Müəllim və həkimlərin pensiya yaşı artırılır? - Deputatlar açıqladı
Bizi izləyin

Sosial

Müəllim və həkimlərin pensiya yaşı artırılır? - Deputatlar açıqladı

Müəllimlərin və həkimlərin pensiya yaşının artırılacağı ilə bağlı iddialar səsləndirilir. Bildirilir ki, həkimlər və müəllimlərin pensiya yaşının artırılması onların sosial durumu üçün faydalı olacaq. Bu, eyni zamanda paytaxtla yanaşı bölgələrdə də kadr çatışmazlığını aradan qaldıracaq.

Publika.az xəbər verir ki, mövzu ilə bağlı Teleqraf-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, bu məsələ Azərbaycan cəmiyyətində uzun müddətdir ki, geniş müzakirə olunur.

Onun sözlərinə görə, proses davamlı olaraq təhlil edilir: “Bizə daxil olan müraciətlərdə həm həkimlərin, həm də müəllimlərin təqaüd yaşının artırılmasını istədiklərini müşahidə edirik. Bu davamlı edilən müraciətlərdə özünü açıq-aydın göstərir. Müəllimlər daha çox işləmək, daha çox fəaliyyət göstərmək üçün tez-tez müraciət edirlər. Bəzi bölgələrdə həm müəllim, həm həkim çatışmazlığı var. Bu nöqteyi-nəzərdən belə bir addımın atılmasına ehtiyac və zərurət var. Biz bu istiqamətdə də düşünməli və müəyyən addımları atmalıyıq. Həqiqətən də, bu gün həm həkim, həm də müəllimlərimiz pensiya yaşının müddətinin uzadılmasını arzu edirlər”.

Deputat Rəşad Mahmudovun fikrincə, pensiya yaşının artırılması və ya azaldılması kimi sistemli dəyişikliklər yalnız müəyyən peşə qruplarına deyil, bütün vətəndaşlara aid olmalı və dövlət səviyyəsində ümumi pensiya qanunvericiliyi çərçivəsində tənzimlənməlidir.

O hazırda səhiyyə sistemində ən böyük problemin pensiya yaşına çatan şəxslərlə əmək müqaviləsinə xitam verilməsi olduğunu deyib.

“Bu, bəzi hallarda, xüsusilə bölgələrdə, kadr çatışmazlığı baxımından müəyyən çətinliklər yaradır. Ona görə də, zənnimcə, məsələyə “yaşın artırılması” kimi deyil, pensiya yaşına çatan, lakin işləmək istəyən və sağlamlıq baxımından işləməyə qadir olan insanların fəaliyyətini davam etdirməsinə imkan yaradılması kontekstində baxmaq daha məqsədəuyğun olar”, - deputat əlavə edib.

Təhsil eksperti Kamran Əsədov hesab edir ki, müəllim və həkimlərin pensiya yaşının artırılması mexanizmi düzgün planlaşdırılarsa, bu, həm sosial sabitlik, həm də xidmət keyfiyyəti baxımından müsbət nəticə verə bilər. Lakin bu addımın məcburi deyil, könüllü və fərdi əsasda tətbiqi daha məqsədəuyğundur.

"Statistik göstəricilər göstərir ki, hazırda Azərbaycanda 150 mindən çox müəllim, 35 minə yaxın həkim fəaliyyət göstərir. Onların təxminən 22 faizi 60 yaşdan yuxarıdır. Bu kateqoriyadan olan insanların bir çoxu uzun illərin təcrübəsinə malik olmaqla, sistemdə keyfiyyətin qorunmasına və gənc mütəxəssislərin hazırlanmasına mühüm töhfə verirlər. Elm və Təhsil Nazirliyinin son illərdə həyata keçirdiyi kadr islahatları, xüsusilə direktor və müəllim seçimlərinin şəffaflaşdırılması, bu təcrübəli kadrların elmi-pedaqoji fəaliyyətinin davam etdirilməsi üçün yeni imkanlar yaradıb. Nazirliyin yanaşması, təcrübə və bilik mübadiləsinin stimullaşdırılması müsbət qiymətləndirilməlidir".

Təhsil eksperti bu addımın müsbət və mənfi tərəflərində də danışıb:

"Müsbət tərəfi ondan ibarətdir ki, təhsil və səhiyyə sistemində kadr sabitliyi təmin olunur. Çünki son 5 ildə bölgələrdə müəllim çatışmazlığı 900-dən çox məktəbi, həkim çatışmazlığı isə 60-dan çox rayon xəstəxanasını əhatə edib. Belə şəraitdə pensiya yaşına çatmış mütəxəssislərin fəaliyyətinin uzadılması xidmətin davamlılığını qoruyur. Eyni zamanda, bu yanaşma dövlət büdcəsinə yük yaratmadan, təcrübəli işçilərin əməyinin dəyərləndirilməsinə şərait yaradır. Dövlət Statistika Komitəsinin 2024-cü ilin məlumatına görə, 65 yaşdan sonra işləmək istəyən müəllimlərin 70 faizi sosial və psixoloji baxımdan aktiv qalmaq, cəmiyyətə faydalı olmaq məqsədi güdür.

Bununla yanaşı, mənfi tərəflər də mövcuddur. Əgər pensiya yaşı məcburi şəkildə artırılarsa, gənc kadrların işə qəbul imkanları azalacaq, bu isə sistemin təzələnməsini ləngidəcək. Hazırda hər il 7-8 min gənc pedaqoji və tibb ixtisası üzrə ali məktəbi bitirir. Onların böyük hissəsi ya ixtisas üzrə iş tapa bilmir, ya da aşağı maaş səbəbindən sistemi tərk edir. Bu baxımdan, yaşlı kadrların uzunmüddətli saxlanılması gənc mütəxəssislərin motivasiyasına mənfi təsir göstərə bilər. Elm və Təhsil Nazirliyinin apardığı son islahatların məqsədi təcrübə və gəncliyin balanslaşdırılmasıdır. Buna görə də, pensiya yaşının artırılması məsələsi məcburi deyil, könüllü mexanizm üzərində qurulmalıdır".

K. Əsədov bildirib ki, dünya təcrübəsi bu baxımdan maraqlıdır.

"Finlandiyada müəllimlər üçün pensiya yaşı 63 olsa da, istəyə görə 68 yaşadək işləməyə icazə verilir. Yaponiya və Almaniyada səhiyyə işçiləri üçün “yarı ştat” prinsipi tətbiq edilir – yaşlı həkimlər klinik fəaliyyətlə yanaşı, gənc mütəxəssislərin mentorluğu ilə məşğul olurlar. Bu model həm təcrübənin ötürülməsini, həm də nəsillərarası peşəkar harmoniyanı qoruyur. Azərbaycan da bu istiqamətdə addımlar ata bilər: pensiya yaşına çatmış müəllim və həkimlər üçün “mentor” və “konsultant” statusu yaradılarsa, bu, həm onların sosial təminatını yaxşılaşdırar, həm də sistemin yenilənməsinə mane olmaz.

Bununla yanaşı, Elm və Təhsil Nazirliyinin mövcud kadr siyasəti göstərir ki, məqsəd təkcə yaşlı mütəxəssisləri sistemdə saxlamaq deyil, həm də onların bilik və təcrübəsini gənclərin inkişafına yönəltməkdir. Bu, son illərdə keçirilən müəllim sertifikasiyası, direktorların attestasiyası və “Ustad müəllim” təşəbbüsü kimi proqramlarda özünü göstərir. Beləliklə, pensiya yaşının artırılması təşəbbüsü yalnız kadr çatışmazlığına qarşı deyil, həm də peşəkar davamlılığın qorunması məqsədi daşıyır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm