Qarabağ
Hüquq müdafiəçisi ümid verdi: itkin düşənlərin anaları gözləsin...
“Birinci və İkinci Qarabağ müharibələrində oğullarımız, qızlarımız əsir olub. Bu günə qədər onların taleyindən bir xəbər yoxdur. Birinci və ikinci Qarabağ müharibəsində itkin düşən vətəndaşlarımızın taleyilə bağlı dövlətimiz artıq kifayət qədər işlər görüb. Mən belə fikirləşirəm. Azad olunan ərazilərimizdə, torpaqlarımızda nə qədər məzarlıqlar tapılıb. Həmin məzarlıqlarda indi araşdırmalar, müəyyənləşdirmələr aparılır. Yəni, bu iş davam edir”.
Bunu Publika.az-a açıqlamasında hüquq müdafiəçisi Səidə Qocamanlı 30 avqust Beynəlxalq İtkinlər Günü ilə bağlı danışarkən deyib.
Hüquq müdafiəçisi bildirib ki, qohumlarının yolunu gözləyənlər ümidlərini itirməsinlər: “Mən bircə onu deyə bilərəm ki, hələ də qapılarına qıfıl vurmayıb balalarını gözləyən analar var, həmin analar gözləməyə davam etsinlər, ümidlərini itirməsinlər. Yenə də gözləsinlər. Arzu edərdim ki, haradansa xoş xəbər eşidək. İtkin düşənlərimizin səsi, sədası gəlsin. Əminəm ki, dövlətimiz öz gücündən istifadə edərək itkin düşənlərin sonrakı taleyi ilə bağlı məlumatları bir siyahıya salacaq və saytda yerləşdirəcək. Dövlətimizin gücünə əminəm və inanıram ki, itkin düşən hər bir insanımızın sonrakı taleyi ilə bağlı məlumat əldə edə biləcəyik. Əgər onlardan – itkin düşənlərdən şəhid olanları varsa, biz onların qarşısında baş əyəcəyik”.
Səidə Qocamanlının fikrincə, əsir və girov götürülmüş şəxslərin taleyi ilə bağlı məlumatlar əldə etmək üçün Ermənistana təzyiqlər artırılmalıdır:
“Beynəlxalq hüquq normaları da buna imkan verir. Siz Bosniyada baş verənləri – Srebrenitsanı yadınıza salın. Orada 8 mindən yuxarı kişini – azyaşlı uşaqdan qocalara qədər hər kəsi qırmışdılar. Xeyli sayda itkin var idi. Toplu məzarlıqlarda dəfn olunmuşdular. İtkinlərin bir çoxlarının kimliyi və sonrakı taleyi dəqiqləşdirildi. Onların təcrübəsini biz də öyrənməliyik. Mən istərdim ki, Srebrenitsadakı kimi itkinlərimizin, dünyasını dəyişmiş girovlarımızın cəsədləri eyni məzarlıqda dəfn edilsin. Orada memorial kompleks ucaldılsın və biz başımıza gətirilən faciələri bütün dünyaya təqdim edə bilək. Təbii ki, bu mənim fikrimdir. Son qərarı dövlətimiz verəcək. Bizdə də belə bir yer olsun. Biz dünyaya göstərək ki, erməni vəhşiliyinin miqyası nə boydadır. Başa düşürəm, hər ailə istəyir ki, əzizini öz kəndində, şəhərində, vilayətində torpağa versin. Amma bir də var ki, onların hamısını eyni məzarlıqda dəfn edək və bütün bu işləri geniş miqyasda görək. Həmin məzarıstana gələn beynəlxalq təşkilatların nümayəndələri, bu gün Azərbaycana qarşı xoşagəlməz hərəkətlər edən hökumətlərin təmsilçiləri gəlib görsünlər ki, erməni vəhşiliyinin miqyası nə boydadır. Görsünlər ki, ermənilər 30 ildə hansı soyqırımlara imza atıblar”.
Hüquq müdafiəçisi son yüz illik tariximizə ekskursiya edərək bildirib ki, bu gün həm şad günümüzdür, həm də kədərli anlar yaşayırıq:
“Şad günümüzdür – çünki Şuşamızda bu gün çox gözəl işlərə imza atılır. Artıq Şuşamızda bizim addım səslərimiz eşidilir. Digər tərəfdən, bu gün çox acı gündür. İtkin və girov götürülmüş vətəndaşlarımızın taleyindən bir xəbər yoxdur. Azərbaycan həmişə xoş günlərində də müəyyən acılar çəkib. 1918-20-ci illərdə cümhuriyyət qurduq, amma bizə qarşı soyqırımı törətdilər. Nə qədər ölənlər, itkinlər oldu. 1937-ci ilin acıları, o dövrdə güllələnənlər, sürgün edilənlərin naməlum taleləri bizi həmişə narahat edib. Sovet dönəmində azad düşüncəli insanlarımızın itkilərinin acısını yaşadıq. Eyni zamanda, bu mərhələ sonra da davam etdi. Yaxşı yadımdadır ki, biz hər il Nargin adasına gəmi ilə səyahət edirdik. 1937-ci il represiyasında itkin düşənlərin xatirəsini həmin yerdə çiçəklərlə, güllərlə yad edərdik. Dənizə çələnglər tökərdik”.
Tural Turan
-
İdman14:43
Ronaldonun qızının FOTOLARI: Corcina paylaşdı
-
Nida Xəbər 14:06
Ərdoğanın baş müşavirindən Bakıda şok sözlər: "Şam, Hələb vilayətimiz olub..."
-
Qırmızı.az12:10
Millət vəkilindən Messinin səfərinə reaksiya: Futbolu diletantların cəngindən xilas edib...
-
Dünya12:03
ABŞ-ın 67 illik ərazisini bu türk aldı
-
Sosial11:41
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda - Foto
-
MDB11:14
İt də getdi, ip də getdi: Ukrayna ərazisinin üçdə birini itirəcək - NATO-ya buraxılmayacaq
-
Rəsmi xronika10:24
Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
-
Dünya09:26
Orbanın Putinə zənginin sirri açıldı: Qərb Moskva ilə...