Qırmızı.az
“Saxta rəylərinə görə onu məhkəməyə verəcəm”
“Milli Anatomiya və Tibbi Ekspertiza Birliyinin rəhbəri Şakir Musayevi yazdığı və mənə oxuduğu elmi-metodoloji kitaba uyğun ekspert rəyi verməyə çağırıram. Əks halda, bu qurumu məhkəməyə verməkdən başqa yolum qalmır”.
Bu sözləri AzNews.az-a zərərçəkən Anar Niftəliyev həyat yoldaşı,
Bakı Slavyan Universitetinin dekanı, tənqidçi Elnarə Tofiqqızının
ölümü ilə bağlı hazırda Bakı Şəhər Prokurorluğunda davam edən
istintaq işi ilə bağlı məlumat verərkən söyləyib. Onun sözlərinə
görə, istintaq ciddi irəliləyiş əldə edib və toplanan məlumatlar
yeni və daha təkmil ekspert rəyinin verilməsini zəruri edib:
“Hazırda istintaq mühüm mərhələdədir və bizim iddialarımızda da əks
olunan suallar daxil olmaqla, bir neçə mübahisəli məsələyə aydınlıq
gətirilməsi üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya
Birliyinə müraciət edilib. İndi Birliyin ekspert komissiyasının
rəyini gözləyirik”.
A.Niftəliyevin iddialarına görə, bu komissiya artıq 4 dəfə
birtərəfli, yarımçıq və qarşı tərəfin maraqlarını təmin edən saxta
rəy verib:
“Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəhbəri Şakir Musayevlə bir dəfə həmin ərəfədə görüşdüm və ondan komissiyanın işinin ədalətli qurulması üçün əlindən gələni etməsini xahiş etdim. Çünki bu Birlik haqqında Azərbaycan cəmiyyətində kifayət qədər yayılmış təsəvvür var, hamı bu idarəni “Qanbatıran idarə” adlandırır. Şakir müəllim görüşümüzdə həm də ətraflı məlumat verdi: özünün yazdığı və masasının üstündə olan kitabın bəndləri ilə təsdiqlədi ki, tibb personalından heç kim məsuliyyətdən yaxa qurtara bilməz, Elnarə Tofiqqızının ölümünə bais olan hər kəsin məsiliyyəti – az və ya çox olmasından asılı olmayaraq – ayrıca göstəriləcək. Ancaq təəssüf ki, yalnız anestezioloqun məsuliyyəti xüsusi olaraq göstərildi – şəraiti imkan verməyən, tibbi avadanlıqları tələblər səviyyəsində olmayan bir cərrahiyyə otağında əməliyyat aparan, xəstənin vəziyyətinin ağırlaşdığı məqamda məqsədəmüvafiq tədbirlər görməyən, həkim briqadası belə çağırmayan (həkim briqadalarını biz çağırmışıq), iş-işdən keçənə qədər kustar üsulla “yardım” göstərməkdə davam edən həkimləri məsuliyyətdən kənarda qoydular. Səhiyyə Nazirliyinin 13 dekabr 2013-cü ildə istintaqa göndərdiyi məktubda rəsmən göstərilir ki, nazirliyin baş onkoloq və baş anestezioloqunun rəhbərliyi ilə keçirilən komissiya “əməliyyatdan əvvəl müayinələrin aparılmasında, xəstənin cərrahiyyə əməliyyatına hazırlanmasında, anesteziya metodunun seçilməsində və onun adına tibbi sənədlərin seçilməsində tibb işçiləri tərəfindən nöqsanlara yol verilmişdir”.
Səhiyyə Nazirliyinin bu rəsmi mövqeyini Məhkəmə Tibbi Ekspertiza və Paroloji Anatomiya Birliyi təsdiqləmir. Bunun yalnız bir adı var: qarşı tərəfdən rüşvət alıblar. Heç qarşı tərəf də bunu gizlətmir axı – hər yerdə danışır”.
A.Niftəliyev hazırda Bakı Şəhər Prokurorluğundan göndərilən sorğunun daha geniş və əhatəli olduğunu da bildirib:
“İndi sorğu o qədər geniş qoyulub ki, buna ümumi sözlərlə cavab vermək mümkün deyil və kimlərisə məsuliyyətdən qorumaq çətindir. Hesab edirəm ki, Bakı Şəhər Prokurorluğu Şakir Musayevin rəhbərlik etdiyi idarəyə ədaləti təmin etmək üçün növbəti şans verib. Ya bu idarə nəhayət, ölkə rəhbərliyinin, şəxsən Baş prokuror Zakir Qaralovun və ictimaiyyətin diqqətində olan bir işdə ləkələnmiş nüfuzunu qorumaq yolunda bir addım atacaq, Səhiyyə Nazirliyinin mütəxəssislərinin rəyini təsdiqləyəcək, ya da heç nəyə baxmayaraq, növbəti dəfə “qanbatıran” idarə adını şərəflə daşıdığını bir daha isbatlayacaq. İkinci halda bizim də əsəblərimiz var, inşallah, o komissiyada təmsil olunanların da ailələrinin başına belə bir faciənin gəlməsini arzulamaqla bərabər, məhkəməyə də müraciət edəcəyik”.
Jurnalist Anar Niftəliyev həm də millət vəkillərinə, ictimaiyyət
nümayəndələrinə səslənib:
“Deputatlardan, ictimaiyyət adamlarından yardım gözləyirəm: kim bu
ölkədə yaşayırsa, əmin olsun, həkim səhlənkarlığından kənarda deyil
və ekspertizanın yanlış qərarı ilə qorunan həkimlərin azğınlığı bir
gün hamının qapısını döyəcək – onsuz da bir-bir döyür. Ona görə də
hamıdan gələcəyimiz naminə, yaramaz həkimlərdən xilas olmaq və
yaramazlıq edə biləcək həkimlərə görk olmaq üçün bu işə diqqət
ayırmalarını xahiş edirəm. Əgər bir ölüm faktını törədən həkimləri
bir ildir cəzalandıra, ən azı, bir insanın ölümünə, iki çocuğun
yetim qalmasına səbəb olan yaramaz həkimləri heç olmazsa həkimlik
fəaliyyətindən kənarlaşdıra bilmiriksə, onlar yenə də pasientlərə
“kliyent” kimi baxaraq, pul yığmaqlarında və insanları
kəsib-tökməklərindədirlərsə, biz özümüzü hansı cəmiyyətə aparırıq?
Bütün ictimaiyyətin gözləri önündə ekspert komissiyası bir qətli
ört-basdır edə bilirsə, bizi sabah hansı bəlalar gözləyir? Mən nə
istəyirəm ki – Elnarə xanımın qatilləri bir daha əllərinə skalpel
almasınlar, bir daha mənim kimi adamları aldadıb, heç bir ehtiyac
olmadığı halda cərrahiyyə əməliyyatına soxmasınlar və mənim kimi
insanları bədbəxt etməsinlər. Bu adamlar həkim adı altında
qəssablıqla məşğuldur, bunların əynindən həkim xalatını çıxarıb
tullamaq bu cəmiyyət üçün o qədərmi çətindir? Bu yaramazların
cəzalanmamasından sui-istifadə edəcək digərlərinin nələr
törətdiyini bir anlıq təsəvvür edirsinizmi?”
Qeyd edək ki, BSU-nun dekanı, tənqidçi Elnarə Tofiqqızı ötən il
sentyabrın 20-də Bakıdakı "Medi Sina" Tibb Mərkəzində cərrahiyyə
əməliyyatı zamanı həyatını itirib. 2013-cü il sentyabrın 25-də
faktla bağlı Nəsimi Prokurorluğunda cinayət işi başlanılıb. 2014-cü
il aprelin 10-da isə zərərçəkənin istintaqın birtərəfli və qərəzli
aparılması barədə şikayəti əsasında, baş prokurorun qərarı ilə
cinayət işi Nəsimi Prokurorluğundan alınaraq, Bakı Şəhər
Prokurorluğuna verilib.
Hazırda cinayət işi Bakı Şəhər Prokurorluğunda, müstəntiq Vaqif Süleymanovun icraatındadır.
-
Kriminal18:00
Azərbaycandan qaçdığı düşünülən seksual manyak gizli şəkildə çobanlıq edirmiş
-
Sağlamlıq17:21
Xroniki baş ağrısına səbəb olur - Bu dərmanlar təhlükəlidir!
-
Kriminal17:00
Tələbənin maşını ilə dəhşətli qəza törədən gənc həbs edildi - FOTO
-
Cənubi Qafqaz16:40
Bu ölkə Avropanın İrəvana yardımını Bakıya görə blokladı - Ermənistana “soyuq duş”
-
Dəb16:27
Dünya qədər pulu var, amma sevgilisinə normal geyim ala bilmir? - FOTO
-
Nida Xəbər 15:58
Fransa daxili işlər nazirinin bu iddiaları əsassızdır - XİN
-
Nida Xəbər 14:40
Almatı danışıqlarının arxasında hansı ölkə var? - Ermənilər qorxuya düşüb
-
Magazin214:05
Məşhur aparıcı tanınmaz halda - VİDEO