Nazir yeni işə qəbul olunan dövlət qulluqçuları ilə görüşdü
Bizi izləyin

Qırmızı.az

Nazir yeni işə qəbul olunan dövlət qulluqçuları ilə görüşdü

Sentyabrın 12-də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) vakant vəzifələr üzrə yeni işə qəbul olunan dövlət qulluqçuları ilə görüş keçirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, ƏƏSMN-nin fəaliyyətinin müasir tələblərə uyğun qurulması, əhaliyə xidmət sisteminin təkmilləşdirilməsi və bu sahədə şəffaflığın təmin olunması məqsədilə görülən işlərdən, qabaqcıl beynəlxalq təcrübə əsasında aparılan islahatlardan bəhs edib: “Təbii ki, bütün bu işlərin uğurlu təşkilində bilikli və mənəviyyatlı, dövlətçiliyə sədaqət hissinə və dövlət qulluğu sistemində çalışmaq bacarığına malik keyfiyyətli kadr potensialının formalaşdırılması vacib şərtlərdən biridir. Biz Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə bu istiqamətdə fəal əməkdaşlıq həyata keçiririk. Nazirlik sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə Komissiyanın keçirdiyi müsabiqə və müsahibə mərhələlərində uğur qazanmış namizədləri cəlb edirik. Sevindirici haldır ki, onlar göstərilən etimadı doğruldurlar”.

Nazir bildirib ki, bu prosesin uğurlu davamı olaraq, qeyd olunan Komissiyanın müsabiqə və müsahibələrində uğur qazanmış, iqtisadçı və ya hüquqşünas ixtisaslarına malik 28 nəfər gənc namizəd müvafiq əmrlər əsasında bu gündən nazirlik sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə yeni vakant yerlərə işə qəbul edilirlər: “Siz dövlət qulluğu sisteminin məsuliyyətli və eyni zamanda şərəfli bir fəaliyyət sahəsi olduğunu hər zaman dərk etməlisiniz. Möhtərəm dövlət başçımızın “Dövlət məmurları xalqa xidmət edir və etməlidirlər. Dövlət məmuru cəmiyyətdə hər bir vətəndaş üçün nümunə olmalıdır” fikrini siz daim öz fəaliyyətinizdə rəhbər tutmalı, dövlət qulluqçularının etik davranış qaydalarına yüksək səviyyədə əməl etməlisiniz. Xidmət göstərdiyiniz insanlara qarşı mehriban və qayğıkeş münasibətinizlə, mədəni davranışınızla, öz iş sahənizə vicdanlı münasibətinizlə seçilməlisiniz. Daim oxumağa, öyrənməyə çalışın, bilik səviyyənizi artırın, dünyagörüşünüzü, mənəviyyatınızı zənginləşdirin, karyeranızı inkişaf etdirin”.

Dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülən işləri də diqqətə çatdıran S.Müslümov yeni işə qəbul olunan gəncləri dövlət qulluğu sistemində fəaliyyətə başlamaları münasibətilə təbrik edib, onlara dövlət qulluqçusu kimi fəaliyyətlərində uğurlar arzulayıb. Yeni işə qəbul olunan gənclər ürək sözlərini ifadə edərək, dövlət qulluğunda işə qəbul olunmaları prosesinin şəffaf və obyektiv şəkildə keçirilməsindən razılıqlarını ifadə edib, göstərilən bu yüksək etimadı daim nümunəvi fəaliyyətləri ilə doğruldacaqlarını vurğulayıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm