Onların sonrakı taleyinə kim cavabdehdir? Bəs uşaq evində olarkən kollektivlə uşaqlar arasındakı rəftar necə olur?

İlk dəfə rejissor Həsən Əblucun 1991-ci ildə çəkdiyi "Pəncərə" filminə baxanda uşaq evlərini muhakimə eləmişdim, orda işləyənlərə içimdə elə bir kin böyütmüşdüm. Filmdə hər gün valideynlərinin yolunu gözləyən balaca Həsən özünü pəncərədən ataraq məhv edir. Köçəri haqsız yerə həbsə alınır. Nərminə isə gənc polisin caynağından özünü zorla qurtarır.

Bu, bəlkə də Azərbaycan filmləri arasında reallığı əks etdirən ən səmimi filmdir. Ekrandan tamaşaçıya güllü gülüstanlıq sırımırdı. Həmin talelər yaşanmışdı. Nərminə də, Köçəri də real insanlar idi.

Valideyn xiffətindən özünü pəncərədən atan Həsənin taleyini yaşayan çox uşaq var. Onları uşaq evinə qoyan valideyni qınamaq, ittiham etmək haqqımız deyil. Heç kim bilmir ki, ata-ana hansı məcburiyyətdən qanı qanından, canı canından olan körpəsini yad insanların ümidinə qoyub gedib.

Sirr necə açıldı

Uşaq evində böyümüş Səbinə ilə tanışlığıma onun sənəd problemləri səbəb olmuşdu. Şəxsiyyət vəsiqəsi yox idi. Heç yerdə qeydiyyatda deyildi. Özü haqda danışmağı sevməyən, ancaq deyib-gülməyi xoşlayan bu şirindil qız insanlara yaxın olduğu qədər də uzaq idi. Problemlərini çox az insanla paylaşırdı. Bəlkə bu dünyada yeganə insan idim ki, mənimlə uşaqlığı haqda danışırdı.

Ayaqyalın birini görəndə uşaq evində həmişə ayaqyalın gəzdiklərini, ancaq heç vaxt xəstələnmədiklərini deyirdi. "Yetimin canı bərk olar" deyib zarafata salırdı.

Uşaqlığı ilə bağlı sirr saxladığını, nə vaxtsa hər şeyi açıb danışacağına desə də, söhbətə başlayanda yarımçıq kəsirdi. Gözləri dolur, cavab verə bilmirdi.

Onun uşaqlıq sirrini danışması tanışlığımız kimi tam təsadüfi oldu. Uşaqlardan söhbət edirdik. Onu da deyim ki, uşaqları çox sevirdi. Ancaq heç vaxt uşaq doğmaycağını, taleyini kiməsə bəxş eləməkdən qorxduğunu deyirdi. Başına gəlmiş bir olaydan sonra ana olmaq qabiliyyətini itirdiyin söyləyəndə özü də istəmədən sirri açmalı oldu. Tükürpədici, insanı insanlıqdan iyrəndirən hadisəni danışdı. Gözləri yaşara-yaşara, kinlə, nifrətlə...

Bir gecə...

Valideynləri o, beş yaşı olanda ayrılıb. Hər ikisi ona baxmaqdan imtina edib. Körpə qızlarını uşaq evinin ümidinə qoyub, ikisi də taleyini başqa insanla bağlayıb. Bundan sonra Səbinənin uşaq evindəki həyatı başlayıb.

Deyir ki, uşaq evində tez-tez döyülürmüş. Gah müəllimlər, gah uşaqlar onu cəzalandırırmış: "Yeganə uşaq idim, yanıma heç kim gəlmirdi. Tətillərdə, bayram günlərində bəzi uşaqları evə aparırdılar. Çoxunun isə yanına qohumları, valideynləri gəlirdi.Bircə mən heç kimi gözləmirdim. Bilirdim ki, heç kimim yoxdur. Arıq, çəlimsiz qız idim. Həm də oxumağa yaman meyilli idim. Çoxu oynamağa qaçanda mən otağa girib səssiz-sədasız dərslərimi hazırlayırdım. Beləcə darıxa-darıxa günlərim keçirdi.

Yeddinci sinfi bitirirdim. Mayın sonları idi. İnternatda demək olar ki, uşaq qalmamışdı. Hamı evlərinə dağılmışdı. Dadaş adlı müəllimimiz vardı. Hamıdan çox ondan qorxurdum. Məni iki aya yaxın idi ki, qaralamışdı. Harda tutsa bir bəhanə ilə döyürdü. Özümü ondan qorumağa gücüm çatmırdı.

Həmin vahiməli gecə içəri girdi. Qapını təpiklə vurub açdığına görə bilirdim ki, məni döyməyə gəlir. Mənə elə dəhşətli gözlərlə baxırdı ki, qorxumdan titrəyirdim. Saçlarımdan tutub məni özünə çəkdi. Əlindən çıxıb qaçdım. Özünü yetirib məni yenə də tutdu. Çığır-bağırtımı heç kim eşitmədi. Bir göz qırpımında paltarlarımı parçalayıb cırdı.

Yenə əlindən çıxa bildim. Masanın üstündəki bıçağı götürüb sağ biləyimi kəsdim. Elə fikirləşirdim ki, bu hərəkətim onu saxlayar. Ancaq olmadı. Qolumdan qan axa-axa saçlarımdan tutub məni özünə çəkdi. Qanaxmadan gözlərim qaralırdı. Huşumu itirmişdim.

Gözlərimi açanda bakirəliyimi itirdiyimi anladım. Uşaq ağlım hələ bunu o qədər də dərk eləmirdi. Mən özümə gələnə qədər o, qolumu sarıyıb iyrənc əməlinin bütün izlərini itirmişdi. Özümə gələn kimi məni yenə də döyməyə başladı. Kiməsə bir kəlmə desəm məni doğrayıb dənizə tökəcəyini bildirirdi.

Onsuz da bu haqda heç kimə danışmağı fikirləşmirdim. Bu utancla yaşaya bilməyəcəkdim. Həmin gecə taleyimi həll etdi. O gündən sonra dünya ilə demək olar ki əlaqəmi kəsdim. Yemək-içməkdən kəsildim. Mənə elə gəlirdi ki, internatda hamı həmin gecədən xəbərdardı, hamı məni günahlandırır. Hamıya nifrət edirdim.

Otaqdan günlərlə bayıra çıxmır, yeməyə yaxın durmurdum. Sevda adlı bir müəlliməmiz vardı. Mənim qayğıma bircə o qalırdı. Öz evindən yemək bişirib gətirirdi. Amma heç o da məni özümə gətirə bilmirdi. Dadaş isə imkan tapan kimi məni təkrar-təkrar zorlayırdı. Məhv olurdum. Səsimi çıxara bilmirdim. Dəfələrlə özümü öldürməyə cəhd etsəm də boşa çıxırdı, alınmırdı. Allah ölümünü də məndən əsirgəyirdi sanki.

Dörd aya yaxın vaxt keçmişdi. Onun məni zorladığı ərəfədə təzəcə aybaşı olurdum. Yetkinliyimi yaşamamış qadın olmuşdum. Dörd ay sonra bildim ki, hamiləyəm. Qorxudan heç kimlə sirrimi paylaşa bilmirdim. Gücümü toplayım ona bu haqda danışmağa qərar verdim.

"Ona hamilə olduğumu dedim"

Dadaş 34 yaşında, üç uşaq atası idi. Bu xəbəri necə qarşılayacağını indidən bilirdim. Səhər tezdən pəncərədən həyətdə tək gəzişdiyini gördüm. İnternatın qabağında, daş səkilərin üstündə dayanmışdı. Yaxınlaşdım. Üzümə baxıb nə istədiyimi soruşdu.

Ona yalvarmağa başladım. Hamilə olduğumu dedim. Abort üçün pul istədim. O, güclü qolları ilə ciynimdən tutdu. Sinəsinə qədər qaldırdı. Heç nə anlamırdım. Məni var gücü ilə daş səkinin üstünə çırpdı.

Dünya gözümdə qaraldı. Gerisini xatırlamıram. Bir ay on iki gün xəstəxanda koma vəziyyətində qalmışdım. Boru ilə qidalanırdım. Orda öyrəndim ki, uşaqlığım tamamilə dağılıb. Bətnimdəki uşağı isə parça – parça internatın qabağındakı səkilərdən təmizləyiblər.

İnternatda hamı məsələdən xəbərdar olmuşdu. Dadaşın ailəsi günlərlə gəlib qabağımda ağlayıb yalvarırdı ki, şikayətçi olmayım. Hər gün polislər gəlib məni danışdırırdı. Arvadı isə düşmənçilik etsəm məni sağ qoymayacağı ilə hədələyirdi.

Bütün hədələrə baxmayaraq onu həbs etdilər. Mən isə 6 aydan sonra xəstəxanadan çıxdım. İnternatda hamı məndən danışırdı. Geri qayıtmağıma peşman idim. Sevda müəlliməyə yalvarıb anamla atamın ünvanını öyrənməyini istədim. Sevda müəllimə ünvanı tapıb mənimlə birlikdə əvvəl anamın, sonra isə atamın evinə getdik. Anam üzümə belə baxmadı. Bizi tələsik evdən qovdu ki, əri bizi görməsin.

Atam isə dedi ki, mən bu yaşda qızı böyük oğlanların olduğu evdə saxlaya bilmərəm. Söhbət mənim ata bir, ana ayrı qardaşlarımdan gedirdi. Ağlaya-ağlaya internata qayıtdım. İki gün keçməmiş daha bir şok yaşadım. Dadaş internatda idi. Onu buraxmışdılar. Geri qayıdan kimi məni təpiyinin altına salıb döydü.

Onu tutdurduğuma görə qisas alacağını deyirdi. Vəziyyətim dözülməz idi. Hər şeyimi yığışdırıb uşaqlarla görüşmədən internatdan qaçdım. Sevda müəllimə məndən sonra polisə şikayət edib Dadaşı işdən qovdurmuşdu. Dadaş qorxub Rusiyaya qaçmışdı. Evsiz-eşiksiz küçələrdə gəzirdim. İnternatda məndən dörd yaş böyük Elladanın yaşadığı evə getdim. Başqa çarəm yox idi. Onun hansı həyat sürdüyünü bildiyim halda..."

Yazının davamı olacaq

Günay Muradlı

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm