İran şəbəkəsi, Türkiyədən gələn təzyiq: Azərbaycana qarşı kampaniyanı kimlər təşkil edir?
Bizi izləyin

Nida Təhlil

İran şəbəkəsi, Türkiyədən gələn təzyiq: Azərbaycana qarşı kampaniyanı kimlər təşkil edir?

İran şəbəkəsi, Türkiyədən gələn təzyiq:  Azərbaycana qarşı kampaniyanı kimlər təşkil edir?

Bakıda baş verənlər əslində gözlənilən idi. Çünki bu hadisələr, necə deyərlər, zamanla yetişən bir prosesin nəticəsi idi. Belə ki, uzun müddətdir ölkə daxilində xaricdən ideoloji təxribatla məşğul olan qüvvələr fəaliyyət göstərirdi. Hələ 1990-cı illərin o zamankı şəraitindən istifadə edən bu qüvvələr, xüsusilə də qaçqınlara yardım adı altında Azərbaycana missiyalar göndərir, humanitar yardımla yanaşı, ideoloji təbliğat işləri də aparırdılar.

Bu fikirləri Publika.az-a açıqlamasında politoloq Oqtay Qasımov bildirib.

“İranın casus şəbəkəsinə cəlb olunanlar var”

Onun sözlərinə görə, bunun nəticəsində, təəssüf ki, Azərbaycanda müəyyən bir qrup insan həmin ölkələrin, xüsusilə də İranın casus şəbəkəsinə cəlb olunub və dindar adı altında fəaliyyət göstərir.

“Azərbaycan tolerant ölkədir. İnsanların dini baxışları ilə bağlı heç bir problem yoxdur. Ölkəmizdə vicdan azadlığı təmin edilib və Azərbaycan dünyanın dini baxımdan ən tolerant ölkələrindən biri sayılır. Bu, bizim əsas dəyərlərimizdən biridir. Azərbaycanda hicab və ya baş örtüyü ilə bağlı da heç bir problem yoxdur”, - deyə politoloq qeyd edib.

Vahid məktəbli forması qərarından Azərbaycana qarşı kampaniya üçün istifadə edilir

Oqtay Qasımov bildirib ki, təəssüf ki, xaricdən idarə olunan bəzi mərkəzlər vahid məktəbli formasına keçidlə bağlı qərarı baş örtüyü məsələsi ilə əlaqələndirərək bunun üzərindən Azərbaycana qarşı kampaniya başladılar. Onun sözlərinə görə, bu kampaniyanın əsas mənbəyi İranla əlaqəli resurslardır. Politoloq əlavə edib ki, təəssüf ki, qardaş Türkiyədə də bəzi çevrələr bu prosesə cəlb olunublar.

“İranın siyasəti fars şovinizminə əsaslanır”

“İranın Azərbaycana münasibəti bəllidir. Bu ölkənin həm Azərbaycana, həm də qonşu dövlətlərə yönəlmiş siyasəti ekspansionist, aqressiv, fars şovinizminə əsaslanan və İslam dini pərdəsi altında gizlədilən şovinist siyasətdir”, - deyə Oqtay Qasımov vurğulayıb.

Politoloqun fikrincə, təəssüf ki, bu təbliğata inanaraq İranın maraqlarına xidmət edən geniş bir şəbəkə Azərbaycanda da formalaşıb.

Bunun, əlbəttə ki, bir çox səbəbləri olduğunu qeyd edən Oqtay Qasımov bildirib ki, səbəblərdən biri də vaxtilə bu məsələlərə lazımi diqqətin yetirilməməsi, onların ciddiliyinin nəzərə alınmaması və əhəmiyyətinin lazımi səviyyədə qiymətləndirilməməsidir. Onun sözlərinə görə, bütün bunlar belə problemlərin yaranmasına gətirib çıxarıb.

Politoloq diqqətə çatdırıb ki, ən əsası isə təəssüf ki, Azərbaycanda elə bir kəsim formalaşıb ki, onun nümayəndələri ölkəmizin deyil, xaricdən təlimat aldıqları dövlətlərin maraqlarına xidmət edirlər.

Türkiyədəki qüvvələrin fəaliyyəti rəsmi Ankara ilə əlaqələndirilməməlidir

Oqtay Qasımov qeyd edib ki, İranın media resurslarında Azərbaycana qarşı aparılan təbliğatın şahidi oluruq. Təəssüf ki, Türkiyədən də müəyyən qüvvələr bu prosesdə iştirak edirlər. Amma politoloq vurğulayıb ki, bu, Türkiyənin rəsmi siyasəti deyil.

“Azərbaycan və Türkiyə dost, qardaş və müttəfiq ölkələrdir. Münasibətlərimiz sarsılmazdır”, - deyə o bildirib.

Müsahibin sözlərinə görə, Türkiyə cəmiyyəti də yekcins deyil. Orada müxtəlif dini və siyasi cərəyanlar, o cümlədən xarici güclərin maraqlarını ifadə edən və onların tapşırıqlarını yerinə yetirən qüvvələr mövcuddur. Politoloq hesab edir ki, Azərbaycana qarşı kampaniyada da məhz həmin qüvvələr iştirak edirlər.

Oqtay Qasımov hesab edir ki, yaxın günlərdə bu kampaniya dayandırılacaq. Ümumilikdə isə onun fikrincə, baş verən hadisələr cəmiyyət, dövlət və millət olaraq bizi ciddi şəkildə toparlanmağa, ayıq-sayıq olmağa və bu məsələlərə daha diqqətlə yanaşmağa sövq edir.

“Bu problemlərin qarşısını yalnız inzibati tədbirlərlə almaq mümkün deyil”

Politoloq bildirib ki, bu problemlərin qarşısını yalnız inzibati tədbirlərlə almaq mümkün deyil. Eyni zamanda, maarifləndirmə işləri aparılmalı, elm və təhsilin səviyyəsi yüksəldilməli, məktəblərdəki mühit yaxşılaşdırılmalı və şagirdlərimizin, övladlarımızın yüksək səviyyədə təhsil alması üçün şərait yaradılmalıdır.

Oqtay Qasımovun sözlərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, Azərbaycan Milli Elmlər Akademiyası, təhsil müəssisələri və universitetlər də bu məsələlərdə fəal olmalıdırlar. O qeyd edib ki, təbliğat və maarifləndirmə işləri məqsədyönlü şəkildə aparılmalıdır. Elm və din xadimləri bu proseslərdə ön sırada dayanmalı, cəmiyyət arasında izahat işləri həyata keçirməlidirlər.

Politoloq vurğulayıb ki, ən önəmlisi insanlara Azərbaycan dövlətinin maraqlarına xidmət etməyin və bu maraqları qorumağın vacibliyi aşılanmalıdır.

Oqtay Qasımovun fikrincə, əslində, bunlar gözlənilən təhlükələr idi. Çünki Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi heç də hər kəsi məmnun edən məsələ olmadı.

“Müstəqil siyasət yürütməyin, orta gücə çevrilməyin və regionun aparıcı ölkəsi olmağın müəyyən bədəlləri var. Hazırda biz məhz bu təzyiqlərlə üzləşirik”, - deyə politoloq bildirib.

O, sonda əlavə edib ki, Azərbaycan dövlətinin, millətinin və cəmiyyətinin bu tip problemləri həll etmək üçün kifayət qədər gücü və resursları var.

Müəllif: Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm