Qarabağın iqtisadi inkişafı bu cür aparılacaq: Sənaye şəhərcikləri və aqrostrukturlar yaratmaqla...
Bizi izləyin

Qarabağ

Qarabağın iqtisadi inkişafı bu cür aparılacaq: Sənaye şəhərcikləri və aqrostrukturlar yaratmaqla...

“Hərbi komendantlıq üsul-idarəsindən sonra işğaldan azad olunmuş ərazilərdə mövcud olan ayrı-ayrı şəhərlər üzrə digər regionlar üçün mövcud variantda idarəetmədən istifadə etməkdənsə, bütövlükdə işğaldan azad olunmuş ərazilər üzrə Qarabağın vahid regional idarəetmə pilot layihəsinin həyata keçirilməsi daha məqsədəuyğundur. Ümumilikdə 850 mindən artıq əhali yaşamış 11 şəhər, 20 qəsəbə və 894 kəndin böyük əksəriyyəti tamamilə yerlə-yeksan edilib. Azərbaycanın bu qədər yaşayış məskənlərini bərpa etməsilə bağlı məsələlər təbii ki, proqramın ikinci hissəsində hər ay, hər rüb, hər il üçün ərazi, sahə və funksional xarakterli konkret tədbirlər kompleksini özündə əks etdirməlidir”.

Bu fikirləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Əli Məsimli deyib.

Onun sözlərinə görə, “Böyük Qayıdış Proqramı”nın ikinci hissəsi işğaldan azad edilmiş ərazilərimizdə yerləşən hər bir şəhər və rayonun spesifik xüsusiyyətləri və potensialını nəzərə almaqla hazırlanan alt proqramlar toplusundan ibarət olacaq: “Bura işğaldan azad olunmuş ərazilərin iqtisadi, coğrafi və tarixi baxımdan inkişaf xüsusiyyətləri, təbii şəraiti və potensialı, təbii sərvətlərinin miqyası və çeşidi, onların Ermənistan tərəfindən talan edilmə səviyyəsi, əhalinin məskunlaşma proqnozları, rayonun müqayisəli üstünlükləri və prioritetləri aiddir. Bütün bu baza xarakterli amilləri nəzərə almaqla sözügedən regionun inkişafının yeni mərhələsini dövlət, özəl sektor, beynəlxalq qurumlarla əməkdaşlığın qurulması və xarici sərmayənin birgə fəaliyyətinin effektiv kombinasiyası əsasında icra etmək olar. Sənaye şəhərcikləri, sənaye məhəllələri, modern aqrostrukturlar, eləcə də sənaye, kənd təsərrüfatı, kiçik və orta biznes və s. üzrə klasterlər yaratmaqla yüksək səviyyəyə qaldırmaq olar”.

Ə.Məsimli bildirib ki, işğaldan azad olunan ərazilərimizin çoxunun sənayesi yerli kənd təsərrüfatı xammalının emalına əsaslanıb və bu baxımdan regionun yeraltı və yerüstü təbii sərvətləri yenidən öyrəniləcək: “O ərazilər qızıl, civə, mis, qurğuşun, sink, üzlük daşı və s. ilə zəngindir. Xarici şirkətlərin də iştirakı ilə erməni işğalçıları tərəfindən bu yataqlar istismar edilib. İşğaldan azad olunacaq ərazilərdəki, o cümlədən Kəlbəcər rayonundakı mövcud yataqların ehtiyatları yenidən öyrəniləcək və qiymətləndirmə həyata keçiriləcək. Bu baxımdan Qarabağda dağ-mədən sənayesinin inkişaf potensialı böyükdür. Bu qəbildən olan bütün ərazilərin ehtiyatları yenidən öyrənildikdən və qiymətləndirildikdən sonra işğaldan azad olunmuş ərazilərin investisiya xəritəsinin hazırlanması zəruridir.Yuxarı Qarabağ iqtisadi rayonunda kənd təsərrüfatı mühüm yer tutub. Başlıca sahələr üzümçülük, taxılçılıq, meyvəçilik və s. olub. Bu iqtisadi rayonda heyvandarlıq əsasən ətlik-südlük, yüksək dağlıq sahələrdə isə ətlik-yunluq istiqamətlərində inkişaf etmişdi. Eyni zamanda, orada baramaçılıq və arıçılıq inkişaf etdirilirdi. Birinci Qarabağ müharibəsi zamanı 1 milyon hektara yaxın məhsuldar torpaqlar, onun mühüm tərkib hissəsi olan xeyli əkin sahələri, 1200 km irriqasiya sistemi işğalçıların əlinə keçmişdi, 220 min baş iribuynuzlu mal-qara aparılmışdı. Qarabağ müharibəsinə qədər Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının 35-40 faizə qədəri işğal edilmiş və normal təsərrüfat fəaliyyətinin aparılması mümkün olmayan işğal zonalarına yaxın ərazilərdə istehsal olunub. Ermənistan işğal altında saxladığı ərazilərin çox cüzi hissəsindən istifadə edib. Deməli, həmin torpaqların xeyli hissəsini kənd təsərrüfatı dövriyyəsinə qatmaq üçün əlavə vəsait tələb olunacaq”.

Deputat əlavə edib ki, həmin ərazilərin ənənəvi təsərrüfatçılıq təcrübəsindən çıxış etməklə işğaldan azad olunan torpaqlarda üzümçülük, tütünçülük, pambıqçılıq, baramaçılıq, meyvə-tərəvəz, bostançılıq və heyvandarlığın inkişafı üçün yetərincə imkanlar mövcuddur: “Burada kənd təsərrüfatı məhsullarının emalı və ərzaq sənayesini inkişaf etdirməkdən ötrü də həm potensial, həm də ənənə var. Aqrar sahənin inkişafında fermer təsərrüfatlarının, kooperativlərin və aqroparkların, eləcə də kənd təsərrüfatı məhsullarının emalından son məhsul alınanadək bütün mərhələləri əhatə edəh klasterlərin yaradılmasına üstünlük verilməsi daha məqsədəuyğundur. Aqrar-sənaye kompleksi müəssisələri, fermer təsərrüfatları dövlətin maliyyə yardımı ilə təmin edilməli və kənd təsərrüfatında bazar prinsiplərinə əsaslanan sığorta sistemi təşkil edilməlidir. Gənclərə uyğun iş yerlərinin yaradılması, onların sahibkarlıq fəaliyyəti ilə məşğul olmasının hərtərəfli təşviqləndirilməsinin işlək mexanizmi hazırlanmalı və tətbiq edilməlidir. Gənclərin sahibkarlıq fəaliyyəti və əmək məşğulluğu ilə bağlı genişmiqyaslı özünüməşğulluq layihələrinin həyata keçirilməsini və bu işdə müvafiq beynəlxalq təşkilatların dəstəyindən, eləcə də beynəlxalq əməkdaşlığın genişləndirilməsi, onların beynəlxalq proqramlarda, layihələrdə iştirakının təmin olunması vacibdir. Məskunlaşma genişləndikcə hazırda həyata keçirilməyə başlanılan infrastruktur xarakterli tədbirlər, yəni su, işıq, istilik və s. təchizat sahələrində atılan addımlar həmin yerlərdə bağça, orta təhsil, texniki peşə, orta ixtisas və ali məktəblərinin, eləcə də səhiyyə və digər sosial obyektlərin yaradılması və maddi-texniki təchizatı ilə bağlı tədbirlərlə tamamlanacaq”.

Ə.Məsimli vurğulayıb ki, bu bölgələrin turizmdə rolu əvəzsiz ola bilər: “Kurort-sanatoriya və turizmin inkişafına dair xüsusi tədbirlərin hazırlanması və həyata keçirilməsi, o cümlədən dağ turizminin inkişafına dair kompleks tədbirlərin həyata keçirilməsi işğaldan azad edilmiş ərazilərin sıçrayışlı inkişafına əvəzsiz töhfə verə bilər. Xüsusilə dağlıq ərazilərdə qış turizminin inkişafı üçün təbii şərait mövcuddur. Həmçinin, işğaldan azad edilmiş regionun ənənəvi və turizmlə bağlı sənətkarlıq sahələrinin bərpası və inkişafına dövlət maliyyə yardımının göstərilməsi yeni iş yerlərinin dairəsinin genişləndirilməsində, eləcə də turizmin inkişafında özünəməxsus vacib rol oynaya bilər. Bundan başqa, zəngin su ehtiyatları, xüsusən də Kəlbəcər və Laçın rayonlarında şirin su ehtiyatları əsasında süfrə suları emalının və qablaşdırılmasının dəstəklənməsi layihəsi həm yerli bazar, həm də ixracda böyük fayda verə bilər. Sadalanan tədbirlərin vaxtında, sistemli və davamlı şəkildə həyata keçirilməsi həm Azərbaycanın gücünə güc qatacaq, həm də nüfuzunun artmasına, əhalinin güzəranının yaxşılaşmasına müsbət təsir göstərəcək”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm