“Tibbi sığorta haqqında” Qanuna dəyişikliklər nə vəd edir? - ŞƏRH
Bizi izləyin

Səhiyyə

“Tibbi sığorta haqqında” Qanuna dəyişikliklər nə vəd edir? - ŞƏRH

Milli Məclisin 28 dekabr 2018-ci il tarixində keçirilən plenar iclasında “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər qəbul edilib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, qanuna əsasən xidmətlər zərfi iki hissədən ibarətdir: baza və əlavə hissədən.

Xidmətlər zərfinin baza hissəsinə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, əlavə hissəsinə isə ixtisaslaşdırılmış tibbi yardım aiddir. İcbari tibbi sığorta çərçivəsində təminat verilən xidmətlər zərfi icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin toplusudur.

Xidmətlər zərfinin baza hissəsindən Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında daimi və ya müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istifadə edə bilərlər. Xidmətlər zərfinin baza hissəsindən istifadə pulsuzdur. Baza hissəsi üzrə hər il adambaşına 29 manat dövlət büdcəsi hesabına ödəniləcək.

Xidmətlər zərfinin əlavə hissəsinə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün icbari tibbi sığorta haqqı ödənilməlidir:

1. Azərbaycan Respublikası Milli Məclisi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təyin olunan şəxslər, həmçinin seçkili ödənişli vəzifədə və əmək müqaviləsinə əsasən işləyən şəxslər üzrə sığortalı tərəfindən – hesablanmış əməyin ödənişi fondunun 2 faizi, sığortaolunan tərəfindən – işçinin əmək haqqının 2 faizi müəyyən edilir.

2. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsi və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki-hüquqi müqavilə əsasında işləmədiyi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı hallarda Azərbaycan Respublikasının vətəndaşı olan 18 yaşınadək şəxslər, peşə təhsili, orta iхtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsilalma forması üzrə təhsil alan 23 yaşınadək olan Azərbaycan Respublikasının vətəndaşları, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən növündən asılı olmayaraq əmək pensiyası alan şəxslər, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial müavinət almaq hüququna malik olan əmək qabiliyyəti olmayan şəxslər, “Ünvanlı sosial yardım haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ünvanlı dövlət sosial yardımı alan şəxslər, ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilə qadınlar, habelə Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən doğuşdan sonrakı dövr üçün məzuniyyətdə olan qadınlar, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən qismən ödənişli sosial məzuniyyətdə olan qadınlar üzrə 120 manat müəyyən edilir. Sığorta haqları yuxarıda qeyd olunan imtiyazlı təbəqələr üçün dövlət büdcəsi hesabına ödəniləcək.

3.Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və mülki-hüquqi xarakterli müqavilələrlə əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər üzrə 120 manat müəyyən edilir. Sığorta haqları həmin şəxslərin öz vəsaiti hesabına ödəniləcək.

4. Yuxarıda qeyd olunmayan əhali kateqoriyaları (özüməşğul əhali) üzrə də 120 manat müəyyən edilir. Sığorta haqları həmin şəxslərin öz vəsaiti hesabına ödəniləcək.

Qanun 2020-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm