5 yaşlı uşağı kimlər dilənçiliyə vadar edir? – ARAŞDIRMA - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

5 yaşlı uşağı kimlər dilənçiliyə vadar edir? – ARAŞDIRMA - FOTOLAR

Bakıda naməlum şəxslərin 5 - 6 yaşlı uşağı soyunduraraq paytaxt küçələrində diləndirməsi barədə bir neçə gün əvvəl məlumat yaymışdıq. Bildirmişdik ki, günün axşam saatlarında metronun "Memar Əcəmi" stansiyasının ətrafında insanlar xoşagəlməz mənzərənin şahidi olublar. Həmin ərazidə yaşayan sakinlər, habelə oradan keçənlər təxminən 5 - 6 yaşlarında uşağın çılpaq dilənməsinin şahidi olublar. Mənzərə nə qədər acınacaqlı olsa da, ətrafdakıların laqeydliyi daha sarsıdıcı olub. Soyuq günlərdə azyaşlı uşağın küçədə çılpaq dilənməsinə demək olar, heç kim reaksiya verməyib. Biz də öz növbəmizdə bu məsələni araşdırmaq qərarına gəldik.

Elə bu səbəbdən “Memar Əcəmi”, “20 Yanvar” metrostansiyalarının yaxınlığındakı bir neçə küçədə müşahidələr apardıq.

“Yalnız pul istəyəndə Azərbaycan dilində danışır”

Metro stansiyasının qarşısında söhbətləşdiyimiz ayrı - ayrı şəxslər bildirdi ki, həmin uşaq 2 - 3 gündən bir burada gəzərək ətrafdan keçənlərdən pul istəyir. Limon satışı ilə məşğul olan Cəmilə adlı qadının sözlərinə görə, həmin uşağı burada tez - tez görsələr də, onu yaxından tanıyan yoxdur: “Onun beş - altı yaşı olar. Qaraçı ailəsinin övladıdır. Adını heç biz də bilmirik. Yalnız əlini açıb pul istəyəndə Azərbaycan dilində danışır. Başqa vaxt öz aralarında ancaq qaraçı dilində nəsə deyirlər”.

Müsahibimiz maraqlı məqama da toxundu. Sən demə, azyaşlının soyunub küçədə dilənməsinin səbəb(karları)ləri varmış: “Mən onu burada tez - tez görürəm. Amma sonuncu dəfə görəndə günorta vaxtı idi. Əynində də paltarı vardı. Üst geyimi dəri gödəkcə idi. Uşağı bura iki cavan qız gətirir. Özləri ilə gəzdirib diləndirirlər. Qızlar onun qohumudur, ya yox, bunu bilmirəm. Bu uşaq od parçasıdır. Hər kəsə yaxınlaşıb əl açır, ora - bura qaçır. Onlar tez-tez bu ərazilərdə görünürlər. Dünən də bu vaxt (saat təxminən 17 - 18 radələrində) gəlmişdilər”.

Qadın əlavə etdi ki, azyaşlını diləndirən qızların öz məkanlarını müntəzəm dəyişmələrinin bir sıra səbəbləri var: “Polislər onların burada dilənmələrinə icazə vermirlər. Buna görə də hərdən gəlirlər. Heç bu gün ümumiyyətlə, buralarda gözə dəyməyiblər. Adətən qızlar kənarda dayanır, ağacların altında gizlənib uşağa göz qoyurlar. Uşağı bir az diləndirdikdən sonra tez də çıxıb gedirlər”.

Cəmilə xanım qeyd etdi ki, azyaşlını diləndirən qızlar pul qazanmaq üçün müxtəlif vasitələrə əl atsalar da onlara pul verən çox azdır: “Ümumiyyətlə, onlara yaxşılıq yoxdur. Çünki qaraçıların hər şeyi var, dilənmək sadəcə onların adətidir. Ona görə də çox adam onlara heç bir qəpik də vermir. Əksər hallarda metronun qarşısındakı dayanacaqda dayanırlar. Çünki orda adam çox olur. Amma sonuncu dəfə onları “McDonalds”ın qarşısında dilənən gördüm”.

“Polis burdan qovur, gedib başqa yerdə dilənirlər”

Metro stansiyasının qarşısında satıcılıqla məşğul olan Ruslan adlı şəxs isə bildirdi ki, burada diləndirilən azyaşlı uşaq avtobus dayanacağında tez - tez görünür:

“Qarşısına çıxan hər kəsə yaxınlaşıb pul istəyir. Çox üzlü adamlardır. O gün axşam, hava qaralana yaxın uşağı bura gətirmişdilər. Gördülər ki, polis gözə dəymir, azyaşlı paltarını çıxarıb mağazalara girdi, küçədə bir az o tərəf – bu tərəfə getdi. Belə edirlər ki, elə bilsinlər yoxsuldur, camaatın bunlara yazığı gəlsin. Amma əslində belə deyil, onların paltarı da var, hər şeyləri də. Bunlar sənədsiz adamlardır. Nə daimi yaşayış yerləri var, nə bir məşğuliyyətləri. Polis burdan qovur, gedib başqa yerdə dilənirlər. Neçə dəfə tutub aparıblar, amma yenə xeyri yoxdur”.

Azyaşlının paytaxt küçələrində dilənməsinə münasibət bildirən müsahibimiz bunun səbəblərini başqa cür əlaqələndirdi: “Onun əyninə paltar geyindirsən də, yenə soyunacaq, başlayacaq yenidən dilənməyə”.

“Onların yaşadıqları ünvan Biləcəri qəsəbəsidir”

Qeyd edək ki, həmin ərazilərdə iki saatdan çox müşahidə aparsaq da, nə qaraçı qızları, nə də usagı buralarda tapa bildik. Metrostansiyanın qarşısındakı mağazada meyvə - tərəvəz satışı ilə məşğul olan şəxslərdən biri qaraçı qızlar tərəfindən soyundurulub küçələrdə diləndirilən uşağın da, qızların da yerlərini tez - tez dəyişdiklərini dedi. Bildirdi ki, onların tez - tez üz tutduqları ünvanlardan biri də “20 Yanvar” metro stansiyasının qarşısıdır: “Əksər vaxt oralarda olurlar. Bu gün hələlik buralara gəlməyiblər”.

Elə bu səbəbdən “Memar Əcəmi” metro stansiyasının qarşısındakı küçələrdə bir qədər müşahidə apardıqdan sonra üz tutduq metronun “ 20 Yanvar” stansiyasının qarşısına. Metrostansiyanın demək olar bütün keçidlərində, habelə ətraf ərazilərdə olsaq da, qaraçı qızları və onların diləndirdiyi azyaşlını tapa bilmədik. Məlum oldu ki, onlar bu gün buralara gəlməyiblər. Həmin ərazidə taksi sürücüsü işləyən Rafael Əliyev bildirdi ki, qaraçı dəstəsi bu gün həmin ərazidə görünməyib: “Onların yaşadıqları ünvan Biləcəri qəsəbəsidir. Bunlar orada gecəqondularda yaşayırlar. Qızları yaxşı tanımıram, amma bilirəm ki, birinin adı Rənadır. Bir-birlərini çağıranda eşitmişəm. Lakin bu gün buralara gəlməyiblər. Çox güman ki, başqa yerdə dilənirlər”.

“Bu uşağın əməyindən “Torqovı”da da istifadə edilirmiş”

Araşdırmalarımız zamanı məlum oldu ki, naməlum şəxslər tərəfindən bugünlərdə paytaxtın Nəsimi rayonu ərazisində soyundurularaq diləndirilən bu uşağın əməyindən həm də “Torqovı”da da istifadə edilirmiş. Bu barədə əməkdaşımızı bilgiləndirdən paytaxt sakini Leyla Əliyeva bildirdi ki, o, həm uşağı, həm də onu diləndirən şəxsləri qiyabi olsa da tanıyır: “Onlar bizim işlədiyimiz yerin yaxınlığında – “Nizami” kinoteatrının yaxınlığında dayanıb küçədən keçənlərdən pul istəyirdilər. Əvvəllər hər gün, sonralar isə arabir gəlib keçiddə otururdular. Əsasən günün ikinci yarısında “Torqovı”ya gəlirdilər. Özü də iki uşaq idi. Biri tütək çalırdı, o biri isə yerdə diz çöküb əlini açmışdı. Uşaqların ata-anaları da kənardan bunlara baxırdılar. Valideynləri narkomanlara bənzəyirdilər. Uşağın üzü nədənsə həmişə gömgöy olurdu”.

Yeri gəlmişkən bildirək ki, soyundurularaq küçədə dilənən uşağın da sifətinin bir hissəsində şiş olduğu açıq - aydın görünür: “Uşaqlar çox baxımsız vəziyytədə idilər. Mən onları daha çox “Nizami” kinoteatrının yanındakı keçiddə görürdüm. Lakin bir müddətdir onları burdan qovublar. Tez - tez sakinlərin, burda dincələnlərin şikayətlərini eşidirdim. Elə hey gileylənirdilər ki, uşaqların tütəklərinin səsi və qışqırmaları kimlərisə narahat edir”.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm