Paytaxtdakı bütün çimərliklərə baxış keçirildi
Bizi izləyin

Sosial

Paytaxtdakı bütün çimərliklərə baxış keçirildi

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə çimərliklər xüsusi karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində avqustun 5-dən vətəndaşların istifadəsinə verilib. Yay fəslində vətəndaşların ən çox üz tutduqları məkanlardan olan çimərliklərdə son iki gündür ki, sıxlıq müşahidə olunur. Bu da koronavirusa yoluxma riskini artırır.

Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) Publika.az-a verilən məlumata görə, BŞİH-in şöbə müdiri Elmin İmanov bildirib ki, qurum rayon icra hakimiyyətləri ilə birgə paytaxtdakı bütün çimərliklərə yerində baxış keçirib.

Çimərliklərdəki vəziyyət təhlil edilib, həmin ərazilərdə infrastrukturun yaxşılaşdırılması, mövcud vəziyyətin daha da ürəkaçan olması istiqamətində addımlar atılıb. Hər bir çimərlikdə ən ümdə məsələ mövcud epidemioloji vəziyyətə uyğun olaraq sosial məsafənin gözlənilməsi, həmin ərazinin dezinfeksiyaedici məhlullarla təmin edilməsidir. Bununla yanaşı, çimərlik ərazisində xüsusi maafirləndirici lövhələr qoyulub. Lövhələrdə çimərlik ərazilərində əməl edilməsi vacib olan qaydalar öz əksini tapıb. Sosial məsafənin qorunmasını təmin etmək üçün əhalinin istirahət etdiyi yerlər xüsusi nişanlanlarla ayrılıb. Eyni zamanda, tələb olunan qaydalara əməl edilməsi səsgücləndiricilər vasitəsilə istirahətə gələn vətəndaşların diqqətinə mütəmadi olaraq çatdırılır.

Onun sözlərinə görə, ən həssas məsələlərdən biri buradakı təmizlik vəziyyətidir. İcra hakimiyyətinin əməkdaşları və tabeliyindəki qurumlar bununla bağlı gücləndirilmiş iş rejimində işləyirlər. Burada təmizliyin qorunması, tullantıların daşınması üçün bütün əməkdaşlar çox ciddi fəaliyyət göstərirlər. Çimərliklər təmizlik baxımından çox yüksək səviyyədədir, bununla bağlı hər hansı bir problem yoxdur.

BŞİH-nin şöbə müdiri diqqətə çatdırıb ki, çimərliklərə üz tutanların sayının tənzimlənməsi məqsədilə "cimerlik.az" portalı fəaliyyət göstərir. Burada hər çimərliyin tutumu ilə bağlı rəqəmlər əks olunur. Vətəndaşların çimərliyə gəlməzdən əvvəl portala daxil olub sıxlıqla bağlı vəziyyəti öyrənmələri və sıxlığın az olduğu çimərlikləri seçmələri tövsiyə olunur. Məqsəd odur ki, vətəndaşlar çimərliklərdə sıxlıqla qarşılaşmasın və yoluxma riskləri minimuma endirilsin: "İki gündür ki, çimərliklərdə sıxlıq müşahidə edilir, bu da haqlı narahatlığa səbəb olur. Vətəndaşlardan xahiş olunur ki, mövcud vəziyyətin gərginləşməsinə səbəb olacaq addımlar atmaqdan çəkinsin və gəlməzdən əvvəl portala daxil olaraq sıxlığın az olduğu çimərliklərə üz tutsunlar. İcra hakimiyyətinin əməkdaşları monitorinq apararaq çimərlikdə kvotanı artırmaq üçün mövcud şəraiti təhlil edirlər. Monitorinqin nəticələrinə uyğun rəqəmlər dəyişə bilər.

Çimərliklərin kvotaya uyğun fəaliyyətini təmin etmək məqsədilə hər bir çimərliyin giriş və çıxışında "ASAN xidmət" könüllüləri fəaliyyət göstərir. Onlar çimərliklərə daxil olanların qeydiyyatını aparırlar. Nəticədə, çimərliklərə istirahətə gələnlərin və boş yerlərin sayı avtomatik olaraq portala yerləşdirilir. Könüllülər, həmçinin əhalinin məlumatlandırılmasını həyata keçirir, qaydalara əməl olunmasının zəruriliyini onların diqqətinə çatdırırlar.

Çimərlikdə təhlükəsizliyə Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları nəzarət edirlər. Onlar burada istirahətə gələnlərin sayının tənzimlənməsində də yaxından iştirak edirlər. Yəni, ASAN könüllüləri ilə DİN əməkdaşları koordinasiyalı şəkildə fəaliyyət göstərirlər. Əgər boşluq yoxdursa, yer dolubsa, onlar vətəndaşları digər çimərliklərə yönləndirirlər".

Bakıdakı çimərliklərdən birində istirahətə gələn paytaxt sakini Bəhram Abdullayev çimərliklərin istifadəsinə icazə veriləndən sonra ailə üzvləri ilə birgə buraya ilk dəfədir üz tutduqlarını deyib. O, çimərlikdə infrastrukturun, ictimai nəzarətin, xilasedicilərin fəaliyyətini qənaətbəxş hesab etdiyini və təşkilatçılıqdan razı olduğunu bildirib: "Çimərlikdə təmizlik yüksək səviyyəddir, tullantılar tez-tez daşınır. Vətəndaşlar da çimərlik ərazisini çirkləndirmirlər. Çimərliyin fəaliyyəti xüsusi karantin rejiminin tələblərinə uyğun təşkil olunub. Sosial məsafə gözlənilməklə istirahət üçün yerlər ayrılıb. Vətəndaşların əksəriyyəti qaydalara əməl edir".

"ASAN xidmət" könüllüsü Anar Əkbərov bildirib ki, ASAN könüllüləri çimərliklərdə giriş-çıxışa nəzarət edir və burada istirahətə gələnlərin sayını kvotaya uyğun tənzimləməyə çalışırlar: "Limit dolduqdan sonra giriş bağlanır və vətəndaşların daxil olmasına icazə verilmir. Bundan sonra çimərliyi tərk edənlərin sayı qədər vətəndaşların daxil olmasına şərait yaradılır. Könüllülərin fəaliyyəti bununla yekunlaşmır. Belə ki, könüllülər çimərlik ərazilərində səsgücləndiricilər vasitəsilə əhalini qaydalara riayət etməyə səsləyir, onları məlumatlandırırlar".

A.Əkbərov həftəsonu çimərliyə üz tutanların sayının digər günlərlə müqayisədə 2-3 dəfə çox olduğunu da diqqətə çatdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm