Yalnız Azərbaycanla Ermənistan masaya otursa, çox asanlıqla... - Politoloq DETALLARI AÇDI
Bizi izləyin

Qarabağ

Yalnız Azərbaycanla Ermənistan masaya otursa, çox asanlıqla... - Politoloq DETALLARI AÇDI

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın açıqlamasına əsasən, Rusiya, İran və Türkiyənin daxil olduğu Astana formatının növbəti iclasının gündəliyi hazırlanır. Növbəti iclasın gündəminə Dağlıq Qarabağ məsələsinin daxil ediləcəyi istisna deyil. Çünki region dövlətlərini hazırda nəinki Suriyada baş verənlər, Azərbaycanla Ermənistan arasında gedən müharibə narahat edir.

Görəsən, hazırda Azərbaycan-Ermənistan arasında gedən müharibə, ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi rəsmi şəkildə Astana formatında müzakirə olunacaq?

Publika.az politoloq Zərdüşt Əlizadə ilə müsahibəni olduğu təqdim kimi edir:

- Düşünmürəm, Rusiya razı olsun ki, onun inhisarında olan Qarabağ münaqişəsinə kimsə rəsmi qoşulsun. Rusiya çalışacaq ki, məsləhətləşmələr aparsın, hansısa ortaq rəylərə nail olsun, amma rəsmi şəkildə nə Türkiyəni, nə də İranı bu tənzmimləmə prosesinə qoşmaq istəməyəcək. İndi hər şey bizim ordudan da asılıdır. Biz Qarabağı tam azad etsək, vasitəçilərə nə ehtiyac var? Özümüz Ermənistanla ikilikdə oturub danışarıq, məsələni çözərik.

- İkilikdə özümüzün oturub, məsələni çözməyimiz mümkündür ki? Çünki Ermənistan siyasi rəhbərliyi heç vaxt danışıqlarla yola gəlmir.

- Ən məsləhətli yol budur. Bir var 3-4, yaxud 5-6 vasitəçi ola, onlar da hərəsi öz mənafeyini axtarır və bu mənafelərin uzlaşdırılması çox mürəkkəb bir məsələnin həllinə çevrilir. Amma iki tərəf oturanda o tərəfin də, bu tərəfin də istəyi bəllidir. Çox asan hansısa ortaq bir razılığa gəlmək mümkündür.

- Ancaq Prezident İlham Əiyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində jurnalistin “Siz hazırda cənab Paşinyanla bir masa arxasında oturmağa hazırsınız, yoxsa bunun bir mənası yoxdur” sualına cavab olaraq qeyd edib ki, “xeyr, bunun qətiyyən heç bir mənası yoxdur. Son iki il ərzində mənim onunla çoxsaylı görüşlərim olub, lakin onların hamısı tamamilə səmərəsiz və mənasız olub, ilk görüşlər istisna olmaqla. Bu halda, vasitəçilərsiz iki tərəf arasında danışıqlar necə baş tuta bilər?

- Mən düşünürəm ki, ən səmərəli yol iki ölkənin arasında münaqişənin həll edilməsidir. Danışıqlar prosesində dövlətlərin sayı artdıqca, - həmin dövlətlərin bu bölgədə maraqları var, - o maraqların təmin edilməsinə çalışacaqlar. İran, Türkiyə, Fransa, Amerika, Rusiya hərəsi öz mənafeyini təmin etməyə çalışır. Amma Azərbaycanla Ermənistanın mənafeyi gün kimi aydındır. Nəzəri baxımdan, Ermənistan bu yanlış yoldan az itkilərlə qayıtmaq istəyir. Mən demirəm ki, aralarındakı münasibət necədir. İlham Əliyev indi deyir ki, Paşinyanla danışıq mənasızdır. Çünki Paşinyanın mövqeyi bəllidir: “Qarabağ Ermənistandır” və “biz qələbə çalacağıq”. Amma ağır hərbi məğlubiyyət onun şələsini ayıra bilər. Onda onlar bir az gerçəkçi mövqeyə keçə bilərlər. O zaman bəli, biz danışa bilərik. Mən sizə deyim ki, heç bir siyasətçi ömründə “heç vaxt” sözünü demir. Yəni indiki şəraitdə İlham Əliyev Paşinyanla danışığı mənasız sayır. Amma o, daha ağılabatan bir mövqe tutsa, niyə də görüşməsin, danışmasın? Onların arasında şəxsi ədavət yoxdur ki, siyasi ədavət var. Siyasi ədavət də siyasi şərait dəyişəndən sonra hansısa bir yolla tənzimlənə bilər.

- Bu münqişədə uzun müddətdir vasitəçi rolunu oynayan ATƏT-in Minsk Qrupunun həmsədrləri imkan verərlər ki, danışıqlar ancaq Azərbaycanla Ermənistan arasında getsin?

- Məsələ ondadır ki, Minsk Qrupunun həmsdərlərinin vasitəçi kimi seçilməyində əsas amil onların öz mənafelərini qorumaq olub. Rusiyanın vasitəçi kimi mənafeyində tənzimlənən münaqişə vasitəsilə bölgəni nəzarətdə saxlamaq istəyi durur. Fransanın istəyi o olub ki, içəridəki erməni lobbisini razı salsınlar, səs qazansınlar. Həm də həmişə Yaxın Şərqdə müəyyən rol oynamış erməni xalqını müdafiə etsinlər. Amerikanın mənafeyi o olub ki, vaxtilə Sovet İttifaqının inhisarında olan bölgəyə girsin, öz iqtisadi-siyasi maraqlarını təmin etsin. Hamı artıq öz istəyinə çatıb. Bircə Rusiya artıq yavaş-yavaş o “oyunçu” rolunu itirir. O da onunla bağlıdır ki, Rusiya dövlət kimi mütamadi olaraq zəifləyir. Belə bir şəraitdə hansısa iki yeni “oyunçu”nun gəlməsi, onların özlərinin də istəyi, marağı olması bir qədər işi mürəkkəbləşdirir. Çünki onların özlərinin arasında da müəyyən ziddiyyətlər var və bu ziddiyyətləri ən zəif tərəf olan Ermənistanın və Azərbaycanın hesabına ödəməyə çalışacaqlar. Mən düşünürəm ki, indiki yəni Azərbaycan Ordusu qələbənin yarım addımlığında olduğu bir şəraitdə Ermənistan əgər oyansa və iki tərəf danışmağa otursa, kim onlara mane ola bilər? Axı, vasitəçilər hər iki tərəfin razılığı ilə təyin olunur.

- Sizin təbirinzcə desək, Ermənistanın oyanmasını, yəni razılğa gələcək bir mövqe tutacağını görürsünüz?

- Ermənistanın oyanmasını gurultulu hərbi məğlubiyyət müəyyənləşdirəcək. Amma indi Ermənistanın media məkanına baxanda onlarda belə bir fikir dolanır ki, “Qarabağ ordusu” qəhrəmancasına döyüşür, bəzi hallarda əks-hücuma keçir və ola bilsin ki, hətta 27 sentyabrdan əvvəlki bütün mövqeləri də qaytardılar”. Yəni onlarda belə bir yanlış təsəvvür var. Faşist Almaniyasında da Berlinin alnmasından əvvəl belə fikir dolanırdı ki, hansısa alman orduları gələcək, Berlini xilas edəcək. Amma əgər bizim ordu Qarabağı tam azad etsə və erməni ordusunun komandirləri, cinayətkarlar qaçıb getsələr, orada artıq yalan üçün əsas, yer qalmayacaq. Onda xalq açıq deməlidirlər ki, biz yanlış yoldaydıq, Qarabağ Azərbaycana qayıdır. İndi biz ya ədavəti davam edib, miskin bir vəziyyətdə yaşamağa davam etməliyik, ya da çalışmalıyıq ki, hanısısa bir qanunun gücü ilə ortaq razılığa gələk və bir dinc həyata başlayaq. İkisindən biridir, başqa yol yoxdur”.

Şamo Emin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm