Qarabağ
Tankı ilə düşmənin müdafiə xəttini yaran igidimiz - FOTO
Vətən müharibəsində idarə etdiyi tankla düşmənin müdafiə xəttini yararaq onların mövqelərini darmadağın edən cəsur zabitlərimizdən biri də şəhid mayor Amid Heydərovdur.
Publika.az xəbər verir ki, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanov məktəbinin davamçısı kimi, bu peşəyə dərindən yiyələnən Amid Heydərov döyüş meydanında göstərdiyi qəhrəmanlıq nümunəsinə görə ölümündən sonra Ali Baş Komandanın Sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.
Amid Rəbbil oğlu Heydərov 1988-ci ildə Lerik rayonunda dünyaya göz açıb. Uşaqlıqdan özünə Həzi Aslanovu örnək seçən Amidin böyüyəndə general olmaq arzusu onu Cəmşid Naxçıvanski adına Hərbi Məktəbə gətirib çıxarır. Daha sonra təhsilini Heydər Əliyev adına Ali Hərbi məktəbində davam etdirir, hərb sənətinin sirlərinə mükəmməl yiyələnərək tankçı olmaq arzusunu reallaşdırır.
Atası Rəbbil Heydərov deyir ki, Amid Aprel döyüşlərində Lələtəpəyə çıxan ilk tankçı olub. 32 yaşında hərbi hissə komandiri olan Amid Heydərov Vətən müharibəsində də hücum əmri veriləndə tankı ilə birgə düşmənin müdafiə xəttini yaran ilk cəsur döyüşçülərimizdən biri olur. Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəman mayor öz heyəti ilə yüksəkləri atəşə tutaraq düşmənə göz açmağa imkan vermir. Son mərmisi və son nəfəsinədək döyüşən Amid sentyabrın 28-də qəhrəmancasına şəhid olur.
“Onun tankı vurulmuşdu. Yaralıları tankdan çıxarmaq istəsə də, ermənilər imkan vermirdi. İkinci tankla təkbaşına düşmən üzərinə gedir, mərmilərinin hamısını düşmənin postuna tuşlayır. Nəhayət düşməni susdurur. Mərmisi qurtardığı üçün geri qayıdanda, onun tankı yenidən hədəf alınır. Oğlum tankın içində qəhrəmancasına şəhid olur”, - deyə Rəbbil kişi söyləyir.
Şəhid anası Şükufə Heydərova deyir ki, oğlunun intiqamı düşməndən alındı, Şuşaya bayrağımızın taxılması ilə Amidin ruhu şad oldu: “Hər gün onun otağına girirəm, şəkilləri və paltarları ilə danışıram. Çox çətindir, onun yoxluğu ilə barışa bilmirəm. Amid çox mərd uşaq idi. Oğlum iki dəfə müharibədə iştirak etdi. Lələtəpənin yüksəkliyini alanda birinci tankı ora özü çıxardı. Vətən müharibəsində də tankın üstünə yazmışdı ki, “Şuşa son mənzilimiz”. Çox təəssüf ki, ora çata bilmədi, qəhrəmancasına şəhid oldu”.
Amidin özündən sonra Vətənə, ailəsinə əmanət qoyduğu 2 övladı yadigar qalıb. Onlar da ataları kimi vətənpərvər ruhda böyüyür.
Şəhidin həyat yoldaşı Nuranə Heydərova deyir: “Səkkiz ildir ailə həyatı qurmuşduq. Hərbçi olmaq şərəfdir, lakin bir o qədər də çətindir. Amidin yoxluğundan 3 ay keçməsinə baxmayaraq, hələ də onu itirdiyimə inana bilmirəm, yumşaq ürəyi vardı, mehriban insan idi. Ali Baş Komandan çox sağ olsun yoldaşıma “Vətən Müharibəsi Qəhrəmanı” adını verdi. Ardınca “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olundu”.
Qardaşı Asim isə bildirir ki, Amid ona qardaşdan da artıq, dost, sirdaş və arxa idi. “Bu həyatda mən qardaş yox, bir dost itirmişəm. Həmişə danışanda deyirdi ki, inşallah, az qalıb, torpaqlarımız tam azad olunacaq. Ən böyük arzusu general olmaq idi. Bir də Lələtəpəyə çıxdığı kimi, Şuşaya da ilk gedən tankçı olmaq arzusunda idi. Qismət olmadı, amma yoldaşları onun arzusunu yerinə yetirdilər. Qardaşımın qanını yerdə qoymadılar, Qarabağımız işğaldan azad olundu”, - deyə Asim qeyd edir.
-
MDB09:12
Rusiya paytaxtı vurdu: qurbanlar var
-
Magazin108:12
Xalq artistinin cavanlıq sirri
-
Səhiyyə08:00
Xərçənglə bağlı DƏHŞƏTLİ FAKTLAR
-
Gözəllik07:47
Qırışlara qarşı 8 əsas məhsul - Dəri gəncliyinin SİRRİ AÇILDI
-
Sosial07:17
Bu gün qar yağacaq - PROQNOZ
-
Magazin204:44
Türkiyəli milyarderin aktrisa gəlini dar libasda pozalar verdi - FOTO/VİDEO
-
İdman03:43
Qvardiola özünü cırmaqladı - FOTO
-
Magazin103:13
“Məni döyən hələ anasından olmayıb” - Aygünlə Yaşar efirdə dalaşdılar / VİDEO