Füzuli aeroportunda əsas işlər bu tarixdə başa çatacaq
Bizi izləyin

Qarabağ

Füzuli aeroportunda əsas işlər bu tarixdə başa çatacaq

Ali Baş Komandan, Prezident İlham Əliyev işğaldan azad olunan ərazilərin bərpası ilə bağlı bir sıra layihələrin icrasına tapşırıq verib. Bu layihələr sırasında Füzuli rayonu ərazisində "Füzuli Beynəlxalq Hava Limanının tikintisi" layihəsi üzrə tikinti işləri yerinə yetiriləcək. Həmçinin, burada bölgəyə turizm marşrutlarının işlənib hazırlanması da yer alıb.

Publika.az xəbər verir ki, bu sözləri Füzulidə tikintisinə başlanan yeni beynəlxalq hava limanının inşası prosesindən danışan AZAL-ın vitse-prezidenti Etibar Hüseynov deyib.

O, layihələndirmənin tərkibinə daxil olan obyektləri də açıqlayıb: "Burada aerovağzal (terminal) binası, uzunluğu 3000, eni isə 45 metr ölçüdə asfalt-beton örtüklü uçuş-enmə zolağı yer alacaq. Həmçinin perron, yönəldici yol, uçuş-enmə zolağının işıq-siqnal sistemlərinin, aeronaviqasiya və meteoroloji avadanlıqların quraşdırılması və transformator da bura daxildir. Yarımstansiyaların tikintisi isə 1 ədəd 2x1000 kVt gücündə və 2 ədəd 2x400 kVt gücündə olmaqla aparılacaq. Köməkçi binalar, qurğular və xarici mühəndis kommunikasiyalarının inşası, yeni elektrik, qaz, su və rabitə də tikiləcək hava limanına daxildir".

E.Hüseynov qeyd edib ki, hazırda hava limanının aerodrom ərazisinin 100 min kvadratmetr sahəsinin minalardan təmizlənməsi ilə bağlı xarici ölkələrdən dəvət olunmuş mütəxəssislər tərəfindən tədbirlər həyata keçirilir: "Ərazinin minalardan təmizlənməsinin sürətləndirilməsi üçün İngiltərə istehsalı olan, ərazini minalardan zərərsizləşdirən unikal "Aardvark" modelli mexanizm alınaraq əraziyə gətirilib və hazırda burada çalışır".

AZAL vitse-prezidentinin sözlərinə görə, ilk növbədə Füzuli Beynəlxalq Hava Limanında uzunluğu 2800 m, eni 45 m olan asfalt-beton örtüklü uçuş-enmə zolağının tikintisinə peşəkarlığı ilə seçilən və müasir texniki bazaya malik olan "AzVirt" MMC şirkəti tərəfindən başlanılıb: "Layihəyə əsasən ümumilikdə 238 000 kvadratmetr sahədə asfalt-beton örtüklü uçuş-enmə zolağı, yönəldici yol və perronun tikintisi planlaşdırılır. Hazırda minalardan təmizlənən ərazilərdə uçuş-enmə zolağının özülünün hazırlanması üçün torpaq yatağının çıxarılması işləri həyata keçirilir. Uçuş-enmə zolağının işıq-siqnal sistemləri, eləcə də radionaviqasiya və meteoroloji avadanlıqlar ilə təchiz edilməsi üçün xarici şirkətlərlə müqavilələr bağlanıb".

Etibar Hüseynov əlavə edib ki, bu avadanlıqlar 2021-ci ilin sonunadək Azərbaycana gətirilərək Füzuli hava limanında quraşdırılacaq: "Layihəyə əsasən Füzuli 110/35/10 kVt-luq yarımstansiyasından 6 km 10 kVt-luq xarici elektrik xəttinin, 4 km 10 kVt-luq daxili elektrik xəttinin, işıq-siqnal sisteminin quraşdırılması üçün 130 km elektrik kabel xətlərinin və digər xarici və daxili mühəndisi şəbəkənin çəkilməsi planlaşdırılır. Ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən uçuş-enmə zolağının istismara verilməsi ilin sonunadək həyata keçiriləcək. Əlavə olaraq, Kəlbəcər və ya Laçın rayonu ərazisində hava limanının tikintisi məqsədilə yerin müəyyən olunması ilə bağlı araşdırmalar aparılır və cari ilin aprel ayının sonunadək müəyyən olunacaq".

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm