Səhiyyə
Müharibə və pandemiyadan üzüağ çıxdı: Dərdlərə çarə, gözlərə nur Azərbaycan TƏBİBİ
Azərbaycan alimi, biologiya elmləri doktoru Qara Mustafayevin məşhur bir fikri var - Cəmiyyətin 3 sahəsinə güzəşt etmək cinayətdir: təhsil, səhiyyə, hərbi.
Hərbi səhv dövləti, təhsil səhvi gələcəyi təhlükə altına atırsa, bir həkimin səhvi dövlətin və millətin var olması üçün əsas faktor olan insanı öldürür. Həkimlik peşəsi təkcə bir insanın həyatını yox, həm də bir dövlətin, bir millətin gələcəyini xilas edir. Bu baxımdan, sağlamlığımızın keşiyində dayanan həkimlərimizi həm də sağlam gələcəyimizin təməl daşı adlandıra bilərik.
Bu təməl bir əsr öncə - Xalq Cümhuriyyətinin dövründə atıldı. 17 iyun 1918-ci ildə yaradılan Azərbaycan Səhiyyə Nazirliyi o dövrün bütün çətinliklərinə, mərhumiyyətlərinə rəğmən bugünkü səhiyyəmizin təməl daşı idi. Cümhuriyyətin cəmi 23 ay yaşamasına baxmayaraq, tibb sahəsində də xeyli işlər görülmüşdü. SSRİ dövründə Azərbaycanda tibb sahəsi inkişaf dövrünü yaşadı, xüsusilə 1969-cu ildən – ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etməyə başlamasından sonra bu inkişaf sürətləndi. Heydər Əliyev SSRİ dövründə gələcək müstəqil Azərbaycanın bütün sahələrinin təməlini möhkəmləndirmək istiqamətində tarixi əhəmiyyətli addımlar atdı, səhiyyə sistemimiz də bu sahələrdən biridir. 1970-1980-ci illərdə Azərbaycanda yüzlərlə iri səhiyyə obyektlərinin inşa edilməsi bunun ən bariz nümunəsidir.

Dahi şəxsiyyət Heydər Əliyev üçün ən vacib sahələrdən biri də məhz insanların sağlamlığı, səhiyyənin və tibb elminin inkişafı, savadlı, bilikli, əsl peşəkar həkim kadrlarının hazırlanması idi.
Bu möhkəm təməllər müstəqilliyimizin bərpa edilməsindən sonra Azərbaycan səhiyyəsinin dünya standartları səviyyəsinə yüksəlməsində mühüm rol oynayıb. Təbii ki, səhiyyəmizin inkişafının onurğa sütununu peşəkar, milli həkimlərimiz təşkil edir. Onlar I Qarabağ müharibəsində də, II Qarabağ müharibəsində də həyat xilas etmək naminə ön cəbhədə idi. Müharibələr başa çatsa da, həkimlərimiz insan həyatı uğrunda mübarizə davam edir. Keçmişdə də belə idi, indi də. Gələcəkdə də belə olacaq.

Prezident İlham Əliyevin dediyi kimi, “Azərbaycanda səhiyyə sistemində aparılan islahatlar, görülən işlər dünya səviyyəsində gedir”.
Səhiyyəmizin bu inkişafında Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin böyük rolu oldu. Səhiyyə Nazirliyinin Prezidentin siyasətini əzmlə və müvəffəqiyyətlə həyata keçirməsi nəticəsində böyük inkişaf yolu keçildi. Yeni tibb müəssisələrinin tikilməsi, bütün mövcud xəstəxana və poliklinikaların yenidən qurulması və modernləşdirilməsi, yeni avadanlıqlarla təchizatı səhiyyəmizin yüksəlişinin təzahürləridir. Bu sahədə qəbul edilən dövlət proqramları gələcək nəslin sağlam inkişafına bir töhfədir. Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğısı nəticəsində səhiyyə sistemində uğurlu islahatlar aparılıb, tibb müəssisələrinin maddi-texniki bazası və kadr potensialı daima gücləndirilib, ümumilikdə səhiyyə sahəsində böyük nailiyyətlər əldə edilib desək, yanılmarıq. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi vaxt ərzində 1000-ə yaxın tibb müəssisəsi inşa edilib, yaxud əsaslı təmin olunub. Bu gün Azərbaycan səhiyyəsi paytaxtdan başlayaraq, respublikanın ən ucqar bölgələrinə qədər hər yerdə vətəndaşın xidmətindədir. Bu xidmətin müasir tibb müəssisələrində aparılması isə ən önəmli amillərdən hesab edilə bilər.

Müharibə dövründə səhiyyəmiz
Yəqin ki, müharibə dövründə səhiyyəmiz deyəndə ağıla ilk gələn əməliyyat masasında “Anadır arzulara hər zaman Qarabağ...”ı ifa edən hərbiçi gəlir. Müharibənin od-alovunun içindən çıxarılıb gətirilən, al-qan içində bu mahnını zümzümə edən hərbiçinin gülər üzü bütün dünyanın diqqətində idi, hələ də xatırlanır.

Vətən müharibəsi dövründə həkimlərimiz istər ön, istərsə də arxa cəbhədə anındaca səfərbər olmaqla millətə və məsləklərinə sadiqliyini və sevgilərini nümayiş etdirdi. Doğrudan da həkimlər gecə-gündüz yorulmadan, o ağır və çətin şəraitdə öz həyatlarını risk altına ataraq yaralılara qulluq edirdilər.
Vətən müharibəsində ümumilikdə 42 tibb işçisi xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Onlardan 9-u həkim, 7-si feldşer, 26-sı sanitardır.
Unutmayaq ki, ölkəmizdə olan müharibə bitsə də həkimlərimizin, ağ xalatlı qəhrəmanların işləri hələ də bitməyib.

Pandemiya dövründə səhiyyəmiz
Azərbaycan pandemiya çağırışına ən tez reaksiya verən ölkələr sırasındadır. Belə ki, hələ yanvarın 30-da “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı”, daha sonra Tədbirlər Planı təsdiq edilib və nəzərdə tutulan tədbirlər həyata keçirilməkdədir. Ölkə başçısının müvafiq Sərəncamı ilə fevralın 27-də Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Pandemiyanın yaratdığı ağır qlobal böhran və iqtisadi duruma baxmayaraq, Azərbaycan səhiyyəsi yeni şəraitdə də inkişaf etməkdədir.
Pandemiya dövründə Azərbaycan karonavirusla mübarizə modelini yaratdı desək, yanılmarıq. Bunu Ümumdünya Səhiyyə Təşkilatı da təsdiq edir. Prezident İlham Əliyevin göstərişi ilə ölkəyə çox sayda süni tənəffüs aparatı gətirildi. Mövcud xəstəxanalarda virusa yoluxanların müalicəsi üçün yerlər ayrıldı, bununla yanaşı, müasir texnologiyalara cavab verən klinika və 200 çarpayılıq modul tipli xəstəxanalar istifadəyə verildi. Qısa zamanda 13 modul tipli və 1 daimi xəstəxana inşa edildi, hazırda COVİD xəstələrinin müalicəsi üçün müəyyən edilmiş xəstəxana çarpayılarının ümumi sayı 10 mindən artıqdır. 5 ölkədən həkim qrupları ölkəyə dəvət olundu. Buna paralel olaraq, koronavirus testinin keçirilməsi genişləndirildi. Azərbaycan əhalinin sayı ilə müqayisədə test sayına görə dünyada ən yaxşı göstəricilərdən sayılır. Pandemiyanın dünyada yayılmağa başladığı ilk dövrdə virusa qarşı mübarizə metodlarından biri də gündəlik keçirilən testlərin sayını artırmaqla yoluxma hallarının vaxtında müəyyən edilməsi və qarşısının alınması prinsipinə söykənən “test strategiyası” idi. Azərbaycan bu beynəlxalq təcrübədən də uğurla istifadə etdi. Tibbi maska ilə bağlı yarana biləcək qıtlığı aradan qaldırmaq məqsədilə yerli istehsal müəssisələri açıldı.

Bu mübarizənin əsgərləri həkimlərimiz idi. Onlar Azərbaycanı bu bəşəri bəladan xilas etmək uğrunda gecə-gündüz ön cəbhədə döyüşdülər və ölkəmizdə pandemiyanın nəticələrini dünya ölkələri ilə müqayisə edəndə əminliklə deyə bilərik: ağ xalatlı mələklərimiz bu ağır döyüşdən qalib çıxdılar və bu gün də qalib kimi mübarizəni davam etdirirlər!
Hippokratın dediyimi kimi həkim filosofdur. Çünki, müdriklə tibb arasında böyük bir fərq yoxdur.
Bu cümlənin məntiqini, doğruluğunu pandemiyadan sonra başa düşən çox oldu. Pandemiyada xalqın ağrı-acısını çəkən həkimlər bu gün də həmin əzmlə çalışırlar.
Burada xüsusi diqqət yetirilməli məqam isə həkimlərə olan diqqətdir. COVİD-19 xəstələrini müalicə edən həkimlər və tibbi personalı öz peşə fəaliyyətlərini layiqincə yerinə yetiriblər. Asan deyil, nəfəs almaqda çətinlik çəkilən xüsusi geyimlərdə xidmət etmək. Demək, bir dövləti ayaqda saxlayan onun güclü iqtisadiyyatı, güclü ordusu ilə yanaşı, həm də səhiyyəsi və insan həyatını xilas etmək uğrunda mübarizə aparan peşəkar həkimləridir.
Zülmət dənizindən çıxan işıq
Bu cümlə kimlər üçün adi olsa da, oftalmoloqlar üçün bir şüardır. O şüar ki, insanın həyatına, ruhuna gözəllik qatır. Gözəllik nədir bəs?
Səma, meşə, körpə, ana, yoxsa Vətən?
Bu gözəllikləri görmək fikrimcə, insana verilmiş ən böyük hədiyyədir. Bəzən verilmir, bəzən isə verilsə də, onu qoruyub saxlaya bilmirik. Bu zaman isə dadımıza həkimlər çatır.
Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əliyevanın oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. Zərifə Əliyeva yüksək ixtisaslı səhiyyə kadrlarının hazırlanmasına böyük əmək sərf edib.

Bu sahədən danışmışkən Azərbaycan Tibb Universitetin Oftalmologiya kafedrasının müdiri Paşa Qəlbinur bildirir ki, Azərbaycan oftalmologiyasının inkişafı, intibahı və kökləri 19-cu əsrin əvvəllərinə təsadüf edir:
“O vaxt çox görkəmli rus alimləri müxtəlif sahələrdə, o cümlədən, tibb sahəsində də yeni uğur və nailiyyətlər əldə etmişdilər. Ölkəmizə gələnlər içində 3 görkəmli alim var idi. Professor Varşavski, professor Arlov və professor Trubi. Lakin həmin professorlar Trubinin ölkəmizdəki fəaliyyəti daha səmərəli oldu. Trubinin ölkəmiz üçün ən böyük faydası milli kadr yetişdirməsi oldu. Həmin milli kadrların içində görkəmli və böyük alim Nisə Musabəyli var idi. Nisə xanımın Azərbaycan oftalmologiyasını dünyada tanıdan iki tələbəsi Akademik Zərifə xanım Əliyeva və professor Zəhra Quliyeva bu elmə verdikləri töhfələri ilə bu gün də yaddaşlarda və tibb tarixi səhifələrində xüsusi yer tutublar. SSRİ dövründə müxtəlif sahələr kimi tibb sahəsinin də inkişaf etməsinə mane olanlar var idi. Oftalmologiya elmi isə ideoloji basqılardan kənar idi. Bu gün oftalmologiyamız inkişaf etmiş ölkələrlə müqayisə olunacaq səviyyədədir. Ölkəmizdə gözlə bağlı çox nadir əməliyyatlar həyata keçirilir”.

Həkim-oftalmoloq diqqətə çatdırıb ki, göz xarici mühitin bütün mənfi və müsbət təsirlərinə məruz qalan yeganə orqandır:
“Eyni zamanda duyğu üzvlərində ən çox hissiyyat gözdədir. Ümumiyyətlə, görmə orqanı çox vacibdir. Vacib olduğu qədər də kiçikdir, lakin bu kiçiklik çox böyük məsuliyyət tələb edir. Rahatlıqla deyə bilərəm ki, əməliyyatlar içində ən incəlik tələb edəni gözdür. Sanki kəndirin üstündə yeriyən kəndirbazıq. Hansısa səhv yıxılıb, məhv olmağa bərabərdir. Göz xəstəliyi üçün elm və texnika daim inkişaf edir. Bütün dövrlərin ən böyük bəstəkarlarından biri İohann Sebastyan Baxın vaxtılə gözündə mirvari suyu olub. Avropanın ən yaxşı həkimi Taylor onun gözünü əməliyyat etdi, o vaxtı heç antibiotik yox idi. Həkim bəstəkarın gözünə göyərçinin qanadını tikibmiş. Yalnız bir neçə həftədən sonra iltihablar nəticəsində o cür böyük bəstəkar dünyasını dəyişdi. İndi isə elə deyil, əməliyyat edirik, xəstə öz ayağı ilə gedir. Oftalmologiya sahəsi elmin bütün nailiyyətlərindən çox yararlanır. Bu sahənin ölkəmizdə inkişafı sırf Zərifə xanım Əliyevanın adı ilə bağlıdır. O, həyatını, ömrünü zülmət pərdəsini aralayıb aydınlıq bəxş etməyə sərf edən görkəmli oftalmoloq-alim idi. Öz bildiklərini gənc oftalmoloqlara aşılamağa, yeni tədqiqatlar aparmağa daim vaxt tapırdı. Azərbaycanda oftalmologiya elminin sürətli inkişafı sayəsində hər gün daha bir uğura imza atılır”.

Güclü təməllərə sahib olan Azərbaycan səhiyyəsinin inkişafında Birinci vitse-prezident Mehriban Əliyevanın da əvəzsiz xidmətləri var. Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu müasir standartlara uyğun tibb müəssisələrinin qurulmasından tutmuş, peşəkar həkim kadrlarının hazırlanmasına qədər genişçaplı işlər görülür. Bu gün Mehriban Əliyevanın xalq tərəfindən sevilməsi, insanlarımızın onu şəfqətli ana obrazında görməsi məhz gördüyü işlərdən, sağlam gələcəyimizin inşa edilməsi istiqamətində həyata keçirdiyi layihələrdən qaynaqlanır. Bu gün Mehriban xanım Əliyevanı örnək seçən həkimlərimiz də məhz onun kimi şəfqətlə, sevgi ilə xalqa xidmət edir.
Aysel Şahmar
Yazı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurasının “Bir ömür xidmətinizdə...” mövzusundakı birgə müsabiqəsinə təqdim edilir.
-
Qoroskop01:20Günün ulduz falı: bu addımlar sizə qazanc gətirəcək
-
İdman22 Aprel 22:24“Sabah”-“Qarabağ” görüşündən sonra dava düşdü - Video
-
ABŞ22 Aprel 22:14Onlar edam edilməyəcək - Tramp İrana təşəkkür etdi
-
Nida Xəbər 22 Aprel 20:24Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq
-
Elm və təhsil22 Aprel 20:1210 gün dərs olmayacaq - Tarixlər
-
Sosial22 Aprel 19:15Bu xəstəxananın tikintisində külli miqdarda mənimsəmə olub
-
Kriminal22 Aprel 18:20Azərbaycanda 30 il əvvəl törədilmiş qətlin üstü açıldı - Meyiti boruda gizlədiblər
-
Qoroskop22 Aprel 17:49Dünya xəritəsi yenidən çəkiləcək, bu ölkələr... - Məşhur ekstrasensdən sensasiyalı proqnoz























.png)














