Övladlarımızı cinayətkar, narkoman, ədəbsiz edən şəbəkə: Böyük bəla ilə bağlı ŞOK FAKTLAR
Bizi izləyin

Sosial

Övladlarımızı cinayətkar, narkoman, ədəbsiz edən şəbəkə: Böyük bəla ilə bağlı ŞOK FAKTLAR

“Bizim vaxtımızda belə deyildi, bu tip problemlər olmurdu, uşaqlar sözəbaxan idi, məktəblərdə təhsilə maraq yüksək səviyyədə, gənclər ədəb-ərkanlı idi”.

Bu sözləri 90-cı illərdə və daha əvvəlki dövrlərdə yaşamış insanların dilindən tez-tez eşidirik. Halbuki, tarixə nəzər salsaq həmin dövrlər həyatımızın ən çətin, ən ağır illərindən olub. O illərdə yaşayan insanlar bütün əziyyətlərə qatlaşıb, həyatın hər çətinliklərini görüb. Bugünkü dövrümüzdə o illərlə müqayisədə hər şey daha yaxşıdır. Uşaqlar üçün təhsil almaq imkanları da genişdir.

Orta təhsilim 90-cı illərə təsadüf edən biri kimi deyə bilərəm ki, həmin illərdə məktəblərdə uşaqlara kitab belə verilmirdi. Bizim evdən 4 nəfər eyni vaxtda məktəbə gedirdi. Valideynlərimiz hamımıza kitab alıb çatdıra bilmirdi. Alsalar da, ayda hərəmizə birini alırdılar. Və sonuncu kitabı alıb başa çatanda məktəb də bitmiş olurdu. Olmayan kitabları kəndin bu tayından o biri tayına gedib məktəb yoldaşlarımızdan alırdıq. Birimizdə olan kitabı digərləri ilə əvəzləyirdik. Bütün bunlara baxmayaraq, oxumaq həvəsi heç vaxt bizi tərk etmədi. Bütün şagirdlər oxumaq üçün bir-bir ilə bəhsə girirdilər.

İndiki dövrdə isə kitablar məktəblərdə pulsuz paylanır. Uşaqların inkişafı üçün məktəblərdə bütün şərait yaradılıb. Ancaq buna baxmayaraq oxumaq, təhsil almaq istəyən şagirdlərin sayı get-gedə azalır.

O dövrlərdə heç bir uşaq repetitor yanına getmirdi. Şagirdlər məktəbdə aldıqları təhsil sayəsində ali məktəblərə qəbul olurdular. Hazırda isə bir uşağın ali məktəbə qəbul olması üçün 5-6 müəllim tutulur. Heç 6 müəllim yanına hazırlığa gedən uşaqdan da yüksək nəticə əldə etmək olmur.

Məktəblərdə nizam-intizam pozulub. Heç bir uşaq müəllimin sözünü eşitmək istəmir. Və beləcə, cəmiyyətimiz üçün faydalı olan gənclərin sayı get-gedə azalır. Təhsildən uzaq qalmış böyük kütlə sayəsində avaraların, oğruların, narkotik aludəçilərinin sayı da gündən-günə artır.

Bütün bunları gördükcə, ortalığa belə bir sual çıxır. O dövrlə indiki dövrü nə ayırır? Niyə oxumaq üçün hər şəraitin olduğu bir vaxtda gənclər pis vərdişlərə yiyələnməyi üstün tuturlar?

Mövzu ətrafında Publika.az-a şərh verən sosioloq Əhməd Qəşəmoğlu bildirdi ki, hazırda məktəblərdə uşaqların psixoloji vəziyyəti, təlim-tərbiyəsi yarıtmaz vəziyyətdədir:

"Cəmiyyət günü-gündən mürəkkəbləşir. İndi bir il əvvəlkindən daha mürəkkəbdir. Beş il əvvəlkindən isə çox-çox mürəkkəbdir. Cəmiyyət mürəkkəbləşdikcə, insanlar həssaslaşır. Psixoloji dəyişikliklər baş verir. Cəmiyyətin bu gün dəyişikliklərə məruz qaldığı zamanda hər məhəllədə sosial iş xidmətlərinə böyük ehtiyac yaranır.

Necə ki, bir vaxtlar sahə müvəkkilləri var idi, indiki zamanda da hər məhəllədə müəyyən bir dairəni əhatə edən sosial iş xidməti olmalıdır. Mən bu bərədə 20-30 ildir bar-bar bağırıram, lakin eşidən yoxdur. Bu mənim özümdən uydurduğum bir məsələ deyil. Cəmiyyət mürəkkəbləşirsə, bu prosesləri başlı-başına qoymaq olmaz.

Biz bu məsələyə çox diqqətsiz baxırıq. Azərbaycanda humanitar siyasət bu məsələləri nəzərə almır. Humanitar siyasətdə məsul olan adamların heç bu məsələ barədə aydın təsəvvürləri də yoxdur.

Biz bu işə uşaqlar lap anadan olandan başlamalıyıq. 6 yaşına qədər uşaqların təlim-tərbiyəsi ilə bağlı bizdə proqramlar olmalıdır. Valideynləri maarifləndirməliyik, məktəblərlə valideynlər arasında əlaqələr güclənməlidir, məktəblər valideynlərin maariflənməsində xüsusi rol oynamalıdır. Və 6 yaşında uşaqlar artıq bir şəxsiyyət kimi formalaşır, onu məktəbə gətirirlər, o, artıq müəyyən səviyyədə hazırlanmış olmalıdır. Məktəblərdə uşaqların psixoloji vəziyyəti, təlim-tərbiyəsi indiki kimi yaratmaz vəziyyətdə olmamalıdır.

Görün indi necədir? Bir sinifdə 30-35 şagird olur. Onun 5-6-sı yaxşı oxuyur, yəni müəllimin tapşırıqlarını yerinə yetirir. Yerdə qalanını 11 il danlayırıq. 11 il danlanmış şagirddən cəmiyyət üçün yaxşı insan olar? Hətta onu yeniyetmə vaxtında, hansı ki, əks cinsə qarşı həssaslığı artır, həmin əks cinsin yanında danlayırıq. Belə təhsil sistemi yolverilməzdir ki, gənci 11 il danlasın. Biz onları aşağı siniflərdən başlayaraq müşahidə eləməliyik ki, hansı sahədə keyfiyyətləri var. Onları kəşf etməliyik, öz qabiliyyətləri üzrə inkişafina kömək etməliyik. Hamı yaxşı riyaziyyatçı, yaxşı tarixçi, bioloq ola bilməz ki. Bəlkə onların arasında yaxşı tarzən var, musiqi qabiliyyəti olan var, yaxşı bir inşaatçı var, bənna var. Peşə məktəbləri indiki səviyyədə olmamalıdır. Peşə məktəbləri ilə orta məktəblər arasında çox ciddi qarşılıqlı bir münasibətlər olmalıdır. Orta məktəbin özündə təmayüllər üzrə qruplar olmalıdır".

Sosioloq onu da əlavə etdi ki, bütün bu danışdıqları məsələlər ətrafında görülən işlər hamısı yarımçıqdır.

"Mən bir təcrübəli sosioloq kimi sizə deyirəm ki, bu sahələrə diqqət yetirmək lazımdır, amma diqqət verməli insanlar nə etmək lazım olduğunu başa düşmürlər. Böyük bəlamız burdadır. Ona görə biz çalışmalıyıq ki, indiki vaxtda universitetlərdə sosial işçilər formal hazırlanmasın. Ciddi sosial işçi kimi hazırlansın. O fakültəyə daxil olmaq heç də asan olmasın, ora qabiliyyətli insanlar yığışsın, gələcəkdə onların əməkhaqqısı yüksək səviyyədə olsun. Onlar məhəllələrdə ciddi sosial iş xidməti quraraq, ailədə hansısa problemlər, risklər varsa, müəyyən edə, onlara vaxtında kömək edə bilsinlər.

Bir sözlə, humanitar siyasət, sosial siyasət, təhsil siyasəti, gənclərlə bağlı siyasət köklü şəkildə dəyişməlidir. Bacarmırlarsa, dəyişməyi bilmirlərsə, mən təmənnasız, vətəndaşlıq borcu olaraq kömək etməyə hazıram".

Gülnar Süleymanova

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm