Azərbaycan Ordusu bölgədə yeni reallıq yaradıb - Politoloq
Bizi izləyin

Qarabağ

Azərbaycan Ordusu bölgədə yeni reallıq yaradıb - Politoloq

“Müharibənin 27 sentyabrda olacağını heç kəs gözləmirdi, ancaq hadisənin həmin il olacağından hamı əmin idi. Ermənistan həmin il Tovuza hücum edib Azərbaycanın boru kəmərlərini sıradan çıxarmaq istəyirdi. Ancaq ordumuz bu hücumun qarşısını alıb ermənilərin cavabını verdi”.

Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq qeyd edib ki, ermənilər müharibənin başlaması üçün çalışırdılar: “2016-cı ilin aprel ayında ordumuz ermənilərə çox qısa müddət ərzində böyük zərbə vurmuşdu. Hətta başqa qüvvələr bu məsələyə qarışmasaydı, Azərbaycan Silahlı Qüvvələri həmin ildə erməniləri diz çökdürəcəkdi. Bununla belə, ordumuz həmin vaxt ərzində bir neçə əhəmiyyətli yüksəkliyi ələ keçirmişdi. Ali Baş Komandan İlham Əliyev həm siyasəti, həm də hərb elmini çox yaxşı bilir. Ermənistan tərəfi müxtəlif təxribatlar törədərək Azərbaycanın əks-hücum etməsi üçün zəmin hazırladı”.

Q.Hüseynli vurğulayıb ki, Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə danışıqlar prosesi dayanmışdı: “Onlar gülünc bəhanələr gətirərək danışıqlar prosesindən yayınırdılar. Ermənistanın bu cür hərəkətləri Azərbaycanın səbrini tükətməyə başlamışdı. Ermənilər mülki əhali yaşayan ərazilərə atəş açmağa başladılar. Bundan sonra isə Prezident İlham Əliyev əks-hücum əmrini verdi. Ordumuz müharibəyə hazır idi, onlar sadəcə əmr gözləyirdilər ki, işğalçıları torpaqlarımızdan qovub BMT-nin 4 qətnaməsini icra etsin. Azərbaycan Silahlı Qüvvələri bölgədə yeni reallıq yaradıb. İkinci Qarabağ müharibəsində Azərbaycan xalqı İlham Əliyev ətrafında birlik nümayiş etdirdi. Xalqımız öz ordusunun və Prezidentinin arxasında dayanaraq torpaqlarının işğaldan azad olunmasına dəstək verdi. Ordumuz çox qısa müddətdə Füzuli, Cəbrayıl və digər ərazilərimizdən separatçı qüvvələri qovdu. Ermənilər əməliyyatın Tərtər istiqamətindən başlayacağını düşünürdülər, ancaq Azərbaycan Ordusu manevrlərlə onları yanıltdı. Əlbəttə, Tərtər istiqamətində də əməliyyatlar keçirildi və Suqovuşan işğaldan azad olundu. Mən bilirdim ki, Azərbaycan Ordusu öz torpaqlarını işğaldan azad edəcək. Yeni alınan texnikalar və keçirilən hərbi təlimlər bunu düşünməyə imkan yaradırdı. Bir sözlə, ölkəmiz Ermənistan tərəfindən işğal olunmuş torpaqları azad etməyə hazır idi”.

Rahib Ələsgərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm