Bu, bölgənin inkişafına xüsusi töhfə verəcək - ŞƏRH
Bizi izləyin

Qarabağ

Bu, bölgənin inkişafına xüsusi töhfə verəcək - ŞƏRH

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dünən Füzuli rayonunda həyata keçirilən infrastruktur layihələrinin icrası ilə tanış olublar. Ölkə rəhbəri Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Daşaltı kəndinin ərazisindən keçən hissəsində inşa olunacaq tunelin təməlini də qoyub.

Publika.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov qeyd edib.

Deputat bildirib ki, Füzuli şəhəri və rayonun ərazisinin əhəmiyyətli hissəsinin 27 il işğal altında qalması rayon iqtisadiyyatına təsirsiz ötüşməyib: "1993-cü ilədək ölkə iqtisadiyyatına və xüsusən də kənd təsərrüfatına töhfələr verən Füzuli rayon ərazisinin əhəmiyyətli hissəsinin işğal altında qalması nəticəsində uzun müddət öz potensialından tam istifadə edə bilməyib. Həmin dövrdə rayonda illik məhsul istehsalı 138 milyon 652 min manat olub ki, bu da 27 illik işğal nəticəsində rayon potensialının əhəmiyyətli hissəsinin istifadə edilə bilmədiyindən xəbər verir. Füzuli rayonu artıq bərpa olunur. Formalaşan infrastruktur yalnız Füzuli rayonu deyil, bütövlükdə bölgə üçün xüsusi əhəmiyyət daşıyır. 110/35/10 kilovoltluq Füzuli yarımstansiyası rayonun enerji təminatında xüsusi paya malik olacaq".

V.Bayramovun sözlərinə görə, inşa edilən yeni hava limanının və Şuşa yolunun yaxınlığında yerləşən bu yarımstansiya liman da daxil olmaqla, Füzuli şəhəri və ətraf kəndlərdə inşa ediləcək bütün infrastrukturu elektrik enerjisi ilə təchiz edəcək: "Füzuli hava limanı isə uzunluğu 3 km, eni 60 metr olan uçuş enmə zolağı, 60 min kvatratmetrlik 8 hava gəmisinin dayanması üçün sahə, sərnişlərə xidmət göstərək terminal, hava gəmilərinin idarəedilməsi üçün qüllə, transformator yarımstansiyası, qazanxana, su anbarı və başqa köməkçi tikililərdən ibarət olacaq. Hava limanı 1 saatda 200 sərnişinə xidmət edə biləcək. Füzuli hava limanı işğaldan azad edilmiş ərazilərimizə xarici turistlərin gəlməsi baxımından olduqca faydalıdır və yeni imkanlar yaradacaq. Eyni zamanda hava limanı yükdaşımalar, xüsusən də beynəlxalq yükdaşımalar üçün vacib əhəmiyyət kəsb edir. İşğaldan azad edilmiş ərazilərimizin sənaye potensialını nəzərə alsaq, Füzulidə açılacaq hava limanı həm də həmin ərazilərdə istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxımından vacibdir".

Millət vəkili əlavə edib ki, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Daşaltı kəndinin ərazisindən keçən hissəsində inşa olunacaq tunelin təməlinin qoyulması Zəfər yolunun daha intensiv şəkildə inşaatından xəbər verir: "Bütövlükdə, bu gün Füzuli rayonunda formalaşdırılan infrastruktur bölgənin inkişafına xüsusi töhfə verəcək. Bu, həmçinin məcburi köçkünlərin öz ata-baba yurdlarına daha tez qayıda biləcəyi anlamına da gəlir".

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm