Azərbaycan 60 terrorçunu Ermənistana təhvil verdi ki... - Şərh
Bizi izləyin

Qarabağ

Azərbaycan 60 terrorçunu Ermənistana təhvil verdi ki... - Şərh

“Ermənistan özünün ərazi iddialarından əl çəkməyib, 44 günlük Vətən müharibəsində ağır məğlubiyyətə uğramasına baxmayaraq, cəbhədə baş verən son hadisələr onların sülh və əmin-amanlıqda yaşamağa maraqlı olmadığını göstərir”.

Bu sözləri Publika.az-a açıqlamasında siyasi elmlər doktoru, professor Ramiz Sevdimalıyev deyib. Ekspert bildirib ki, Ermənistanın siyasi mədəniyyəti qonşu dövlətin ərazilərinə iddialar üzərində qurulub və belə görünür ki, öz köhnə siyasətlərindən əl çəkmək niyyətində deyillər:

Bulanmış suda balıq tutmaq istəyirlər

“Üçtərəfli bəyanat imzalanandan sonra dəfələrlə demişdim ki, Ermənistan sülhə hazır deyil, müxtəlif bəhanələrlə istəyir ki, Rusiya ilə Azərbaycan arasında ziddiyyətlər formalaşsın. Göstərmək istəyirlər ki, münaqişə başa çatmayıb, Zəngəzur dəhlizinin açılmasında, sərhədlərin delimitasiyasında maraqlı deyillər. Rusiya ilə birlikdə geosiyasi səviyyədə alət kimi ikitərəfli oyun oynayırlar. Müxtəlif qüvvələri cəlb etməklə bölgədə narahatlıq yaratmaq, məcazi mənada desək, öz xeyirlərinə bulanmış suda balıq tutmaq istəyirlər. Ermənistan müstəqil dövlət kimi formalaşmayıb. Onun müstəqil yaşamağa təbii resursları və demoqrafik vəziyyəti yoxdur. Bu ölkə həmişə xarici qüvvələrdən asılıdır, geosiyasi layihə kimi formalaşıb, psevdo dövlətdir və öz mövcudluğunu qorumaq üçün ərazi iddialarını davam etdirir. Gözləyirlər ki, bölgədən kənarda olan geosiyasi havadarları onların maraqlarını yerinə yetirəcək ki, bu dövlət yaşamağa çalışsın.

Əvvəlcədən təxribatçı qruplar hazırlanıb saxlanılırdı. Silahlı insidentlər yaratmaqla dünyaya göstərmək istəyirlər ki, guya Azərbaycanın bunların ərazisinə iddiası var, bölgədə qeyri-sabitlikdir və ya müharibə vəziyyətidir. Xarici qüvvələrin bölgədə iştirakına nail olmaq məqsədi güdürlər”.

On illərlə vaxt apara bilər

R.Sevdimalıyev qeyd edib ki, sərhədlərin delimitasiyası və demarkasiyası uzunmüddətli prosesdir:

“On illərlə vaxt apara bilər bəlkə də. Bunun üçün əsas məram lazımdır. Ermənistan birmənalı şəkildə beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını etiraf etməlidir. Ancaq bu etirafdan sonra Azərbaycan və Ermənistan arasında ilkin razılaşma əldə oluna bilər ki, sülh proseslərinə başlansın və paralel olaraq texniki səviyyədə sərhədlərin delimitasiya və demarkasiyası aparılsın. Ermənistan bunu etmir, təəssüf ki, heç səy də göstərmir.

Ermənistanın addımlarından asılı olmayaraq, Azərbaycan sovet dönəmində mövcud olan sərhədlər çərçivəsində xəritəyə uyğun olaraq öz sərhədlərini möhkəmləndirəcək və müvafiq postlar yaradacaq. Burada digər məsələ odur ki, təhlükəsizliklə bağlı ciddi problemlər var, qumbara atıldı, terror aktı törədildi, müəyyən insidentlər baş verdi.

İlk növbədə Rusiya sülhməramlıları öz öhdəliklərini yerinə yetirməlidir. Onlar bölgəyə yerləşdirilən andan oradan erməni silahlıları çıxarılmalı idi. Təəssüf ki, çıxarılmadı. Bu, çox vacib məqamdır. İkincisi, necə olur ki, Rusiya sülhməramlıları Ermənistanın ərazisindən keçib gələn qrupları görmürlər. Üçüncüsü, terror aktı törədilir, qumbara atılır. Amma rus sülhməramlıları qumbara atanı tutub Ermənistana verir. Cinayət Azərbaycanın ərazisində törədilirsə, o insan Azərbaycan qanunlarına əsasən mühakimə olunmalıdır. Rusiya sülhməramlıları onu təhvil verməklə cəzasızlıq mühiti formalaşdırır və bu cür davranışların davam etməsinə yol açırlar. Odur ki, hər şeydən əvvəl bu kimi məsələlər çözülməlidir. Qeyri-qanuni erməni silahlı birləşmələri Azərbaycan ərazisindən çıxarılmalıdır. Azərbaycan tələb etməlidir ki, üçtərəfli bəyanatda göstərilən müddəalar yerinə yetirilsin. Əgər yerinə yetirilmirsə, Azərbaycanın da Laçın dəhlizini bağlamağa tam hüququ var.

Azərbaycan Rusiya sülhməramlıları ilə çalışıb və razılığa gəlib, eyni zamanda öz suveren hüququndan istifadə edərək mütləq şəkildə sərhəd sistemi qoymalıdır. Rus sülhməramlıların nəzarətində olan ərazi dəhliz və Qarabağın ermənilər məskunlaşmış hissəsidir. Sərhədə Azərbaycan hərbçiləri nəzarət etməlidir. Onda Ermənistan başa düşəcək ki, Azərbaycanın kifayət qədər təsir etmək imkanı var. Azərbaycan həmişə çalışır ki, humanist addımlar atsın. 60 nəfərlik erməni qruplaşmasını Ermənistana təhvil verdi ki, nəticə çıxarsın. Ermənistan isə nəticə çıxarmaq əvəzinə daha da həyasızlaşır. Bütün bunlara Azərbaycan sərt cavab verməli və qəti addımlar atmalıdır”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm