Qırmızı.az
Fred Asifin oğlu sirləri açdı: "İmkan vermədilər ki..." - MÜSAHİBƏ - FOTO
Azərbaycanlı idmançı Azər Məhərrəmov Teleqraf.com-un suallarını cavablandırıb.
Azər Məhərrəmov Qarabağ döyüşlərində göstərdiyi şücaətə görə Milli Qəhrəman adı alan Asif Məhərrəmovun (Fred Asif) oğludur. Qol güləşi (armrestlinq) üzrə dünya və Avropa çempionatlarında Azərbaycanı təmsil edib, dəfələrlə birinci yeri tutub.
Onunla müsahibəni təqdim edirik:
- Azər bəy, mayın 30-da Polşanın Rumya şəhərində keçirilmiş qol güləşi üzrə Avropa çempionatının qalibi oldunuz. Təbrik edirik, uğurlarınız bol olsun. Təəssüratlarınızı bilmək istərdik.
- Bundan əvvəl də qol güləşi üzrə dünya və Avropa çempionatlarının qalibi olmuşam. Həmçinin müxtəlif yarışlarda birinci və ikinci yerləri tutmuşam. Doğrudur, sonuncu yarışda bir az zədələrim var idi, çətinliklə gedib çıxdım. İdmanda 100 faizlik heç nə yoxdur, hər şey mümkündür. Biz bu çempionata qatılmaq üçün yola çıxanda Bakıda hava şəraiti də əlverişsiz idi. Bu səbəbdən vaxtında gedib çıxa bilməmişdik, bir sıra çətinliklərlə qarşılaşdıq.
Buna baxmayaraq, Allah nəsib etdi, gedib iştirak edə bildik. Mayın 28-də ölkəmizdə Respublika Günü qeyd olunurdu, biz də mayın 29-da Avropa çempionatında Azərbaycan himninin sədaları altında bayrağımızı dalğalandırdıq.
- Sayca neçə qızıl medal almısınız?
- Medallarım çoxdur. Azərbaycan çempionatlarında, Rusiyada keçirilən beynəlxalq yarışlarda iştirak etmişəm. İranda beynəlxalq yarışdan 3 qızıl medal gətirmişəm. Avropa yarışlarında iki dəfə ikinci yer, bir dəfə birinci yer, dünyada isə bir dəfə birinci, bir dəfə də ikinci yer üzrə medallarım var.
Ötən il Ukraynanın Kiyev şəhərində dünyanın ən güclülərinin iştirak etdiyi “PAL Vendetta” qol güləşi liqasında Azərbaycanı təmsil edərək dünya çempionu adını qazandım və bu kuboku ölkəmizə gətirdim. Bu yarışda erməni idmançı Hevorx Muradyanı məğlub etdim. Belə uğurlarım çox olub.
Təxminən 60-dan yuxarı medalım var. Sonuncu yarışdansa birinci və ikinci yer olmaqla iki medal gətirdim.
- Bir çoxlarınınn uşaqlıqdan güləşə marağı olur. Maraqlıdır, sizdə qol güləşinə maraq necə yarandı?
- Çox idman növü ilə məşğul olmuşam. Hazırda üç idman növü üzrə aktivəm - paurliftinq (ayaq üstə ağırlıqqaldırma), “jim leja” (qaldırıcının skamyada uzandığı və hər iki əli ilə çəki qaldırdığı ağırlıqqaldırma məşqi) və stronqmen (güc nümayişi). Bu yaxınlarda stronqmen (yarışın adı: “strict curl”) üzrə Azərbaycan çempionatının qalibi oldum.
Amma uşaqlıqdan cüdo, konfu kimi müxtəlif idman növləri ilə də məşğul olmuşam. İmkansızlıqdan bəzi idman növlərinin arxasınca gedə bilməmişəm. Yaşadığımız evin yanında idman zalı var idi. Dərslərdən qalmadım, demək olar ki, 1991-ci ildən qol güləşi üzrə idman üzrə irəlilədim və nəticə əldə etdim.
İdman salonunda məşq edən hər bir adam qol güləşində özünü yoxlamaq istəyir. Dostlarla məşq edən zaman kimin qolunun güclü olduğunu yoxlayırdıq. O vaxtdan qol güləşi məndə yaxşı alındığına görə bir də gördüm ki, professional idmanın içərisindəyəm.
Bir də uşaqlıqdan Silvester Stallonenin filmlərinə baxıb qol gücünü yoxlamışam həmişə.
- Daha çox hansı idman növünün arxasınca getmək istərdiniz?
- Cüdonun arxasınca gedərdim. O vaxtlar maddi vəziyyətim zəif olduğu üçün məşqlərdə yaxşı iştirak edə bilmirdim. Sonra çörək arxasınca Rusiyada yaşamalı oldum və bu idman növünü inkişaf etdirə bilmədim. Amma ən yaxşı idman növü qol güləşidir.
- Bu güləş növündə zədə olurmu?
- Bəli. Sonuncu yarışa elə zədəli vəziyyətdə qatılmışam. Maddi imkan da yoxdur ki, vaxtında müalicəsini alasan. Adətən, bu cür zədələrin müalicəsi çox baha başa gəlir. Buna görə də heç müalicə etdirmirəm.
- Dövlət səviyyəsində müalicənizə yardım olunmur?
- Yeni Gənclər və idman naziri təyin ediblər. Yəqin bundan sonra yaxşı olar... Amma indiyə qədər gedib xaricdə öz hesabımıza bayrağımızı qaldırıb qayıdıb gəlib oturmuşuq evdə. Öz hesabımız deyəndə ki, sağ olsunlar, dost-tanışlar yarışlara qatılmağımıza yardım edirlər. Çox istəyərdik ki, dövlət tərəfindən bu sahəyə diqqət göstərilsin.
Son yarışda Avropanın 7 ölkəsi də iştirak edirdi. Biz bu yarışda hər dəfə bayrağımızı qaldıranda onların hamısı məcburən ayaq üstə durub himnimizə qulaq asırdılar. Biz xalqımız, dövlətimiz üçün çalışırıq. Dövlət tərəfindən az da olsa, dəstək verilsəydi, bundan da artığını edə bilərdik. Yaxşı idmançılarımız çoxdur. Gedib beynəlxalq yarışlarda başqa dövlətləri təmsil edirlər.
- Yeni Gənclər və idman nazirini şəxsən tanıyırsınızmı? Görüşünüz olubmu?
- Bəli, görüşümüz olub. Yaxından tanımıram, amma internet resurslarında idmançılarımızın danışığından belə başa düşürəm ki, o, savadlı insandır. Belə təəssürat yaradır ki, idmanı irəli çəkəcək. Təzə təyin olunmasına baxmayaraq, bu sahədə yeniliklər edib.
Bəzi federasiyaların hamısını bir yerə yığmaq istəyirlər. Elə federasiyalar var, prezidenti heç idmançı deyil. Bilmir ki, idmançının zədə alması, yarışa hazırlaşması nə deməkdir.
Əvvəllər çox problemlərlə rastlaşmışıq. Söhbət Azərbaycan Qol Güləşi Federasiyasından gedir. Məşq edirdik, aylarla salondan çıxmırdıq, bir sözlə, özümüzü öldürürdük. Pikin forma deyilən vəziyyətə gəlib çatanda gedib müraciət edirdim, deyirdilər ki, səni yarışa apara bilmərik, yaxud hesabımızda pul yoxdur. Anlayışla qarşılayırdım, deyirdim ki, dostlarımız sağ olsun, onlar kömək edəcəklər.
Bilə-bilə ki, gedib o yarışda Azərbaycan bayrağını qaldıracam, yenə də bizim yarışa getməyimizə imkan verməyiblər. Bir sözlə, haqsızlıqlar çox olur... Ona görə də artıq 4 ildir Qol Güləşi Federasiyasından ayrılmışam.
Xarici dövlətlərdən mənə çox dəstək var, nəinki öz ölkəmizdə. Bacardığım qədər öz hesabımıza gedib xaricdə yarışlarda qalib gəlirik. Ümid edirəm ki, yeni nazir bu haqsızlıqları aradan götürəcək.
- Qol Güləşi Federasiyasından ayrıldığınızı dediniz. Sizin kimi idmançılar çoxdurmu?
- Təxminən 20-yə yaxın dünya çempionu Qol Güləş Federasiyasından uzaqlaşıb. İstəyirik Azərbaycanda bu idman növünü dirçəldək. Görürük ki, adıçəkilən federasiyada tərpəniş yoxdur. Bizim bir dənə də medal gətirənimiz yoxdur. Ona görə də bu federasiyadan ayrılmışıq ki, həm idmançılarımızın gələcəyi olsun, həm də heç olmasa 3-5 manat qazansınlar.
İçi mən qarışıq bu idmaçılarımızın çoxunun heç idman müəllimi də yoxdur. Evdə də olsa, məşqlər edirik ki, qatıldığımız beynəlxalq yarışlarda dərəcə alaq. Uşqalarımız çox əziyyət çəkir, bu əziyyətin qarşısında heç nə olmayanda, təbii ki, idmandan ayrılıb gedib zərərli vərdişlərə qoşulurlar.
Məqsədimiz odur ki, idmançılarımıza stimul verən, cəmiyyətə töhfəsi olan bir qurum yaradaq. Məşq edib evdə oturmaqdan bir şey çıxmır. Bunun dərəcəylə bərabər pul qazanmağı da var. İdmanda pul yoxdur. Dəfələrlə Avropa çempionatında təmsil olunmuşam, dövlət tərəfindən 1 qəpik də pul verilməyib. Amma dostlarımın və şəxsi vəsaitimlə hər dəfə bu cür yarışlara 2 min dollardan çox xərc çəkirik. Hələ itirdiyimiz sağlamlığımızı saymırıq...
Biz olduğumuz qruplar güclü liqalardır. Yəni iştirak etdiyimiz yarışlarda idmançılarımız dünya səviyyəsində güclü reklam olunur. Avropa dünya çempionatlarından başqa bəzi yarışlar var ki, pulla keçirilir. Sabah onlar orada iştirak edib pul da qazanar, karyera da qura bilərlər. Fikrimiz odur ki, iki-üç ilə Azərbaycanda bu idman növünü yüksəkliyə qaldıraq. Heç olmasa idmançılarımız bu idman növündən faydalasınlar.
- Yarışlar pulla keçirilir? Bunu bir az izah edərdiniz.
- Avropa və dünya çempionatlarında bir qayda olaraq pul olmur. Bundan başqa kommersiya yarışları var ki, orada iştirak edən idmançılar pul qazana bilərlər.
Azərbaycan Qol Güləş Federasiyası bir dənə Avropa və dünya çempionatında iştirak ediblər. Yəni idmançı gedib Avropa və ya dünya çempionu olsa da, onun gələcəyi üçün heç nə yaradılmır.
Əgər iştirakçı Avropa yarışdan sonra “qızıl tur”da qalib gəlsə, top 8-də dünyanın ən güclü 8 nəfəri arasında 4-5 ay yarış gedir. Onların da arasında 350-360 min dollar hədiyyə var. Dördüncü yerin sahibi 20 min dollara yaxın pul götürə bilir. Bir növ olimpiada kimidir. Yəni bu yarışda iştirak edib oraya lisenziya qazanıb irəli getmək olur. Burada idmançıları hərəkətə gətirmək üçün çox böyük vəsait paylanır.
Doğrudan da ölkəmizdə bunların əhəmiyyəti yoxdur. Biz neçə dəfə bayrağımızı qaldırmışıq, amma maraqlanan yoxdur. Zədələnəndə belə, müalicəni etməyə kömək olunmur. İstəyərik heç olmasa dövlət tərəfindən nəzarət yetirilsin. Bu, növbəti yarışlara daha güclü qatılmağımıza stimul olar. Problemlərimiz var, şikayət etmirik, inşallah, yaxşı olar.
46 yaşım var, müxtəlif yarışlara qatılıram, hələ Qol Güləşi Federasiyasında bir dənə idmançı yoxdur ki, yarışlara çıxarsınlar. Çox idmançılarımız ölkəni tərk edib başqa dövlətlərdə işləməyə gedirlər.
- Kommersiya yarışlarda indiyədək qələbənizə ən çox nə qədər pul qoyulub?
- Doğrusu, hələ o yüksək məbləğin yarısına çıxa bilməmişəm. Amma deyim ki, ötən il baş tutan dünyanın ən güclülərinin iştirak etdiyi “PAL Vendetta” qol güləşi liqasında erməniyə qalib gəlməyim mənə puldan da artıq idi. Bu yarışda da kubok var idi, pul yox idi. Amma bu yarışı udandan sonra başqa bir pillə var, ora çıxa bilsəm, güclü pul qazana bilərəm. Burada ən az məbləğ dördüncü yer üçün 20 min dollar, birinci yer isə təxminən 100 min dollardan yuxarıdır. Doğrusu, indiyə qədər ciddi pul udmamışam.
- Elə olubmu ki, heç pul ayırmasınlar?
- Yarışların əksəriyyətində pul ayrılmır. Nə Avropa, nə dünya çempionatının heç birində pul yoxdur. Sonuncu yarışda iki medal gətirdim ölkəmizə, bunun üçün pulu onlar yox, dövlətim verməlidir.
Təsəvvür edin ki, beynəlxalq yarışda iştirak edirik. Orada erməni general da oturub. Bir azərbaycanlı idmançı orada birinci yerə çıxır və himnimiz oxunursa, o, məcburən ayağa durub başını aşağı salıb bayrağımızın altında himnimizə qulaq asmalıdır. Avropa və dünya çempionatlarının əhəmiyyəti budur.
- Tələbə yetişdirirsizmi?
- Tələbələr olur. Mənim zalım yoxdur, dost-tanışın idman salonlarında məşq edirəm. Birlikdə məşq etdiyim bir nəfəri özümlə xaricdə yarışa aparmışdım. İki-üç ay olardı-olmazdı məşq edirdi, üstəlik ilk yarışa qatılırdı, beşinci yeri qazandı. Həm özüm məşq edirəm, həm də onları öyrədirəm. Təbii ki, öz idman zalım olsa, çox idmançı hazırlaşdırmaq olar.
- Fred Asifin oğlu olmaq sizə yarışlarda əlavə güc verirmi?
- Əlbəttə. Bir misal deyim. Ukraynanın Kiyev şəhərində Azərbaycanı təmsil edərkən erməni ilə qarşılaşmalı oldum. Onu tanımırdım, heç demə o, 4 ay imiş mənim videolarıma baxıb məşq edirmiş. Mənə də yarışa 1 ay qalmış rəqib barədə məlumat vermişdilər. Doğrusu, rəqib başqa millətin nümayəndəsi olsaydı, bu yarışdan imtina edəcəkdim. Amma erməni olduğuna görə yarışda iştirakı qəbul etdim. Əgər yarışdan imtina etsəydim, erməni avtomatik udmuş sayılırdı. Deyəcəkdi ki, azərbaycanlı məndən qorxub yarışmaq istəmədi.
Təbii ki, həmin an həm Milli Qəhrəman oğlu olaraq, həm də özüm döyüşlərdə iştirak edən biri kimi böyük məsuliyyət daşıyıram. Nəslimizin əksəriyyəti Qarabağ əlilidir. Bunların hamısını göz önünə gətirəndən sonra Allah mənə xüsusi bir güc verdi və qalib gəldim.
- Atanız da idmançı olub?
- Atamı çox görməmişəm. Onun haqqında dostlarından eşitmişəm. Atam evdə boksla məşğul olurmuş və bu idmanı sevirmiş. Fred ləqəbi də ona 16 yaşında verilib. Fred 70-ci illərdə bir fransız kinosunda baş rolda gedən, kasıbların yanında olan qəhrəman obrazıdır. Həmin kino Ağdamda “Dostluq” kinoteatrında yayımlanmışdı.
Bundan sonra atam küçədə 6-7 nəfər şəhər uşağının bir kənd uşağını döydüyünü görüb. Atam təklənmiş uşağın tərəfini saxlayır və başlayır 6-7 nəfərə qarşı döyüşməyə. Kənardan bu görənlər onu Fred adlandırıb. Elə o vaxtdan bu ləqəb ona verilib.
- Qarşıdakı planlarınız nədir?
- Sentyabr ayında Fransada dünya çempionatı keçiriləcək. Biz bu yarışa artıq dəvət almışıq. İstəyərdim oraya tək yox, komanda ilə gedim. Yaxşı idmançılarımız var, onlar qalıb kənarda, heç bir yarışlarda iştirak etmirlər. İstəyirəm ki, həmin idmançılarımız indidən hazırlaşıb Fransadakı çempionatda bayrağımızı qaldırsınlar. Qəribədir ki, xarici dövlətlər bizə daha çox önəm verir, nəinki öz ölkəmizdə.
Təxminən 15 il əvvəl Rusiya vətəndaşlığı təklif olundu ki, yarışlarda onları təmsil edim. Bundan imtina etdim. Bu addımımı çox adam başa düşmədi. Amma mənim nəslim, köküm xalqından, vətənindən ötəri şəhid düşüb. İndi belə bir nəslin nümayəndəsi xalqından imtina etsin?!
Rusiya vətəndaşlığını qəbul edib, yarışlarda onların bayrağını qaldırmağı özümə yaraşdırmadığım üçün problemlər yaşadım, deportasiya olundum. Oradan qayıdandan sonra yenə ölkəmizdə idmanla məşğul olmağa başladım. İstəyirəm ki, heç olmasa çəkdiyim əziyyətin qiyməti bilinsin.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO