Virusların yayılmasını azaldan yeni fakt ortaya çıxdı
Bizi izləyin

Sağlamlıq

Virusların yayılmasını azaldan yeni fakt ortaya çıxdı

Nisbi rütubət SARS-CoV-2 koronavirusun havadakı aerozol hissəcikləri vasitəsilə yayılmasına kömək edir.

Publika.az xəbər verir ki, Leyptsiqdəki (Almaniya) Leybniz Troposferik Tədqiqatlar İnstitutunun və Nyu-Dehli (Hindistan) Milli Fizika Laboratoriyasının tədqiqatçıları bu barədə araşdırma aparıb. Onların araşdırmasının nəticələri “Aerosol and Air Quality Research” jurnalında yayımlanıb.

Mütəxəssislər ətraf mühitin virus infeksiyasına təsiri ilə bağlı 10 araşdırmanı təhlil edib. Məlum olub ki, nisbi rütubətin 40 ilə 60 faiz arasında olması virusların yayılmasını və burun seliyi vasitəsilə udulmasını azalda bilər.

Uzun müddətdir yoluxmuş insanlar öskürəndə və asqıranda havaya daxil olan böyük damcılar virusların ötürülməsinin əsas yolu adlandırılmışdı. Ağır damcılar yerə çox tez düşür və yalnız qısa məsafələrə gedə bilir. Məhz buna əsasən digər insanlarla minimum 1,5 metr məsafəni gözləmək tövsiyə olunur. Lakin son zamanlarda eyni otaqda çox sayda insanın eyni vaxtda olması ilə əlaqəli görünən COVID-19 yoluxmaları ortaya çıxıb.

Beş mikrometr diametrli kiçik damcıların havada doqquz dəqiqə qala biləcəyi məlumdur. Yüksək rütubətdə daha çox su molekulları hissəciklərə yapışır, onların daha sürətli böyüməsinə və yerləşməsinə səbəb olur. Yeni araşdırmanın nəticələri göstərib ki, havanın nəmliyi damcıdakı mikroorqanizmlərin davranışına, onların sağ qalmasına və hərəkətsizlik dərəcəsinə də təsir göstərir. Quru hava burun selikli qişalarını daha az nəmləndirir və virusların daxil olmasını asanlaşdırır.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm