Qarabağ
Dəmir qanadlı ZƏFƏR şahinləri: HHQ-nin aviabazasından ÖZƏL REPORTAJ - FOTOLAR
Günəşli bir yay səhəri sübh çağı Bakıdan rayonların birinə doğru yol alırıq. Yolumuz isə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi zəfərin əldə olunmasında mühüm payı olan Azərbaycan Hərbi Hava Qüvvələrinin “N” saylı hərbi hissəsinədir. Hərbi Hava Qüvvələrinin digər hərbi hissələri kimi bu hərbi hissənin də peşəkar və vətənpərvər pilotları 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinin ilk saatlarından döyüşlərə qatılaraq düşmənin 30 il ərzində ön xəttdə qurub yaratdığı möhkəm eşelonlaşdırılmış mühəndis-istehkam, fortifikasiya qurğularının dağıdılmasında, şərti olaraq “Ohanyan xətti” kimi tanınan müdafiə səddinin yarılmasında (ələlxüsus Su-25 hücum təyyarələri ilə) əvəzsiz rol oynayıblar. Müharibənin ilk günlərində Azərbaycan Ordusu üçün əlverişsiz relyef şəraiti üzündən çətin vəziyyətdə olan Quru Qoşunlarımızın önünün tez bir zamanda açılmasında onların rolu misilsizdir.
Onu da xüsusi vurğulamaq istərdik ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovniki, Su-25 hücum təyyarəsinin usta dərəcəli pilotu, Vətən müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyev məhz bu hərbi hissədə qulluq edib. O, aviabaza komandirinin uçuş hazırlığı üzrə müavini olub. Sonuncu xidmət yerinin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi (indiki Heydər Əliyev adına Hərbi İnstitut) olmasına baxmayaraq Zaur Nudirəliyev müharibənin ilk günündən Hərbi Hava Qüvvələrinin komandanlığına müraciət edərək döyüşlərə qatılmaq istədiyini bildirib və bu hərbi hissənin ərazisindən döyüş uçuşlarına başlayıb. Zaur Nudirəliyev nişangah istifadə etmədən, riyazi üsullarla bombaların atılmasının yeni üsulunu icra edib, həmçinin Su-25 hücum təyyarəsindən lazer müşayiətli bombaların birinci atışını reallaşdırıb. O, Azərbaycan Hərbi Hava Qüvvələri tarixində şəhid olan yeganə polkovnik, həmçinin Azərbaycanın hərb tarixində “Atəş ramı” edən birinci pilotdur. Bundan əlavə Zaur Nudirəliyev adını postsovet ölkələri məkanında hərb tarixinə 1941-ci ildə sovet hərbi pilotu, Sovet İttifaqı Qəhrəmanı Nikolay Qastellodan sonra “Atəş ramı”nı reallaşdıran ilk pilot kimi yazdırmağı bacarıb. Belə ki, həmin günlərdə (4 oktyabr 2020-ci ildə) Cəbrayıl şəhəri və onun ətraf yaşayış məntəqələri istiqamətində şiddətli döyüşlər getdiyi üçün təyyarənin vurulduğunu görən Zaur Nudirəliyevin katapult edib paraşütlə eniş edəcəyi halda Ermənistan ordusunun nəzarəti altında olan ərazilərə enib qarşı tərəfə əsir düşmə ehtimalı da var idi. Buna görə də Zaur Nudirəliyev “Atəş ramı” etməyi qərara alır və Su-25 hücum təyyarəsini nütün sürəti ilə işğalçı ordunun canlı qüvvəsinin cəmləşdiyi yerə, düşmənin artilleriya mövqeyinin düz ortasına çırpır.
İki təvazökar və vətənpərvər zəfər şahini: Reyhun Fərmanov və Elmir Məmmədov
Bizi aviabazaya aparan avtobusumuzdakılar media əhlidir: əsasən televiziya nümayəndələrinin olduğu heyətdə Publika.az-ın əməkdaşı da yer alıb. Sanki hərbi hissədə bizi nələrin gözləyəcəyinin intizarında olduğumuzu bildiyi üçün sürücümüz də bizi mənzil başına tez çatdırmağa çalışır. Və budur. Saat 08:45-də hərbi hissənin nəzarət-buraxılış məntəqəsindəyik. Hardan olduğumuzu bilən hərbi qulluqçular Azərbaycan xalqına xas qonaqpərvərliklə bizə “xoş gəlmisiniz” deyirlər.
Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalında olan dördüncü nəsil çoxməqsədli MiQ-29 qırıcı təyyarəsi
Saat 08:45 olmasına baxmayaraq gün günortanın yerinə qalxıb. Gəlişimizdən təxminən beş dəqiqə sonra bizi Vətən müharibəsi iştirakçısı, “Qarabağ” ordenli, həmçinin “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmiş aviabazanın komandiri, pilot polkovnik-leytenant Reyhun Fərmanov və Vətən müharibəsi iştirakçısı, “Qarabağ” ordenli, həmçinin “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş aviabaza komandirinin şəxsi heyətlə iş üzrə müavini pilot polkovnik-leytenant Elmir Məmmədov qarşılayır. Şanlı zəfər tariximizə adlarını qızıl hərflərlə yazan hər iki döyüş zabiti müsbət auraları ilə bizdə xoş hisslər oyadırlar. Onu da deməliyik ki, səsdən sürətlə uçub səmanın ənginliklərindən düşmən üzərinə dağıdıcı zərbələr endirən qırıcı-bombardmançı təyyarələri idarə edən dəmir qanadlı şahinlərimiz şəxsən özlərinin keçdikləri döyüş yolu, nailiyyətləri, təltifləri barədə təvazökarlıq edərək bizə heç nə danışmadılar. Onların dövlət təltifləri haqda az öncə təqdim etdiyimiz məlumatları yalnız açıq mənbələrdən əldə etdik.
Tələsmək lazımdır
Vaxt ötdükcə hava daha da qızır. Bizə bildirirlər ki, 35 dərəcə selsidə təlim uçuşları dayandırılır. Çünki pilotun kabinəsində temperatur daha yüksək göstəricilərə malik olur. Odur ki, ləngimədən təlim uçuşlarının keçirildiyi uçuş-eniş zolağına doğru yollanırıq.
Və... qarşımızda əsrarəngiz mənzərə açılır. Həyatımda ilk dəfədir ki, uçuş-eniş zolağına daxil oluram. Burada Hərbi Hava Qüvvələrinin arsenalında olan Su-25 hücum təyyarələrini, dördüncü nəsil çoxməqsədli MiQ-29 qırıcılarını və “Aero L-39 Albatros” reaktiv hərbi təlim təyyarəsini yaxından görmək adamı valeh edirdi.
Enişi asanlaşdırmaq üçün paraşütünü açan dördüncü nəsil çoxməqsədli MiQ-29 qırıcı təyyarəsi
Uçuş-eniş zolağının yanında dayanaraq əvvəlcə təlim-məşq uçuşlarını izlədik. Sonra isə bizə zəfərimizə mühüm töhfələr verən qardaş Türkiyənin “Baykar Makina” şirkətinin istehsal etdiyi “Bayraktar-TB2” operativ-taktiki pilotsuz uçuş aparatı (PUA) nümayiş etdirildi.
Hərbi Hava Qüvvələrinin “Bayraktar” silahlı pilotsuz uçuş aparatları dəstəsində operator vəzifəsində xidmət edən gizir Elnur Mirzəzadə ilə söhbət etdik.
Gizir Elnur Mirzəzadə 2016-cı ildə Azərbaycan Silahlı Qüvvələrində xidmət edir. 2016-cı ilin Aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. Müharibə zamanı Quru Qoşunlarında tank əleyhinə taqım komandiri kimi düşmənin zirehli texnikalarının hücumunun qarşısının alınmasında və məhv edilməsində iştirak edib. “Füzulinin azad edilməsinə görə”, “Qubadlının azad edilməsinə görə”,“Şuşanın azad edilməsinə görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub. Hazırda Hərbi Hava Qüvvələrinin “Bayraktar” silahlı pilotsuz uçuş aparatları dəstəsində operator vəzifəsində xidmət edir. Bu vəzifədə də düşmənin müəyyən istiqamətlərdə təxribatlarının qarşısını almaq üçün fəaliyyətlərdə iştirak edib. O, hazırda ərazinin kəşfiyyatının aparılmasında, yəni düşmənin aşkar olunması və məhv edilməsində iştirak edir.
Gizir Elnur Mirzəzadə həm Aprel döyüşlərinin, həm də Vətən müharibəsinin iştirakçısıdır. Hazırda “Bayraktar” pilotsuz uçuş aparatları dəstəsində operator vəzifəsində xidmət edir
Elnur Mirzəzadə deyir ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının orduya qayğısı nəticəsində ordumuz müasirləşir, silah və texnika cəhətdən də arsenalımız möhkəmlənib: “Müharibədə bizim əsas amalımız o idi ki, düşmən tapdağı altında olan ərazilərimizi azad edək və keçmiş zamanlarda xalqımıza tutulmuş divanların qisasını alaq. Şükürlər olsun ki, biz zəfər çaldıq. Əgər yenidən düşmən təxribatı baş verərsə, ordumuz düşmənə layiqincə, böyük bir qətiyyətlə cavab verməyə hazırdır. Mən fürsətdən istifadə edib bütün şəhid analarına, şəhid ailələrinə demək istəyirəm ki, şəhidlərimizin qanı yerdə qalmadı. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə və ordumuzun bütün şəxsi heyətinə cansağlığı, daimi döyüş əzmi versin”.
İlk dəfə 44 günlük Vətən müharibəsində geniş istifadə olunan “Bayraktar-TB2” operativ-taktiki pilotsuz döyüş təyyarəsi
Daha sonra “Bayraktar” PUA-nın idarəetmə stansiyasına daxil oluruq. Pilot baş leytenant Araz Məmmədov danışır: ““Bayraktar TB-2-nin uçuş heyəti olaraq 3 nəfərdən ibarətdir. Pilot, əməliyyat zabiti və operator. Pilot olaraq mənim fəaliyyətim təyyarəni idarə etmək, təyyarəni verilən koordinatlara doğru istiqamətləndirmək, əmr və tapşırıqlar verilərsə, dəqiq və vaxtında yerinə yetirməkdən ibarətdir. Azərbaycan Ordusunun hərbi qulluqçusu olaraq daim döyüşə hazır olduğumuzu bildirmək istəyirəm”.
“Bayraktar TB-2”nin idarəetmə stansiyasında. Pilot baş leytenant Araz Məmmədov
Uçuş zonasında növbəti həmsöhbətim Hərbi Hava Qüvvələrinin zabiti, üçüncü dərəcəli “Vətənə xidmətə görə” ordenli, “Vətən uğrunda”, “Ağdamın azad olunmasna görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş, eskadrilya (bir neçə təyyarə dəstəsindən ibarət olan hərbi aviasiya) komandirinin müavini pilot mayor Səfa Səmədov olur. 2011-ci ildən Hərbi Hava Qüvvələrində xidmət etdiyini bildirən Səfa Səmədov Vətən müharibəsi zamanı ilk döyüş uçuşları həyata keçirən təyyarəçilərindən biri olub. Suqovuşan-Ağdərə və Ağdam şəhəri istiqamətində uçuşlar həyata keçirib: “Müharibədə iştirak etmək gənc zabit olaraq mənim üçün böyük fəxr və böyük məsuliyyət idi. Həm çətin, həm də qürurlu idi”.
Pilot mayor Səfa Səmədov Vətən müharibəsi zamanı düşmənin başına Mi-17 helikopterləri ilə od ələyib
Pilot mayor Səfa Səmədov müharibə vaxtı Mi-17 döyüş helikopteri ilə uçuşlar həyata keçirib: “Döyüş uçuşlarının təyinatı ümumiyyətlə, düşmənin taktiki dərinliklərdə və ön xətdə olan canlı qüvvəsinin, zirehli döyüş texnikasının və digər mühüm strateji obyektlərinin məhv edilməsi və postların vurulması idi. Yəni, bizim təyinatımız müxtəlif idi: həm zirehli döyüş texnikalarını, həm də canlı qüvvəni məhv etməli idik. Tətbiq olunan idarəolunan raketlərin növündən, döyüş başlıqlarından asılı olaraq təyinat dəyişilirdi. Müharibədə sonadək iştirak etmişəm. Təbii ki, düşmən də öz arsenalında olan hava hücumundan müdafiə vasitələrini aktiv vəziyyətə gətirmişdi. Amma o qədər də təsirli deyildi. Çünki biz onların məhvetmə zonasına girmədən uzaqdan, yaxud onların məhvetmə hündürlüyü zonasına girmədən yüksək hündürlükdən döyüş atışları yerinə yetirirdik”.
Fotoda “Aero L-39 Albatros” reaktiv hərbi təlim təyyarəsi əks olunub
Bu üsul hərb tarixində ilk dəfə Vətən müharibəsində tətbiq olundu
Pilot mayor Səfa Səmədov döyüş aviasiyamızın müharibədə ümumi hədəfə çatmağımızda oynadığı rol barədə sualıma cavab olaraq deyir: “Döyüş aviasiyamız ümumi hədəf çatmağımızda mən deyərdim ki, ən mühüm rolu oynadı. Çünki Quru Qoşunlarının və digər qoşun növlərinin əməliyyatlarından fərqli olaraq biz havadan nöqtə atışları yerinə yetirirdik. Düşmənin ən strateji və arsenalında olan zirehli döyüş texnikalarının məhv olunması bizim tapşırıqlarımızdan biri idi. Ona görə də aviasiyanın tətbiqi müasir müharibələrdə aparıcı roldadır. Müharibədə pilotsuz uçuş aparatlarının da böyük rolu oldu. Həm vertolyotlarda, həm də döyüş təyyarələrində xüsusi döyüş üsullarından istifadə olunurdu. Təyyarələrin düşmənin hava hücumdan müdafiə vasitələrinin məhvetmə zonasına girmədən həm uzaqdan, həm də onların məhvetmə hündürlüyü zonasına girmədən yüksək hündürlükdən döyüş tətbiqi üsulu demək olar ki, ilk dəfə Azərbaycanda tətbiq olundu”.
Bir döyüş yoldaşımız raketi tankın lükundan içəri atdı
Səfa Səmədov daha sonra deyir: “Helikopterlərdə 30 kilometr məsafədən nöqtə hədəfi ilə döyüş tətbiqi yerinə yetirirdik. Helikopter aviasiyası üçün 25 və 30 kilometr uzaqlıqdan dəqiq hədəfi vurmaq müharibələr tarixində bəlkə də ilk idi. Azərbaycan Hərbi Hava Qüvvələri bunu tətbiq elədi. Bizim bir döyüş yoldaşımız raketi tankın lükundan içəri ata bilirdi. Yəni belə dəqiq atışlarımız oldu. Bu da bizim üçün böyük təcrübə və böyük nailiyyət idi. Arsenalımıza qəbul olunan müasir döyüş texnikaları var. Bunların hamısı həm arsenalımıza qəbul olunan müasir döyüş texnikalarının sayəsində, həm də dövlətimizin qayğısı nəticəsində araya-ərsəyə gətirilir. Biz də bundan maksimum çalışıb faydalanırıq”.
MiQ-29 dördüncü nəsil çoxməqsədli qırıcı təyyarəsi təlim-məşq uçuşuna hazırlanır. Vətən müharibəsində texniki heyətin döyüş uçuşuna yollanan təyyarələrin hazırlanmasında misilsiz rolu olub. Onlar indiyədək qəbul olunmuş bütün normativləri aşaraq təyyarələri cəmi 20 dəqiqəyə döyüşə hazır vəziyyətə gətiriblər.
Pilot mayor Səfa Səmədov Hərbi Hava Qüvvələrinin mənsubu olaraq ürəyi Vətənlə döyünən hər bir azərbaycanlını Vətən müharibəsində qazandığımız tarixi zəfər münasibətilə təbrik edib: “Biz də müharibə dövründə görürdük ki, Azərbaycandan kənarda olan soydaşlarımızın belə qəlbi Vətənlə döyünürdü. Bununla qürur hissi keçirirdik və bu bizə daha böyük güc və qüvvət verirdi. Bunlar hamısı şərtdir”.
Hərbi Hava Qüvvələrinin Vətən müharibəsində rolu əvəzsizdir
Kapitan Kamran Ağayev isə komanda məntəqəsinin zabitidir. O, döyüş uçuşlarının idarə edilməsi ilə məşğul olur.
Kamran Ağayev 2009-cu ildən Azərbaycan Ordusu sıralarında xidmət edir. 2014-cü ildə Hərbi Hava Qüvvələrində xidmətə başlayıb. İxtisası komanda məntəqəsinin döyüş idarəetmə zabitidir.
Gəlin, igid kapitanımızı dinləyək: “Ordumuzun onurğa sütunu olan Hərbi Hava Qüvvələrinin istər Birinci Qarabağ müharibəsində, istər 2016-cı ilin Aprel döyüşlərində, istərsə də Vətən müharibəsində rolu əvəzsiz və danılmazdır. Mənim hazırda xidmət etdiyim yer komanda məntəqəsidir. Komanda məntəqəsi radiolokasiya kəşfiyyatının yerinə yetirilməsi, hava sərhədini pozmuş düşmən təyyarələrinin yerlərinin təyin olunması, onların izlənilməsi, eləcə də qarşısının alınması üçün təyin olunub. Komanda məntəqəsinin döyüş idarəetmə zabiti olaraq bizim vəzifəmiz dövlət hava sərhədini pozmuş təyyarələrin qarşısını almaq üçün düşmən təyyarələrinin yerinə yetirdiyi uçuşları izləyərək və pilotun önündə hava rəsmini canlandıraraq düşmən təyyarələrinin yerlərini, coğrafi koordinatlarını, belə deyək hava hədəfi barədə məlumatları öz pilotlarımıza, öz təyyarələrimizə verərək öz təyyarələrimizi onların üzərinə yönləndirərək hava döyüşünü tətbiq etməkdən ibarətdir. Vətən müharibəsi zamanı da döyüş təyyarələrimizi yerdən idarə edərək düşmən təyyarələrinin koordinatlarını götürərək onların dəqiq mövqelərini öz təyyarələrimizə ötürərək öz vəzifəmizi müvəffəqiyyətlə yerinə yetirmişik”.
Döyüşü idarəetmə zabiti kapitan Kamran Ağayev
Kapitan Kamran Ağayev Azərbaycan Ordusunun döyüş hazırlığı barədə də danışıb. Deyib ki, qardaş Türkiyə dövləti ilə əməkdaşlığımız ordumuzun daha da inkişafına gətirib çıxarır: “Biz döyüş idarəetmə zabiti olaraq elə 6 ay bundan əvvəl ixtisasartırma kursuna cəlb olunaraq qardaş Türkiyədə ixtisasımızı artırdıq və yeni texnologiyalarla, müasir avadanlıqlarla təchiz olunmuş sistemləri dərindən mənimsədik. Bu, bizim ordumuzun inkişafına gətirib çıxarır və texnologiya ərsində ordumuz zamanla daha da inkişaf edəcək”.
Bir ailədən iki zabit, iki Vətən müharibəsi iştirakçısı
Onu da qeyd edək ki, Kamran Ağayev böyük qardaşı Şamxal Ağayev də Azərbaycan Ordusunun zabitidir. Şamxal Ağayev Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edir. Həm 2016-cı ilin Aprel döyüşlərinin, həm də Vətən müharibəsinin iştirakçısıdır. Şamxal Ağayev sentyabrın 27–də başlanan müharibədə Qubadlı, Zəngilan, Xocavənd, Cəbrayıl və ən sonda Şuşa şəhərinin düşməndən azad edilməsində igidliklə döyüşüb. O, noyabrın 2-də Şuşa uğrunda gedən döyüşlərdə yaralanıb. Buna baxmayaraq öz istəyi ilə döyüş meydanını tərk etməyərək şəhərin tam işğaldan azad edildiyi günədək düşmənlə vuruşub. Şamxal Ağayev hazırda şərəflə öz xidmətini davam etdirir. Şamxal Ağayev 9 dekabr 2020-ci ildə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ali hərbi orden – “Qarabağ” ordeni ilə təltif edilmiş 205 hərbi qulluqçudan biridir.
Aviabazanın uçuş-eniş zonasını tərk edib qərargaha doğru yollandıq. Aviabazanın komandiri, pilot polkovnik-leytenant Reyhun Fərmanov burada jurnalistlər üçün brifinq keçirdi. O bildirdi ki, hərbi hissə 15 avqust 1992-ci ildə əlahiddə aviasiya eskadrilyası olaraq yaradılıb. 30 may 1996-cı ildə hərbi hissənin ştatı böyüdülərək qırıcı-bombardımançı aviasiya alayı səviyyəsinə çatdırılıb. 16 fevral 2007-ci ildən isə artıq aviasiya bazası adlanaraq daha böyük ştat strukturuna, daha böyük fəaliyyət həcminə sahib hərbi hissəyə çevrilib. Baza statusuna malikdir.
Hərbi hissənin Birinci Qarabağ müharibəsində və Vətən müharibəsində iştirakı olub. Birinci Qarabağ müharibəsində 1992-ci ilin sentyabrından 1993-cü ilin sentyabr ayınadək Milli Qəhrəman Sergey Murtuzəliyevin rəhbərliyi altında müdafiə nazirinin əmr və sərəncamları ilə Qarabağın erməni işğalçılarından azad edilməsində iştirak edib. Hərbi hissə 1993-cü ilin oktyabrından 1994-cü ilin may ayına qədər mayor Əli Hidayətovun komandanlığı altında Qarabağ ərazisində döyüş uçuşları yerinə yetirib. Döyüşlər zamanı düşmənə Xankəndi, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl ərazilərində sarsıdıcı zərbələr endirilib.
Hərbi hissənin qərargahının girişində yerləşdirilmiş stend. Bu stenddə canını Vətən üçün fəda etmiş Hərbi Hava Qüvvələrinin qəhrəman pilotları əks olunub. Birinci sırada soldan dördüncü pilot polkovnik-leytenant, Vətən müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı, Mi-17 helikopterinin pilotu Ramiz Qasımov, beşinci isə Zaur Nudirəliyevdir.
Reyhun Fərmanov bildirdi ki, 1992-ci ilin sentyabr ayından 1994-cü ilin may ayınadək döyüş əməliyyatları zamanı 9 təyyarəçimiz şəhid olub, 4 ədəd Su-24 və bir ədəd Su-25 təyyarəsi itirilib.
Aviabaza komandiri qeyd etdi ki, 44 günlük Vətən müharibəsi zamanı işğal olunmuş torpaqların azad olunmasında Azərbaycan Ordusunun apardığı uğurlu əməliyyatlarda hərbi hissə çox uğurla iştirak edib. Aviasiya bazası ordu birliklərinin, Xüsusi Təyinatlı Qüvvələrin əks-hücum fəaliyyətlərini havadan dəstəkləyərək düşmənin hücum obyektlərinə, yüksəkliklərdə yerləşən möhkəmlənmiş sığınacaqlarına, mövqelərinə, canlı qüvvə və hərbi texnikasına aviasiya zərbələri endirib: “44 gün ərzində döyüş uçuşları yerinə yetirərkən bir təyyarəmiz vurulmuş və bir təyyarəçimiz – polkovnik Nudirəliyev Zaur İsmayıl oğlu şəhid olub. Çox əvəzsiz, çox təcrübəli bir təyyarəçi idi. Demək olar ki, ən çətin istiqamətlərdə döyüşlərə qatılıb və oktyabrın 4-də qəhrəmancasına şəhid olub”.
Fotoda gördüyünüz Su-25 hücum təyyarəsindən lazer güdümlü bombaların birinci atışını reallaşdıran məhz Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik Zaur Nudirəliyev olub
Vətən müharibəsi bitdikdən sonra hərbi hissədən iki zabit (Zaur Nudirəliyev və Rəşad Qasımlı) ən yüksək fərqlənmə dərəcəsinə – Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. Yeddi nəfər “Qarabağ” ordeni, 2 nəfər “Azərbaycan Bayrağı” ordeni, 8 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 5 nəfər “Vətən uğrunda” medalı, 6 nəfər “Hərbi xidmətlərə görə”, 13 nəfər “Suqovuşanın azad olunmasına görə”, 10 nəfər “Xocavəndin azad olunmasına görə”, 15 nəfər “Cəbrayılın azad olunmasına görə”, 13 nəfər “Füzulinin azad olunmasına görə”, 5 nəfər “Kəlbəcərin azad olunmasına görə”, 1 nəfər isə “Ağdamın azad olunmasına görə” medalı ilə Ali Baş Komandan tərəfindən təltif olunub.
Azərbaycanın hava məkanı qəhrəman pilotlarımız tərəfindən əzmlə və mətanətlə qorunur
Dəmir qanadlı zəfər şahinləri: səmamızın etibarlı və güvənli keşikçiləri
Beləliklə, Hərbi Hava Qüvvələrinin hərbi hissəsinə bir günlük ziyarətimiz başa çatır. Bu bir gün ömrümüzə qızıl hərflərlə yazıldı, gördüklərimiz, şahidi olduqlarımız möhtəşəm səhnələr yaddaşımızda silinməz izlər buraxdı desək, heç də mübaliğəyə yol vermərik. Biz görünməyən qəhrəmanlar olaraq bilinən Hərbi Hava Qüvvələrinin pilotlarını tanıdıq, döyüşlər zamanı onların beton səngərlər arasında qərar tutmuş düşmənin müqavimətini qırmaq üçün necə igidlik, mərdlik, şücaət və fədakarlıq nümayiş etdirdiklərinin, Hərbi Hava Qüvvələrinin (təkcə Su-25 hücum və MiQ-29 qırıcı təyyarələrinin yox, digər texnikaların, helikopterlərin, hava hücumundan müdafiə vasitələrinin, silahlı və silahsız pilotsuz uçuş aparatlarının) necə effektiv tətbiq edildiyinin əyani şahidi olduq. Doğma Vətənimizin belə qeyrətli oğullarının olması ilə qürur duyduq, eyni zamanda hava məkanımızın dəmir qanadlı zəfər şahinləri tərəfindən etibarlı və güvənli şəkildə qorunması ilə fəxr etdik. Bu gördüklərimizi, pilotlarımızın peşəkarlığını, vətənpərvərliyini cəmiyyətə çatdırmaq isə bizim boynumuzun borcu oldu. Bu cümlələri yazmaqla biz həmin borcu ödəməyə çalışdıq. Əgər bunu hərbi pilotlarımızın əməyinin bir misqalı qədər edə bildiksə, nə xoş bizə...
Səxavət Həmid
Fotolar Rüfət Mikayılovundur
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...