Bu dünyaya bir də gəl, Cənab GENERAL! - Polad Həşimovun bacısı DANIŞIR
Bizi izləyin

Qarabağ

Bu dünyaya bir də gəl, Cənab GENERAL! - Polad Həşimovun bacısı DANIŞIR

12 İyul Azərbaycanda yeni tarixin yazılmasının başlanğıcıdır. Tovuz döyüşlərinin başlamasını əvvəlcə atəşkəsin pozulması kimi qəbul etmişdik. Amma atəşkəs hər zamankından daha uzun davam etdiyini biləndə bizi daha çox həyəcan və qorxu bürüməyə başladı. Ayın 14-də qardaşımın şəhid olması ilə Tovuz hadisələri bitdi. Və beləliklə Tovuz döyüşlərinin bitməsi ilə Azərbaycan tarixində yeni bir səhifə açıldı. Bu, həm də xalqın milli oyanışı və birliyi demək idi. Bir tərəfdən çox ağrılı və acılı bir hadisə idi, digər tərəfdən xalqımızın qəhrəmanlıq tarixinin parlaq səhifələrindən biri oldu. 30 il dondurulmuş kimi görünən Qarabağ problemi yenidən canlandı.

Publika.az xəbər verir ki, bu sözləri Tovuz istiqamətində gedən döyüşlərində həlak olmuş general-mayor, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun bacısı Kamalə Həşimova deyib.

Kəmalə xanım bildirib ki, ağrımız böyük olsa da, 12 İyul tarixdə və yaddaşlarda şübhəsiz ki, itirilmiş qürurumuzun qaytarılması uğrunda atılan ilk addım kimi qalacaq:

“Mən qardaşımı, Azərbaycan ordusu isə elə bir generalını itirib ki, onun yeri dolmayacaq. Polad Həşimovu hər kəs səngər generalı kimi xatırlayır. Elə bir hərbi lider ordudan getdi ki, onun yeri bu gün də görünür. Müharibədə nələr edə biləcəyini təsəvvürümüzə gətirəndə insanın tükləri biz-biz olur. Bu ağrının yükünü ancaq şəhid vermiş ailələr bilər”.

K.Həşimova bildirib ki, cənab general xidmətdə olduğu 28 il ərzində ailəsi hər gün qorxu hissi keçirib:

“Bilirdik ki, hərbiçini hər an təhlükə gözləyə bilər. Amma Poladın şəhidliyi ölkədəki vəziyyəti, Azərbaycan siyasətinin gedişatını tamamilə dəyişdi. Azərbaycanda inanılmaz bir dönüş oldu, xalq Qarabağın azadlığı uğrunda küçələrə axışdı, müharibə tələb etdi, minlərlə kişilərimiz səfərbərliyə yazıldı. Bu çağırışlar bir gecənin içində insanlarda milli vətənpərvərlik ruhunu oyatdı. Çəkilən kadrlar bunun sübutudur. Əsgərləri Poladın varı və dövləti idi. Bütün gücünü Azərbaycan Ordusunda layiqli əsgərlər yetişdirilməsinə sərf edirdi. Əsgərləri onu həmişə böyük sevgi və sayğı hissiylə yad edir. 44 günlük müharibədə əsgərləri Poladın qisasını alaraq öz sözünü dedilər və nəyə qadir olduqlarını göstərdilər. Sağ olsunlar, onlara təşəkkür edirəm. Şəhidlərimizə də Allahdan rəhmət diləyirəm.

Polad əslində çox sadə insan, həyatı boyu etdiklərini kiminsə yanında danışmazdı, sakitcə öz işi ilə məşğul idi. Bu da Vətəninə olan sevgi və sədaqətindən irəli gəlirdi. Həm insan, həm də hərbçi kimi yüksək keyfiyyətlərə malik idi. Poladın özünə inamı güclü idi, öz sədaqətinə və iradəsinə güvənirdi. Ona görə də bu yolda inamla irəliləyirdi. Təbii ki, yorulurdu, bütün çətinliklərə baxmayaraq, işinə davam edirdi. Çünki işini və Vətənini sevirdi. Bilirdi ki, torpaqlarımız geri qaytarılacaq. Bu illər ərzində inamını itirməmişdi. Torpaqlarımızın geri qayıtmasını xülya hesab edən insanlar bu gün Qarabağı azad görür”.

General bacısı vurğuladı ki, 44 günlük müharibə boyunca qəhrəman qardaşı röyalarına qonaq gəlib:

“İki-üç gündən bir yuxularıma gəlirdi, qayğılı və düşüncəli görünürdü. Bəzən ağlayırdı, bəzən gülürdü. Onun ruhu cəbhədə baş verən bütün hadisələri hiss edirdi. Bilirəm ki, ona hər şey əyan idi. Əgər məni eşitmək şansı olsaydı, ona deyərdim ki, sən bu dünyaya bir də gəl! Hamımız onun üçün çox darıxırıq...”

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm