Toylarımızın vurğunu, mətbəximizə mat, Sumqayıta heyran qalan çinli alim - “Biz onların gözündə” – YENİ LAYİHƏ
Bizi izləyin

Qırmızı.az

Toylarımızın vurğunu, mətbəximizə mat, Sumqayıta heyran qalan çinli alim - “Biz onların gözündə” – YENİ LAYİHƏ

Azərbaycan artıq dünyada kifayət qədər tanınır. Həyata keçirilən iri biznes layihələri, dünya çapında mədəni-kütləvi tədbirlərlə bağlı hər il yüzminlərlə əcnəbi Azərbaycana gəlir. Bu isə ölkə ilə tanışlıqla yanaşı, ölkənin xaricdə tanıdılması deməkdir.

Digər tərəfdən, Azərbaycan son illər iş qurmaq, işləmək, təhsil almaq üçün də cəlbedici ölkələr sırasına qatılıb. Bu baxımdan, ölkəmizdə uzun müddət yaşayanların da sayı artmaqdadır. Onların isə bizi daha yaxşı tanımaq, tanıtmaq imkanları var. Publika.az da bu yazı ilə başladığı "Biz onların gözündə" adlı layihədə ölkəmizdə yaşayan əcnəbilərin gördükləri Azərbaycanı göstərməyə çalışacaq oxucularına.

Beləliklə, bu gün Azərbaycanı Bakı Dövlət Universitetinin nəzdindəki Konfutsi İnstitutunun direktoru, Çin vətəndaşı, xanım Hu Fenghuanın və onun həmvətəni – həmin institutun müəllimi, xanım Sun Yanın gözü ilə görəcəyik.

"Azərbaycan gənci daha çox avropalıdır, nəinki asiyalı..."

- Əvvəlcə tanış olaq. Azərbaycanda nə işlə məşğulsunuz?

Hu Fenghua: - Bakı Dövlət Universitetinin nəzdindəki Konfutsi İnstitutunun direktoru işləyirəm. Artıq 7 ildir burada həm də müəlliməyəm.

Sun Yan: - Mən də müəlliməyəm. Çin dilindən tədrislə məşğulam. Yeri gəlmişkən, xanım Hu Fenghua mənim universitetdən müəlliməm olub.

- Doğrusu, çətin işlə məşğulsunuz. Azərbaycanda çin dilini öyrənməyə maraq var?

H.F.: - Azərbaycanlı tələbələr çox bacarıqlıdırlar. 100-ə yaxın tələbə hazırlamışıq. Onlardan çoxu artıq tərcüməçi, Çin şirkətlərində menecer işləyirlər.

- Maraqlıdır, çin dilini öyrənməyin yolu nədən keçir?

H.F.: - Çin mədəniyyətini bilmədən dilini öyrənmək mümkün deyil.

- Çinlilər necə, Azərbaycan dilini rahat öyrənə bilirlər?

H.F.: - Məncə, problem yoxdur. Hətta azərbaycanlı və çinlilər arasında evlənənlər də var.

- Yəqin ki, belə nikahlar çinli oğlanla azərbaycanlı qızın evlənməsidir?

H.F.: - Çinli qızla evlənən azərbaycanlı oğlanlar da az deyil...

- Sizcə, çinli gənclərlə azərbaycanlı gənclər çox fərqlənir?

H.F.: - Hazırda dünyanın istənilən yerində müasir gənclər bir-birilərindən elə də fərqlənmirlər. Bunun da səbəbi texnikanın inkişafı, internet şəbəkəsi imkanlarının genişlənməsidir. Məsələn, gənclər sosial şəbəkələr vasitəsilə bir-birilərinin gündəlik həyatlarını, biliklərini bölüşürlər. Məncə, Azərbaycan gəncləri müasir gənc meyarının tələblərinə cavab verirlər. Azərbaycan coğrafi baxımdan həm də Avropada yerləşir. Yəqin bu səbəbdəndir ki, Azərbaycan gənci daha çox avropalıdır, nəinki asiyalı.

- Bəs fərqi nədə görürsünüz?

H.F.: - Əlbəttə, fərq var. Ərazi, eləcə də əhalisinin sayı baxımından ölkəniz Çindən dəfələrə kiçikdir. Sizin gənclərin ali təhsillərini bitirdikdən sonra iş tapmaq imkanları məhdud olur. Vakansiyalar azdır. Çinli gəncin isə belə problemi yoxdur.

S.Y.: - Sizdə qızların saçları fərqlidir. Məsələn, şabalıdı, sarı, qırmızı saçları olan qızlarınız var. Doğrusu, buna paxıllıq edirəm...

- Çində rəngli saçlar yoxdur?

S.Y.: - Sizdə doğuluşdan saçları açıq tonda olanlar var. Bizdə isə saçın quruluşu əsasən düz, rəngi tünd olur. O ki qaldı boyaya, Çində oğlanlar da saçlarını boyayırlar...

"Burda qadınlar üzdən gəncdirlər..."

- Çinlilərin "Yeməklə qidalanmaq dərmanla qidalanmaqdan yaxşıdır" deyə bir atalar sözü var. Nə yeyib-içirsiniz burda? Mətbəxiniz üçün lazım olan ərzağı tapa bilirsinizmi?

H.F.: - Çin mətbəxi çox zəngindir. Yeməklərin hazırlanmasında istifadə edilən ərzaqların, ədviyyatların çoxu Azərbaycanda satışda yoxdur. Çin restoranları isə bahadır. Yeri gəlmişkən, Çinin Şimal-Qərbində hazırlanan bəzi yeməklər Azərbaycan yeməkləri ilə oxşardır. Məsələn, onlar da lavaş, aş, çörək, qoyun əti bişirirlər...

- Bazardakı qiymətlər sizi qane edir?

H.F.: - Çörəyin, meyvə-tərəvəzin, eləcə də bir sıra ərzaq məhsullarının və nəqliyyatın qiyməti kifayət qədər normaldır. Meyvə-tərəvəz bir qədər qışda baha olur.

- Çinlilərin yaşı tapmacadır...

H.F.: - Sizcə, mənim neçə yaşım var?

- Bunu demək çətindir ...

H.F.: - 54. Məncə təəccüblü deyil. Azərbaycanda da 50 yaşında qadınlar elə də yaşlı görünmürlər. Sadəcə, burda qadınlar üzdən gəncdirlər...

S.Y.: - Mənim isə 26 yaşım var...

- Bəs bir çinli neçə yaşında qocalmağa başlayır?

H.F.: - Bu, artıq insanın özündən və qidalanmasından asılıdır. Biz çox az çörək yeyirik. Mətbəximizin böyük hissəsini düyü təşkil edir.

- O zaman sizin üçün Azərbaycan mətbəxi cəlbedici olmaz... Bizdə menünün əsasını ət, bol yağ və çörək formalaşdırır...

H.F: - Əksinə. Azərbaycanlılar yeməyi dadlı bişirirlər. Düzdür, hazırlanma mexanizmi mənə çətin gəlir. Amma salat, dolma hazırlamağı öyrənmişəm. Bir də, yeməyin dadlı olmasının səbəblərindən biri də ətin keyfiyyətidir. Azərbaycanın təbiəti gözəl olduğundan, mal-qara yaxşı otla qidalanır.

"Adımı-soyadımı yaza bilirəm..."

- Azərbaycanda nə xoşunuza gəlir?

H.F.: - Toylarınız. Hər il minimum bir toyda iştirak edirəm. Toylarınız həm müasirdi, həm də adət-ənənələrə uyğun.

- Xanım Fenghua, toylarımızda restoranın səs-küyü sizi narahat etmir ki?

H.F.: - Əksinə, toydan zövq alıram və çoxlu rəqs edirəm. Yeri gəlmişkən, əla rəqsləriniz var.

- Bildiyimiz qədər, sizdə də toylar kifayət qədər bahalıdır...

H.F.: - Xərclər ailənin maddi imkanlarına görə dəyişir...

- Sizin toylarda maraqlı nə var?

H.F.: - Çinlilər əlamətlərə çox inanırlar. Buna görə toy adət-ənənələri də qeyri-adidir. Məsələn, toy yeməklərinin hər birinin öz mənası var. İlk yemək qırmızı ətdən olur. Bununla "ailənin xoşbəxt olduğu" ifadə edilir. İkinci yemək "xoşbəxt ailə" yeməyidir. Üçüncü yemək dabaofandır. Bu yemək yapışqan düyü, Çin xurması, zanbaq, quru meyvələr və su zanbağından ibarət səkkiz növ məhsuldan hazırlanır. Yemək bir-birini sevərək evlənənlərin sona qədər birlikdə yaşamaları mənasını verir.

Çinlilərin toyunda qırmızı rəngdən çox istifadə edilir.

- Pul da yazdırırsınız?

H.F.: - Onsuz olmaz ki...

- Toylarımız arasında oxşarlıq tapırsınız?

H.F.: - Toy günü gəlini gətirməyə gedəndə, bəyi bir dəstə musiqiçi müşayiət edir və yol boyu musiqi çalınır. Sonra, məsələn, toydan 3 gün sonra bəyin valideynləri gəlini ilk yeməyə dəvət edir. Sonra da gəlinin valideynləri onları qonaq çağırır.

- Azərbaycan dilində danışa bilirsiniz?

H.F.: - Öyrənirəm. Əlifbanı bitirmişəm. Müəyyən sözləri başa düşürəm. Ən əsası, öz ad və soyadımı yaza bilirəm (gülür).

S.Y.: - Müəyyən sözləri öyrənə bilmişəm...

- Burada olduğunuz müddətdə Azərbaycanı gəzə bilmisiniz?

H.F.: - Azərbaycanın əksər bölgələrində olmuşam. Sumqayıtı daha çox bəyənirəm. Xüsusilə dənizkənarı bulvarı. Qonaqlarım gələndə də ora aparıram.

S.Y.: - Lənkəranda, Masallıda olmuşam. Mən də Sumqayıtın dəniz kənarını çox bəyənirəm.

"Çinə qayıtdıqdan sonra qonşularım üçün darıxacağam..."

- Burda qonşularınızla aranız necədir?

H.F.: - Əla. Qonşularımı sevirəm. Düşünürəm, Çinə qayıtdıqdan sonra onlar üçün darıxacağam.

- Adətən, xaricilər azərbaycanlı qonşularının səs-küyündən şikayət edirlər...

H.F.: - Mənim qonşularım çox mədəni, tərbiyəli insanlardır.

- Sun Yan, Azərbaycana tək gəlmisiniz?

- Nişanlımla birlikdə gəlmişik. Artıq 3 ildir Azərbaycandayıq. O, Neft Akademiyasında təhsil alır.

- Birlikdə yaşayırsınız?

- Xeyir. O, tələbə yataqxanasında qalır.

- Niyə, sizdə də nişanlılar evlilikdən əvvəl bir yerdə qala bilməzlər?

- ... (Gülür)

- Yaxşı, ümumiyyətlə, nişan deyəndə, sizdə nə başa düşülür? Necə olur nişanlanmaq? Yeri gəlmişkən, sizdə də elçilik var?

- Elçilik mütləqdir.

- Görürəm, bu mövzuda danışmağa o qədər də həvəsli deyilsiniz... Bəs Azərbaycanda işləmək nə dərəcədə sərfəlidir? Evlənmək üçün kənara pul ata bilirsiniz?

- Müəyyən qədər...

- Çin ailəsində evdə kimin sözü keçir?

H.F.: - Bizdə hüquqlar bərabərdir. Ev işləri də 50/50-yə bölünüb. Yəni, evdə təkcə ev sahibəsi yox, həm də ev sahibi var.

- Azərbaycanda daha çox nə üçün darıxırsınız?

H.F.: - Sözün doğrusu, Çin mətbəxi üçün darıxıram...

- Çin hökuməti bu günlərdə 1979-cu ildən bəri tətbiq edilən tək uşaq siyasətinə son qoydu. Bu qərarı necə qarşıladınız?

H.F.: - Evdə uşaqların sayı ailənin gəlirindən asılı olaraq verilən qərardı. Əgər iki və üç uşağı dünyaya gətirib böyütməyə maddi gücünüz varsa, buyurun. Əslində, əvvəllər də çoxuşaqlılığa icazə var idi. Müəyyən rüsum ödəyirdin, vəssalam. Düzdür, artıq iki uşağa icazə verilir. Amma gənclər heç bir uşaq da istəmirlər...

- Çində bir uşağa baxmaq ailəyə ortalama neçəyə başa gəlir?

H.F.: - Bu, ailənin məqsədlərinə bağlıdır. Uşağa çox və az investisiya qoyan var. Konkret rəqəm demək çətindir. Baxır sən uşağının kim olmasını istəyirsən.

- Son olaraq, Azərbaycanda nə var ki, Çində yoxdur?

S.Y.: - Təbiətiniz çox gözəldir. Bura gələndə, ölkənin belə gözəl olduğunu düşünmürdüm. Sumqayıtda dəniz kənarı çox gözəldir...

Leyla Əliyeva

Foto: ELÇİN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm