Sosial
Bakının bu qəsəbəsində ictimai nəqliyyat problemi: "BakuBus" gəlib əraziyə baxıb və...
Ölkə gündəminə sanki ildırım düşdü. Cismən yananlar olmasa da, ruhən sarsılıb qıvrılanlar, hətta "qovrulanlar" da oldu. Benzinin qiyməti qalxdı! Azərbaycan cəmiyyətində hamının qorxduğu bu xəbərdir. Hətta ildırımdan da qorxuludur bu xəbər. Çünki bu xəbər çıxandan, bir neçə gün ərzində isə reallaşandan sonra mağaza və marketlərdə qiymətlər də yerindən tərpənir. Təəssüf ki, bu tərpəniş artma istiqamətində baş verir. Bu fikri uzatmaq istəmirəm, əsas məsələ başqadır. Elə ki, benzin qiymətlərində rəqəmlər artır, dərhal ictimai nəqliyyatda gedişhaqqı da qalxır. Təsəvvür etsək ki, paytaxt sakinləri işə gedib çatmaq üçün əksər hallarda bir neçə marşrut dəyişməli olur, o zaman onun cibindəki artmayan pulları (maaşı) azalmağa başlayır. Qiymət şəhərdaxili 40 qəpikdən 50 qəpiyə, şəhərətrafı isə 50 qəpikdən 60 qəpiyə yüksəldildi.
Amma insanların "yanan köksü"nə bu damcı su da səpildi. Bildirildi ki, budəfəki qiymət artımı insanların mənzilbaşına rahat çatmasına, ictimai nəqliyyatda keyfiyyətin və səmərəliliyin yüksəlməsinə şərait yaradacaq.
Başqa yerləri bilmirəm, ancaq Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində bu xəbəri eşidən əhali az qala qiymət artımına sevincək oldu. Səbəb isə qəsəbədə ictimai nəqliyyatın pis vəziyyətdə olmasıdır. Çünki bu qəsəbəyə heç bir nəqliyyat şirkəti avtobus ayırmayıb. “Hacı” adlanan bir şəxs “it ili”ndən qalma 5 avtobus verib qəsəbəyə. Onlar da 30 dəqiqəlik intervalla hərəkət edir. Bir dəqiqə gecikdin, düz yarım saat gözləməli olursan. Özü də sizə avtobus deyirəm e. Bu avtobuslara minənlər qışda sətəlcəm olur, yada “qril” - yəni istidən qovurulur. Hələ aralarında bir yaşıl rəngli avtobus var. Lap antikvardır. Qışda qar, yağış sərnişinlərin düz təpəsinə yağır. Yayda da “peç” avtomatik qoşulur. 40 dərəcə isti və avtobusun “peç”i. İndi təsəvvür edin də, ərazinin əhalisi soyuğa da dözür, istiyə də. Digər bir problem isə qəsəbəyə magistral çıxışın olmamasıdır. 10 ilə yaxındır ki, Bakı-Şamaxı avtomobil yolunun 30-cu kilometirliyində yerləşən qəsəbənin çıxışı bağlanıb ki, bu da avtomobillərin qəsəbəyə giriş-çıxış vaxtını olduqca uzadıb.
Sakinlər işə getmək üçün qəsəbədən çıxdıqdan sonra bir neçə kilometr geriyə gedib körpü üzərindən dövrə vurub geri qayıtmalı olur. Bu isə xeyli vaxt itkisinə səbəb olur.
Ona görə də budəfəki qiymət artımından sonra əhali ümid etdi ki, bu gedişat düzələcək. Əgər artıq pul ödəyəcəklərsə, mənzil başına rahat da gedəcəklər. Amma hələ də bu ümidlər çiçək açmaq bilmir. Yəqin "bağban" qayğısı gözləyir. Hələ də köhnə hamamın köhnə tasına möhtac qalıb sakinlər.
Avtobusda istidən az qala ürəyi dayanan sürücüdən soruşdum ki, niyə bu avtobusu sürməyə məcbursunuz, niyə təzə avtobus tələb etmirsiniz? Sürücü bu vəziyyətdən onların da məmnun olmadığını bildirdi: “Elə bilirsiniz biz istəmirik təzə avtobus sürək, sərin yerdə işləyək? Hər gün qan-tərin içindəyik, qazancımız da suya, çaya gedir. Müraciət etməyə etmişik, "Xaliq Faiqoğlu"da , "BakuBus"da gəlib əraziyə baxıb. Ancaq görünən odur ki, bu qəsəbədən gələn gəlir onları qane etməyib. Hər avtobusda gərək günə filan qədər gəlir ola ki, onlar da bu qəsəbəyə avtobus ayıra".
Sürücünü sözündən belə aydın oldu ki, bu qəsəbə sakinləri hələ uzun müddət belə işgəncə ilə yollarına davam edəcəklər. Şirkət rəhbərlərini gündəlik qazancları maraqlandırır, qəsəbə sakinlərinin iş-güc dalınca necə getməsi yox. Onu da qeyd edim ki, bu işgəncəyə dözə bilməyən sakinlərin çoxu magistral yola qədər “manatlıq” taksilərdən, oradan da Müşfiqabad qəsəbəsindən gələn avtobus və ya taksilərdən istifadə edirlər.
Əgər Abşeron rayonu Aşağı Güzdək qəsəbəsindəki ictimai nəqliyyatda avtobuslar yeni və müasirləri ilə əvəzlənsə, o zaman həqiqətən sözügedən qiymət artımının xeyrimizə olduğuna tam əmin ola bilərik...
Elə bu ümidlə də "BakuBus"ın mətbuat katibi Əsmər Əliyeva ilə əlaqə saxladıq.
Publika.az-a açıqlama verən Ə. Əliyeva bildirdi ki, "BakuBus" tərəfindən yeni xətlərin istismarı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin keçirdiyi müsabiqə nəticəsində olur:
“Azərbaycan Yolüstü Nəqliyyat Agentliyi (AYNA) hər hansı bir xətti müsabiqə çıxarır. "BakuBus" həmin xəttin müsabiqəsində iştirak edir, qalib olduğu təqdirdə həmin xəttin istismarı BakuBus tərəfindən həyata keçirilir”.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Pərvanə Əliyeva isə sorğumuza belə cavab verdi: “Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində fəaliyyət göstərən 511 nömrəli marşrut xəttində 5 avtobus sərnişinlərə xidmət göstərir.
Daşıyıcıya xətt üzrə avtobusların sayının artırılması və marşrutun nizamlı fəaliyyətinin təmin edilməsi barədə tapşırıq verilib.
Aparılan optimallaşma işləri çərçivəsində avtobusların yenilənməsi və qeyd edilən ərazinin əlavə marşrutla əlaqələndirilməsi məsələsinə təhlillər əsasında baxılacaq”.
Gülnar Süleymanova
-
Rəsmi xronika22:38
İlham Əliyev Trampa zəng etdi
-
Hadisə21:40
“Bəy hamamı”nda yanğın oldu - VİDEO/YENİLƏNDİ
-
Hadisə20:45
İstanbulda 70 kilo qızılla tutulan azərbaycanlı hərbi attaşe barəsində QƏRAR
-
Magazin120:25
Müğənnilərimizin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ: bir gecədə 100 min manat... - SİYAHI
-
Səhiyyə19:00
Əli Əsədov bu qurumlarla bağlı qərar imzaladı
-
Nəqliyyat18:55
17 yolda tıxac var - SİYAHI
-
Hadisə18:35
Günəşdə güclü PARTLAYIŞ
-
Kriminal18:05
Ədalət Verdiyev həbs olundu