Bazarda araba sürənin başına gələn şok olay: Vergidən dedilər ki...
Bizi izləyin

Qırmızı.az

Bazarda araba sürənin başına gələn şok olay: Vergidən dedilər ki...

Hadisə Yevlax rayonunun Yuxarı Bucaq kəndində baş verib. Olayın zərərçəkəni bəllidir: kənd sakini Tural Əjdərli. Bu hadisəni onun başına gətirən və ya gətirənlər isə məlum deyil.

Turalın 29 yaşı var, orta təhsilini ala-yarımçıq oxuyub, yəni orta təhsil attestatı belə yoxdur. Tural işsizdir. Ara-sıra iş taparsa, Bakıya gəlir. Bakıda “Vosmoy bazarı”nda arabayla yük daşıyır. Özü də ailəlidir, yenicə evlənib.

Tural Əjdərlinin mətbuata üz tutmasının səbəbi isə başqadır. Onun sözlərinə görə, adına ondan xəbərsiz şirkət açılıb və həmin naməlum şirkətin elə özü kimi naməlum fəaliyyətinə görə üstünə təxminən 10 min manatadək borc yığılıb. Martın 16-da ona vergi borcuna görə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsindən xəbərdarlıq barədə məlumat gəlib.

Baş İdarənin məlumatında bildirilib ki, “KYM Təchizat” MMC-nin dövlət büdcəsinə ümumilikdə 9818.85 manat borcu var: “Borc beş gün müddətində ödənilməlidir. Qeyd olunan borc ödənilmədiyi halda sizin (Əjdərli Tural Roman oğlunun) ölkədən getmək hüququnuzun müvəqqəti məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciət ediləcək”.

Tural Əjdərlinin sözlərinə görə, onun adına açılmış “KYM Təchizat” MMC adlı şirkətdən də Baş İdarədən gələn xəbərdarlıqdan sonra məlumat tutub. Dediyinə görə, ümumiyyətlə, bir şirkətin necə işlədilməli olduğunu bilmir, qaldı ki, onu açıb, hansısa işə qol qoymaq.

Şirkətin necə və ya kimlər tərəfindən açıldığı, Turalın adına hansı formada rəsmiləşdirildiyi və hansı işlə məşğul olduğu isə tam bir müəmmadır. Bu barədə İqtisadiyyat və Vergilər Nazirliyinə müraciət edib. Oradan ona “KYM Təchizat”ın fəaliyyəti haqda şifahi məlumat verilib, nə kimi işlərlə məşğul olduğuna dair informasiyalar göstərilib. Amma bunları yazılı şəkildə ala bilməyib. Tural məsələ ilə əlaqədar Bakıda Nizami rayon Prokurorluğunda da olub.

Mütəxəssislərə görə, son zamanlar bu kimi halların sayı artıb. Yəni kiminsə adına şirkət açıb qazanmaq, əvəzində kimisə də borc bataqlığında batırmaq... Tural da onlardan biridir.

Kiminsə adına ondan xəbərsiz şirkət açmaq üçün bir şəxsin elektron imzası, altında imzası olan etibarnamə, şəxsiyyət vəsiqəsi lazımdır. Tural isə deyir ki, elektron imzası yoxdur, heç bunun nə olduğunu da bilmir. Etibarnaməyə gəldikdə, heç kimə etibarnamə verməyib. Dediyinə görə, sadəcə olaraq, “Vosmoy bazarı”nda işləyərkən kirayə qaldığı evin sahibinə və yük daşımaq üçün icarəyə götürdüyü araba üçün şəxsiyyət vəsiqəsinin kopyasını verib. Şəxsiyyət vəsiqəsinin kopyası ilə də belə bir işin görülüb-görülməyəcəyini isə bilmir.

Çarəsiz vəziyyətdə olduğunu deyən Tural Əjdərli Daxili İşlər Nazirliyindən, Baş Prokurorluqdan, İqtisadiyyat və Vergilər Nazirliyindən və digər aidiyyəti qurumlardan kömək istəyir. O, belə bir şirkət açmadığını söyləyir. Deyir ki, belə bir şirkəti var idisə, niyə gedib bazarda araba basır.

Tural başına bu oyunu gətirənlərə də müraciət edib:

“İndiyədək heç kimə zərər verməmişəm, öz kasıb həyatımı yaşayan adam olmuşam. İndi qapını döyüb deyirlər ki, on min borcun var. Mən on mini bəlkə də heç həyatım boyu qazanmamışam, indi haradan tapım və ya qazanım ki, etmədiyim bir borcu ödəyim. Ailəm narahatdır, nə olacağını, necə edəcəyimizi bilmirik. Vəkilə verməyə də pul yoxdur ki, arxasına düşüb bu işi araşdırsın. Kimsinizsə, ortaya çıxın, məni bu bataqlığın içində batmağa qoymayın. Axı mən sizə nə etmişəm?”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm