Qırmızı.az
KQB generalı Titkov: "Qorbaçov Əliyevdən qorxurdu" - FOTO
1987-ci ildə Heydər Əliyev Sovet İttifaqı Kommunist
Partiyasının (Sov İKP) Mərkəzi Komitəsinin (MK) Siyasi Büro
üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini
vəzifəsindən istefaya getməyə məcbur edildi.
Elə bununla da Azərbaycanın qara günləri başladı. Bir neçə ay
keçmədi ki, 1988-ci ilin fevral ayında Ermənistanın Azərbaycana
qarşı ərazi iddiaları başladı və qanlı Qarabağ müharibəsinin əsası
qoyuldu. Əksər politoloqlar Heydər Əliyevin sovet rəhbərliyindən
uzaqlaşdırılmasını Sov İKP MK-nın baş katibi Mixail Qorbaçovun
ondan qorxması ilə izah edirlər.
ANS PRESS-in əməkdaşı vaxtilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin
(KQB) 9-cu idarəsinin rəis müavini işləmiş general-mayor Mixail
Vladimiroviç Titkovla görüşüb və bu məsələyə aydınlıq gətirmək
istəyib. General-mayor Mixail Titkov 1969-cu ildən 1991-ci ilə kimi
Sov İKP MK-nın Siyasi Büro üzvlərinin təhlükəsizliyini təmin
edilməsinə rəhbərlik edib.
- Heydər Əliyevlə nə vaxtdan tanış idiniz?
- Lap yaxından olmasa da ilk dəfə 1978-ci ildə tanış olduq. Mən
onda hələ general deyildim, sıravi əməkdaş idim. Fələstin Azadlıq
Təşkilatının lideri Yasir Ərəfatla Bakıya gəlmişdim. O, Moskvaya
səfərə gəlmişdi. Mən onun mühafizəsinə rəhbərlik edirdim. Mayın
1-də isə Qızıl meydandakı paraddan buraya gəldik. İlk tanışlığım
onda oldu.
1982-ci ildə Heydər Əliyev Moskvaya köçəndən sonra onunla tez-tez
ünsiyyətdə olurduq. Biz onunla xarici səfərlərə getmişik. Onunla
Vyetnamda, Meksikada səfərdə olmuşuq. Biz peşəkarlara onunla
işləmək bir tərəfdən asan idi, digər tərəfdən isə çətin. Niyə çətin
idi? Bir vaxtlar o, Azərbaycanda DTK sədri Semyon Kuzmiç Tsviqunun
müavini işləmişdi. Birinci müavin kimi o, əks kəşfiyyatla, iri
tədbirlərin - nümayişlərin, fəxri qonaqların qarşılanmasının
təşkili və s. ilə məşğul olub. Buna görə də bizim 9-cu idarənin
işini başqa Siyasi Büro üzvlərindən fərqli olaraq əyani bilirdi,
çünki özü də bununla məşğul olmuşdu. Ona görə də xaricə səfərlər
zamanı bizim işi müşahidə edəndə vəziyyəti çox dəqiq görürdü. Buna
görə də onunla işləmək çətin idi.
Amma, ümumiyyətlə, onunla işləmək asan idi. Çünki hər hansı bir
fövqəladə vəziyyət yarananda nə etmək lazım olduğunu yaxşı bilirdi.
Məsələn, deyirdik, Heydər Əliyeviç, burdan keçək, bu blokdan girək
və burdan çıxaq, vəziyyətə uyğun maşını dəyişək və s. O, bütün
bunları çox rahat anlayırdı.
- Deyirlər, Heydər Əliyevin qeyri-standart iş qrafiki olub,
tez gəlib, gec gedib. Bu sizə çətinlik yaratmırdı?
- Stalinin vaxtında gecələr işləyirdilər. Səhər saat 5-dən tez heç
kim evə gedə bilməzdi. Aleksey Mixayloviç Kosıgin səhər saat 9-da
işə gəlirdi, axşam saat 8-dən tez evə getməzdi. Heydər Əliyevin iş
qrafiki isə daha mürəkkəb idi, səhər saat 9-dan tez işə gəlirdi,
gecə saat 10-dan, 11-dən tez evə getməzdi.
- O vaxt SSRİ-nin rəhbəri olmuş Mixail Qorbaçovun Heydər
Əliyevdən çəkindiyini deyirlər. Bu nə ilə bağlı idi?
- Heydər Əliyevin dövlət idarəçiliyi üzrə fəaliyyəti Qorbaçovunku
ilə müqayisədə çox geniş idi. Heydər Əliyev böyük bir respublikaya
rəhbərlik etmişdi. Qorbaçov isə Stavropol diyarının rəhbəri
olmuşdu. Yəni Heydər Əliyevin Siyasi Büro üzvlüyünə və SSRİ
Nazirlər Soveti sədrinin birinci müavinliyinə gəldiyi yolun miqyası
daha böyük idi. Qorbaçov isə diyar rəhbərliyindən Sov İKP MK-nın
kənd təsərrüfatı üzrə katibliyinə gəlmişdi. İstər-istəməz iki
siyasətçi görüşəndə bu, özünü göstərirdi. Yəni siyasətçinin biri
çox bilirdi, o birisi isə az. Heydər Əliyev unikal yaddaşı ilə
seçilirdi. O, rəqəmləri, istiqamətləri və s.-i dəqiq bilirdi. SSRİ
Nazirlər Soveti sədri Tixonovun birinci müavini işləyəndə, o,
sənaye, maşınqayırma, kənd təsərrüfatı və s. nazirlərlə görüşürdü.
O, onlarla peşəkar səviyyədə söhbət edirdi. Qorbaçovun da qatıldığı
böyük forumlarda ondan sonra Heydər Əliyev də çıxış edirdir. Mixail
Sergeyeviç görürdü ki, o, bir çox məsələlərdə Heydər Əliyevdən az
bilir. Bu məktəbdə də belədir, əlaçı şagirdləri sevmirlər. Heydər
Əliyevin nüfuzu həm ölkə daxilinə, həm də xaricə səfərlərində hiss
edilirdi. Onu xüsusi hörmətlə qarşılayır, alqışlayırdılar. Bunu da
Qorbaçova çatdırırdılar. Ona görə də yanında daha populyar və
nüfuzlu adamı görmək istəmədi.
Mixail Sergeyeviç Sov İKP MK-nın katibi vəzifəsinə seçiləndə
Stavropol diyarında onunla işləmiş mühafizəçisini özü ilə gətirdi.
Amma Sov İKP MK-nın baş katibi seçiləndə həmin mühafizəçidən imtina
etdi. Düşündü ki, artıq həmin mühafizəçi ona yaraşmır və dəyişdi. O
vaxt SSRİ Nazirlər Soveti sədri işləyən Tixonov bu məsələni eşitdi
və əmr verdi ki, onun mühafizəçisini də dəyişsinlər. Heydər Əliyevə
də bunu tövsiyyə etdi. Amma Heydər Əliyev öz mühafizəçisi Aleksandr
Alekseyeviç İvanovun sadiqliyinə böyük hörmət nümayiş etdirərək bu
tövsiyyəni nəzərə almadı. Yəni onun öz mövqeyi vardı və öz fikri
uğrunda həmişə mübarizə aparırdı. Hər rəhbərdə bu keyfiyyət
olmur.
- Bəs, Heydər Əliyevi işdən çıxarandan sonra Qorbaçovun
qorxusu nə ilə bağlı idi? Çünki Heydər Əliyev işdən çıxan kimi
Moskvadan xüsusi komissiya gəlib, Bakıda onun 10 illik fəaliyyətini
yoxlamağa başladı.
- Bilirsiz, bu da insanın xarakterindən asılıdır. Adam var, kimisə
işdən çıxarır, sonra rahatlaşır. Adam da var xaraktercə kinlidir.
Qorbaçov da kinlidir. Ona görə də komissiya göndərdi. İş təkcə
bununla bitmədi. İlham Əliyev onda Xarici İşlər Nazirliyində (XİN)
işləyirdi. Onu da XİN-dən çıxartdırmağa nail oldular. Yəni iş təkcə
Heydər Əliyevlə bitmədi, oğlunu da çıxardılar.
Mixail Vladimiroviç Titkov (sağdan birinci) 1978-ci ildə Yasir
Ərəfatı müşayiət edərkən Bakıda Dağüstü parkda
1978-ci il Bakı hava limanı: Yasir Ərəfatın SSRİ səfəri başa
çatır
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...