23 ildən sonra eyni gündə Şuşaya qayıtdım – Kərim Kərimli
Bizi izləyin

Qarabağ

23 ildən sonra eyni gündə Şuşaya qayıtdım – Kərim Kərimli

“Şuşaya yenidən qayıtmağın sözlə ifadəsi yoxdur. Hansı yollardan keçib gələrək Şuşaya daxil olmağımızla bağlı ifadələri seçməkdə çətinlik çəkirəm. Mən axırıncı dəfə Şuşada 1998-ci il avqust ayının 30-da olmuşam. 23 ildən sonra yenidən məhz həmin tarixdə Şuşaya gəlmişəm. O vaxt Şuşaya gələndə işğal altında idi. Mən o zaman jurnalistlərlə gəlmişdim. İndi Şuşa azaddır. Bu dəfə yazıçılarla, şairlərlə gəlmişəm”.

Bunu Publika.az-a açıqlamasında şair-publisist, Şuşa Şəhər İcra Hakimiyyəti başçısının keçmiş birinci müavini Kərim Kərimli deyib. Şuşadakı Vaqif Poeziya Günlərində iştirak edən K.Kərimli təəssüratlarını bölüşüb:

“Bu əhval-ruhiyyəni, bu təəssüratları ifadə etmək üçün Azərbaycan dilinin bütün zəngin leksikonunu istifadə etsək də, doğru sözü yerinə qoya bilməyəcəyik. Səadətdirmi – səadət deyil, xoşbəxtlik ifadəsi də çox zəif səslənir. Ola bilsin ki, azadlıq kəliməsi bizim hisslərimizi ifadə edə bilsin. Hətta bu ifadənin özü də Şuşaya qayıdış hisslərimizin yanında zəif qalır. Mən bu gün Şuşadayam. Bizim bütün fəaliyyət proqramımızı Heydər Əliyev Fondu müəyyənləşdirmişdi. Əvvəlcə hotelə gəldik. Sonra müəyyən qədər fasilə verdilər, dincəldik. Daha sonra açılışlar oldu. Dünən Vaqifin məqbərəsinin açılışı idi. Bu gün də Vaqifin məqbərəsinin önündəyəm və festival davam edir”.

Şair Kərim Kərimli Şuşadakı evlərini də ziyarət etdiyini söyləyib:

“Bizim Şuşada iki evimiz vardı. Onun birinci uçurub dağıdıblar. İkincisi isə qalır. Önündə foto çəkdim. Evin görüntülərini lentə aldım. Ola bilsin ki, o birini də söksünlər. Çünki Şuşanın gələcəkdə nəzərdə tutulan statusuna, Baş Planına uyğun gələn tikili deyil. İki gün öncə Prezident digər müəssisələrin açılışı ilə yanaşı, Şuşada yeni yaşayış massivinin təməlini atdı. Onun çıxışında verdiyi məlumata görə, yeni yaşayış kompleksi çox da hündür olmayan binalardan – 3, 4, 5 mərtəbəli 25 binadan ibarət olacaq. Binalar yaşayışa hazır olanda əhalinin Şuşaya qaytarılması prosesi başlayacaq. Növbəti mərhələdə yeni binaların inşası da gözlənilir”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm