Sosial
Barı ilə dirildir, iynəsi ilə "gor qazır" - Həkimlərdən xəbərdarlıq
Bir neçə gün əvvəl mətbuatda məlumat yayıldı ki, Qazax rayonunda arı sancması nəticəsində bir nəfər ölüb. Arı sancan şəxsin halı pisləşib və 20 dəqiqə ərzində dünyasını dəyişib.
Hər il dünyada minlərlə insan min bir dərdin dərmanı olan balın istehsalçılarının qurbanı olur. Yəni arı, nə qədər möhtəşəm bir məhsul istehsala etsə də, o qədər də nəcib həşərat sayılmır.
Maraqlıdır, arı sancması kimlər üçün təhlükəlidir? Kimlər özlərini dadlı balın bu qəzəbli istehsalçılarından qorumalıdırlar? Arı sancması insanı hansı halalrda öldürə bilər?
Allerqoloq Ramin Nəriman Publika.az-a açıqlamasında bildirib ki, arı insanı sancan zaman öz zəhərini iynəsi vasitəsilə orqanizmə yeridir. İnsan orqanizmi də həmin an zəhərə qarşı reaksiya verir.
Həkimin sözlərinə görə, insan orqanizmi zülal tərkibli maddələrə qarşı daha çox allerqik reaksiya verir:
“Arı zəhərinin tərkibində də daha çox zülal tərkibli vasitələr var. Onlar orqanizmə düşəndə immun sistemi onu tanıyır və reaksiya verir. Bu, anafilaktik şokdur. Bu zaman təzyiq düşür, bronxospazm yaranır və insanın tələf olması halı baş verir. Təəssüf ki, hazırkı dövrdə hər hansı bir insanın arı zəhərinə, yaxud digər həşəratların sancmasına reaksiyanın olub-olmaması ilə bağlı əvvəldən müayinə aparıb, dəqiqləşdirmə etmək mümkün deyil. Belə halı yalnız sancmadan və insanda klinik əlamətlər üzə çıxandan sonra bilmək olar. Nadir hallarda birinci həşərat sancmasında ölüm halları baş verir. Adətən ölüm təkrar sancma halları zamanı müşahidə edilir. Çünki birinci dəfə sancandan sonra orqanizm arı zəhərini tanıyır, immunoloji yaddaşında saxlayır. Və təkrar sancma zamanı orqanizmə daxil olan zəhərdəki olan immun cisimciklərinə qarşı orqanizm əvvəlkilərdən daha aqressiv reaksiya verərək insanın ölümünə səbəb ola bilər”.
Həkim tövsiyə edir ki, belə həssas insanlar arıların toplaşdıqları, gül-çiçək olan yerlərdən uzaq durmalıdırlar:
"Qapalı geyimlərdən istifadə etməlidirlər. Biz adətən məsləhət görürük ki, onlar dəniz kənarında istirahət etsinlər.
Eyni zamanda həssas kateqoriyadan olan insanlar arı sancmasından sonra baş verəcək halların qarşısını almaq üçün üzərlərində fərdi tibbi ləvazimatlar daşısınlar. Gərək həmin şəxslərin ailə üzvləri də belə hadisələrdən məlumatlı olsunlar".
Həkim deyir ki, anafilaktik şokun qarşısını almaq üçün hazır adrenalin qələmləri satılır. Lakin Azərbaycanda satışı məhdud saydadır: "Hətta demək olar ki, satılmır. Onlar da insulin qələmləri kimidir. Həmin şəxslər onu mütəmadi olaraq üzərilərində gəzdirməlidirlər, çünki bu halın nə zaman baş verəcəyindən xəbər tutmaq mümkün deyil. Azərbaycanda olmasa da, Avropa ölkələrinin təcrübəsində var ki, allergiyalı şəxslərə kart verilir. Hansı ki, həmin kartın içərisində həşərata qarşı allergiyanın olub-olmaması, anafilaktik şok keçirməsi və s. ilə bağlı məlumat yer alır. Həmin şəxslər onu üst geyimlərində gəzdirirlər ki, beləcə, arı sancmasında müdaxilə zamanı tibb işçiləri bundan məlumatlı olsunlar".
Allerqoloq vurğuladı ki, arı sancmasına qarş reaksiyalar anadangəlmə və sonradan qazanılan ola bilər: “Anadangəlmə arı sancması ölümlə nəticələnir. Sonradan qazanılan reaksiya isə təkrar sancmalardan sonra baş verir. Orqanizmin verdiyi cavab reaksiyası daha güclü və aqressiv olur. Ölümə səbəb bronxospazmdır. Bronxların daralması, sıxılması, eyni zamanda həmin müddətdə çoxlu miqdarda mayenin bronxun mənfəzinə daxil olmasıdır. Əgər insan anafilaktik şok yaşayıb amma ölüm halı baş verməyibsə, ondan sonra da problemlər yarana bilər. Belə ki, orqanizmin arı zəhərinə qarşı verdiyi cavab reaksiyası zamanı əmələ gələn maddələr böyrəyə, qaraciyərə, beyinə və göz dibinə çökür. Böyrək çatışmazlığı, qaraciyər çatışmazlığı, görmənin zəifləməsi və beyinə immun komplekslərin toplanması nəticəsində iflic baş verə bilir. Anafilaktik şok baş verdikdən sonra şəxs həkimə müraciət etmək üçün hər hansı ağırlaşmanın olmasını gözləməli deyil. Arı sancmasından sonra orqanizmin cavab reaksiyası yaxın zaman ərzində, yarım saat müddətində olarsa, ölümlə nəticələnir. Gec cavab verdikdə isə 2-4 saat ərzində, adətən ölüm halı yaşanmır ".
Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib ki, arı sancması zamanı insanın ölümünə səbəb arının neştərindəki zəhər deyil: "Arı sancmasından ölüm yalnız o halda ola bilər ki, arı insanı ağız, baş, boyun nahiyəsində yerləşən yumşaq toxumalardan sancar. Belə halda da çox vaxt ölüm baş vermir. Ola bilər ki, arı qida məhsulu ilə insanın ağız boşluğuna daxil olar, orada dil və ya digər yumşaq toxumaları sancar və şok vəziyyət yarada bilər. Həmin vəziyyətdə insan ölə bilər. Digər halda arı sancması nəticəsində ölüm müşahidə olunmur. Həssas insanlarda anafilaktik şok yaranır və vaxtında müdaxilə edilməsə, ölümlə nəticələnə bilir”.
Ayşən Rəhim
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib
-
Hadisə15:47
Bakıda MTN-də işləmiş qadını aldadıb 15 min manat aldılar
-
Magazin115:06
"Ailəli qadınların etdiklərini eşidəndə..."
-
İdman14:14
Sürətli yolların ərəb gözəli: O, ABŞ-ın tarixinə necə düşüb?
-
Dünya13:30
Putindən ən yaxın dostuna sürpriz hədiyyə: Yük təyyarəsi ilə göndərdi - VİDEO
-
İqtisadi gündəm13:16
Dollarla bağlı SON MƏZƏNNƏ - İlk dəfə olaraq bu həddi ÖTDÜ