Rufiz Qonaqov: Azərbaycan və Türkiyə liderləri dünyaya mesaj verdilər ki...
Bizi izləyin

Qarabağ

Rufiz Qonaqov: Azərbaycan və Türkiyə liderləri dünyaya mesaj verdilər ki...

Türkiyə ilə Azərbaycan dostluğu əbədi və sarsılmazdır. 10 dekabrda baş tutan Zəfər paradından sonra hər iki ölkənin prezidentləri arasında bir neçə mühüm istiqamətdə sazişlər imzalandı. Çox sevindirici bir haldır ki, artıq iki ölkə arasında vizasız gediş-gəliş tətbiq olunur.

Publika.az xəbər verir ki, bu sözləri açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov deyib.

Ekspert bildirib ki, Türkiyə hər zaman Azərbaycanın yanında olan qardaş ölkədir:

“Biz həmişə arzulamışıq ki, bu iki qardaş ölkənin vətəndaşları hər iki ölkəyə qarşılıqlı şəkildə səfərlər etsinlər, heç bir məhdudiyyət olmasın, istənilən vətəndaşın Azərbaycan və Türkiyəyə getmək imkanları olsun. Dünən imzalanan sazişlər bu arzunu reallaşdırdı. Öz ölkəmizdə şəxsiyyət vəsiqəsi ilə sərbəst hərəkət etdiyimiz kimi, Türkiyədə də ikinci vətənimiz kimi sərbəst hərəkət edə biləcəyik. O cümlədən Azərbaycan da Türkiyə vətəndaşlarının ikinci ölkəsi sayıla bilər. Azərbaycanın da ürəyi hər zaman Türkiyə ilə döyünüb. 44 günlük müharibə də onu göstərdi ki, Azərbaycanın ən yaxın dostu Türkiyədir. Türkiyənin müasir silahları ərazi bütövlüyümüzün təmin olunmasında çox böyük rol oynadı”.

R.Qonaqov Azərbaycan və Türkiyə prezidentlərinin Şuşaya birlikdə səfər edəcəyini xüsusi vurğulayıb:

“Dağlıq Qarabağda artıq münaqişə başa çatıb. İndi infrastrukturun qurulması prosesi gedir. İşğaldan azad olunmuş əksər rayonlarımızda erməni vəhşiliyi nəticəsində baş verən dağıntılar o qədər yüksəkdir ki, Füzulidə bayraq sancmağa bir belə bina tapılmamışdı. Qarşıda görüləcək ilər çoxdur. Kənd və şəhərlərimiz qısa müddətdə Azərbaycan və Türkiyə şirkətlərinin birgə iştirakı ilə bərpa olunacaq. İlham Əliyev digər dost ölkələri də bu prosesə cəlb edəcəyini söyləmişdi.

Dünənki görüşdə bölgədə yeni bir konfiqurasiyanın yaranması və bölgə dövlətlərinin birgə altılığı yaranması istiqamətində addım atıldı. Rusiya, İran, Gürcüstan və əgər iddialarından əl çəkərsə, Ermənistanın da daxil edilməsi məsələsi də səsləndirildi.

Həm cənab Əliyev, həm də cənab Ərdoğan bu gün regionun güclü liderləridir eyni zamanda dünyada da nüfuz sahibləridir. Ümumiyyətlə, dünyada hər hansı problemin həlli Türkiyəsiz mümkün deyil. Azərbaycan və Türkiyə liderləri dünyaya mesaj verdilər ki, bizimlə hesanlaşmalısınız. Odur ki, işğalçı Ermənistan da bu iki güclə hesablaşmaq məcburiyyətindədir. Bu mənada vizasız gediş-gəliş, eyni zamanda şəxsiyyət vəsiqəsi ilə sərbəst hərəkətin mümkün olması Türkiyə və Azərbaycanın daha da birləşməsinə və yaxınlaşmasına təsir gpstərəcək. Hesab edirəm ki, bundan sonra biz dünyadakı problemləri də bir millət olaraq həll edəcəyik”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm