Qırmızı.az
Ən böyük arzum öz geyimlərimi Şuşada görmək idi - 8 MART MÜSAHİBƏSİ - FOTO
Azərbaycan qadınları tariximizin hər bir dövründə cəmiyyətin mənəvi dayağı olublar. Xalqımızın əsrlər boyu təşəkkül tapmış zəngin milli mədəni sərvətlərinin hifz edilməsində və ali bəşəri keyfiyyətlərin nəsildən-nəslə ötürülməsində onların misilsiz xidmətləri vardır. Hər il 8 mart Beynəlxalq Qadınlar Günündə seçdiyi sahədə asılı olmayaraq öz peşəsində uğurlar qazanmış xanımlarımı cəmiyyətə tanıtmaq ənənə halını alıb. Bu cür insanlar seçdikləri həyat yolları, təcrübələri ilə digər qızlarımıza, xanımlarımıza bir növ yol göstərən rolunu oynayıblar. Sözsüz ki, Azərbaycan qadını istənilən ölkədə, istənilən məkanda hərhansı keyfiyyəti ilə seçilməyi bacarıb və bacaracaq.
“Ənənədən gələcəyə” şüarı ilə Azərbaycan milli libaslarına yeni nəfəs gətirən, Azərbaycanın zəngin geyim mədəniyyətini, ənənələrini illərdir yaşadan və təbliğ edən Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli ilə görüşüb fəaliyyətindəki yeniliklərdən və pandemiya şəraitinin gətirdiyi fərqliliklərdən danışdıq.
Publika.az Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli ilə müsahibəni təqdim edir:
- Könül Vəlibəyli özünü oxucularımıza necə təqdim edir?
- Uşaqlıqdan bu günə kimi həm yaradıcı, həm ünsiyyətçil, həm öz kreativ fikirləri ilə idarəedici, həm də öz ətrafı tərəfindən sevilən biri olmuşam. Mənim bəlkə də uğurlarımın əsasını insanlarla, təbiətlə ünsiyyətə girə bilməyim, Allahın yaratdığı hər bir varlığı sevməyim, bir sözlə varlığımın sevgi dolu olmasına borcluyam. Uşaqlıqdan bu yaşa gəldiyim yol sanki mənimçün salınmış bir yoldur. Düzdür, həyatın hər zəman enişi-yoxuşu olur. Könül Vəlibəyli özünü heç bir zaman öz yolundan kənara çıxmayan, həmişə öz məqsədi, öz yaradıcılığı uğrunda mübarizə aparan, sevgi dolu biri kimi təqdim edərdi.
- Yaradıcılığınızda sizə stimul verən şey nədir?
- Bəlkə də insanları xoşbəxt etmək. Həmçinin, ənənələrimizi qorumaq. Məsələn, mən valideynlərimdən daha çox nənə və babamı xatırlayıram. Onları ata-anamdan daha çox sevirəm. Çox kiçik yaşlarımda nənə-babamdan tariximiz haqqında dinləməyim, tarixi çox sevməyim, tarix dərslərimizdə Azərbaycan mədəniyyətinə ayrılmış hissələrə olan marağım mənim üçün uşaqlığımdan bir cığır çəkib. Milli Geyim Evi ilə yanaşı təhsil sahəsində də çalışmışam. Amma mən Milli Geyim Evinə gəldiyim zaman özümü çox yaxşı hiss etmişəm. Digər sahələrdən qazandığım vəsaiti hər zaman milli geyimlərimizin hazırlanması üçün xərcləmişəm. Başqa ölkələrə səfərim zamanı yeni libaslar ərsəyə gətirmək üçün parçalar, müxtəlif aksesuarlar almışam. Bir sözlə özümdən çox bu sənətə vaxt ayırmışam. Milli Geyim Evinin 15 il ərzində var olmasının səbəbi mənim bütün gücümlə buraya hər tərəfli investisiya qoymağım olub. Bütün bunların sayəsində bu gün bu ənənə inkişaf edir.
- Milli geyimlərin hazırlanması üçün parçaları daha çox xarici ölkələrdən alırsınız. Azərbaycan milli ornamentlərinə uyğun parçaları tapmaq sizə çətin olmur?
- Əslində çox çətindir. Hətta, bir dəfə Azərbaycanın xalça naxışlarını kağız üzərinə köçürərək, Türkiyədə çap etdirdik. Daha sonra isə boya ilə öz naxışlarımızı Akademik Dövlət Rəqs Ansamblının geyimlərinin parçası üzərinə həkk etdik. Azərbaycanın geyim mədəniyyətinin geniş, rəngarəng olması ona uyğun parçaları tapmağı çətinləşdirən amillərdən biridir. Təkcə Qarabağın 13 bölgəsinin xalça naxışlarının eskizini çıxarmışıq. Bu parçaları sözsüz ki, tapa bilməyəcəyik. Mən ona görə çalışıram ki, keçmişdən istifadə olunan məxmər, gülməxmər, xara, ipək, saya parçalar üzərində öz naxışlarımızı tikim. Bildiyiniz kimi Türkiyə bizə mədəniyyət cəhətdən çox yaxın olan ölkədir. Ona görə məhz bu ölkədə libaslarımızı tikmək üçün parçalar, aksesuarlar tapmaq bir qədər rahatdır. Məsələn, kişi milli geyimlərində bel kəmərləri, patronları, qadın geyimlərindəki mirvarilər, daş-qaşlar, ipək, zərli sapları Türkiyədən əldə edirik. Bizim yaradıcılığımızın inkişafını, kolleksiyamızı Türkiyə zənginləşdirir. Məsələn, Şəki ipəyinin olması ən azından örpəklərimizin, yaylıqlarımızın əldə olunmasına kömək edir. Bizdə parça istehsal olunarsa, bu yaradıcılığımızı kifayət qədər inkişafa aparar. Bəzən parçalara naxışlarımızı muncuqlarla tikirik. Yəni, parçanın özünü xarici ölkədən alır, Bakıda muncuqlarla, saplarla həmin parçaları milliləşdiririk.
- Hansı xarici ölkələrdə dəfilələriniz olub və bundan sonra hansı ölkələrdə olması planlaşdırılır?
- BakıMilli Geyim Evi 2010-cu ildən aktiv olaraq Azərbaycanı dünyada təmsil etməyə başlayıb. Amerika, Çin, Yaponiya, Avropa, Qazaxıstan, Özbəkistan, Türkiyə, Meksika, İngiltərədə dəfilələrimiz olub. Həmçinin bir sıra ölkələrdə sərgilərimiz də baş tutub . Bir çox ölkələrdə böyük tamaşaların geyinmlərini hazırlamışıq. Yəni, fəaliyyətimizin 10-12 ilini xaricdə aktiv fəaliyyətdə olmuşuq. Getdiyimiz ölkələrdə mədəniyyət sahəsində çalışan qonaqlarımıza, səfirliklərimizin, diasporamızın işçilərinə və həmin ölkədə yaşayan həmyerlilərimizə milli geyimlərimizdən hədiyyə edirdik. Lakin pandemiya çox şeyi dəyişdi. Pandemiyanın mənfi təsirlərindən biri də bu oldu. Hər bir sahənin inkişaf dövrü var və uzun aktivlikdən sonra sanki biraz sakitlik dövrü yaşanır. Bizdə də məhz hazırda həmin o sakitlik dövrü yaşanır. Bu il Şuşa ilidir. Biz bu ilə illərdir hazırlaşmışıq. Getdiyim bütün ölkələrdə Qarabağ, Şuşa, İrəvan geyimlərini sərgilərdə təqdim etmişəm və bu insanlar tərəfindən çox maraqla qarşılanıb. Bu gün şükürlər olsun ki, Qarabağ artıq işğaldan azad olunub. Biz də Qarabağ geyimləri ilə əlaqədar xarici ölkələrdə sərgilər, dəfilələr keçirmək niyyətindəyik. Planlarımız çoxdur, ümid edirəm ki, nəzərdə tutduğumuz bütün işləri həyata keçirmək imkanımız olacaq.
- Hazırladığınız milli libaslarımızı Şuşada sənətkarlarımızın əynində görəndə hansı hisləri keçirdiniz?
- 44 günlük müharibə mənə 44 il kimi gəldi. Ağır həyəcan və stress keçirdim. Möhtəşəm qələbəmizdən bir müddət sonra may ayında Şuşada keçirilən festivalda bir sənətkarımızın Şuşa yay geyimində şəklini görəndə çox qürurlandım və ağladım. Mənim ən böyük arzum öz geyimlərimi Şuşada görmək idi. Hər zaman düşünürdüm ki, bir gün Şuşada da bizim dəfiləmiz olacaq. Buna ümidim var idi. Mən arzuma çatdım. Özüm orda olmasam da, hazırladığım libaslar Şuşada idi. Şuşa milli geyimi Cıdır düzünə necə də gözəl yaraşırdı. Arzum budur ki, ən qısa zamanda Cıdır düzündə milli geyimlərimizin fotosessiyasını, kiçik bir təqdimatını edək.
- Xarici ölkələrdə bir çox dəfilələriniz olub. Əcnəbilərin bizim milli geyimlərə marağı hansı səviyyədə idi?
- Əcnəbilərin bu geyimlərə marağı bizdən daha yüksəkdir. Libaslarımız daha çox Asiya ölkələrində yüksək maraqla qarşılanıb. Çin, Yaponiya, Koreya qədim tarixi olan xalqlardır. Onların bizim geyimlərimizə bu cür dəyər verməsi çox önəmlidir.
- Bu gün 8 mart Beynəlxalq Qadınlar Günüdür. Dünyada kifayət qədər kütlə tərəfindən tanınan bir xanım kimi Azərbaycan xanımına nə tövsiyə edərdiniz?
- Azərbaycan qadını həqiqətən də dəyərlidir. Mən ilk öncə qızlarımıza ali təhsil almağı arzulayıram. Çünki təhsil insanın gələcəyə etdiyi ən böyük yatırımdır. Təhsil ala bilməyən qızlarımıza isə bir sənətə yiyələnməyi tövsiyə edirəm. Çünki bir xanımın varlığı ilk öncə onun təhsili, tərbiyəsidir. Azərbaycan xanımları hərtərəfli xanımlardır. Ənənədən gələcəyə dedikdə bunu tək geyinlərimiz üçün nəzərdə tutmuram. Bu yanaşmanı bütünlüklə həyatımıza siraət etdirməliyik. Çətinlik hər zaman olub. Lakin Azərbaycan qadını ağıllı olduğu qədər həm də güclü olub. Bu gün texnologiyanın inkişafı ilə bir çox imkanlar yaranıb. Fikrimcə, xanımlarımız bu imkanları gözardı etməməli və uğur qazanmaq üçün bütün vasitələrdən səmərəli şəkildə istifadə etməlidirlər. Qadınlarımıza ən əsası isə xoşbəxtlik arzu edirəm. Çünki qadın xoşbəxt olarsa, onu ətrafına da ötürür. Sonda isə ölkəmizə, xalqımıza sülh-əminamanlıq arzu edirəm.
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var