Şuşa Qafqazın mədəniyyət paytaxtına çevriləcək - Politoloq
Bizi izləyin

Qarabağ

Şuşa Qafqazın mədəniyyət paytaxtına çevriləcək - Politoloq

“Noyabrın 8-i Azərbaycanın qədim şəhəri, Qarabağın incisi hesab edilən Şuşa şəhərinin düşməndən azad edilməsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin də haqlı olaraq böyük qürurla qeyd etdiyi kimi, Şuşanın işğaldan azad edilməsi böyük qəhrəmanlıq, peşəkarlıq, milli ruh tələb edirdi. Azərbaycan hərbçiləri bütün bu ülvi xüsusiyyətləri nümayiş etdirdi. Qəhrəman əsgərlərimiz dağlardan, meşələrdən, dərələrdən keçərək, onlarla kilometr məsafəni canı-qanı hesabına qət edərək Şuşanı işğalçılardan azad etdi”.

Bu sözləri Publika.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi çərçivəsində Şuşanın işğaldan azad edilməsi düşmənə vurulan ən böyük zərbə idi: “Heç kəsə sirr deyil ki, bu gün Şuşa əməliyyatı haqqında aparıcı beynəlxalq hərbi məktəblər maraqlanır. Mənfur düşmən hesab edirdi ki, Şuşanı azad etmək mümkün deyil və yəqin ki, müəyyən dərəcədə haqlı idi. Çünki Pənahəli xan bu şəhəri elə salmışdı ki, hər tərəfdən sıldırım qayalar və təbii landşaft Şuşanı mühafizə edir. Lakin bütün bu çətinliklərə baxmayaraq, “alınmaz qala” hesab edilən Şuşa alındı. İgid Azərbaycan övladları mükəmməl hərbi əməliyyat keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək Vətən sevgisi ilə Şuşanı işğalçılardan azad etdilər”.

Şəbnəm Həsənova qeyd edib ki, işğaldan azad edilmiş ərazilər üzrə Prezidentin xüsusi nümayəndəsinin ilk olaraq Şuşaya təyin edilməsi mühüm əhəmiyyət kəsb edən məsələdir: “Çünki cənab Prezidentin də qeyd etdiyi kimi, heç kim bu torpaqları bizə elə-belə verməyib, biz əzəli torpalarımızı əhəmiyyətsiz danışıqlarla yox, döyüşə-döyüşə aldıq. “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” deyən Heydər Əliyevin bu arzusunu cənab Prezident İlham Əliyev “Şuşasız işimiz yarımçıq qalar” deyərək sona qədər getməklə reallaşdırdı. Şuşanı əsil sahibinə - Azərbaycan xalqına geri qaytardı”.

Politoloq bildirib ki, ümummilli lider Heydər Əliyev, Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva Şuşaya hər zaman xüsusi münasibət göstəriblər: “Elə bunun əyani sübutudur ki, Şuşada səfərdə olarkən cənab Prezident bildirdi ki, heç oranı tərk etmək istəmir. Çünki torpaq onun əzəli sahibini özünə çəkir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığına müvafiq olaraq Qarabağ ərazisində Azərbaycan xalqının milli sərvəti olan dini abidələrin, məscidlərin bərpası üzrə layihəyə başlanılıb. Layihəyə yerli və xarici mütəxəssislər cəlb edilib. Bundan sonra orada Vaqif poeziya günləri bərpa ediləcək və bu il də “Xarı bülbül” festivalı keçiriləcək. Şuşa nəinki Azərbaycanın, eləcə də Qafqazın mədəniyyət paytaxtı kimi mühüm mərkəzə çevriləcək”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm