İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Bizi izləyin

Sosial

İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...

İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...

Azərbaycanda ikinci əl avtomobil bazarında son dövrlər aktivlik azalıb. Bazarda alıcıların daha ehtiyatlı davrandığı, satıcıların isə avtomobillərini satmaq üçün daha uzun müddət gözlədiyi müşahidə olunur. Buna baxmayaraq, avtomobillərin qiymətlərində hələlik ciddi dəyişiklik yoxdur.

Bazar iştirakçıları bildirirlər ki, hazırda əsas problem qiymət artımı və ya ucuzlaşma deyil, alıcı ilə satıcının gözləntilərinin uyğun gəlməməsidir. Alıcılar daha sərfəli təklif axtarır, satıcılar isə mövcud qiymətləri qorumağa çalışırlar.

Mütəxəssislərin fikrincə, bazardakı durğunluğun əsas səbəblərindən biri insanların böyük məbləğli alış-veriş zamanı daha diqqətli qərar verməsidir. Yaxşı vəziyyətdə olan, baxımlı və tələbatlı avtomobillər hələ də maraq görsə də, yüksək qiymətə təqdim olunan avtomobillərin satışı çətinləşib.

Hazırda ikinci əl avtomobil bazarında əsas tendensiya qiymətlərin sabit qalması və alıcıların daha seçici davranmasıdır.

Publika.az xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Modern.az-a açıqlama verib:

“İkinci əl avtomobillər bazarında ümumi vəziyyətə nəzər saldıqda görürük ki, baxmayaraq, yaz-yay ayları adətən avtomobil bazarında müəyyən bahalaşma ilə müşahidə olunur, hazırda qiymətlərdə ciddi fərq yoxdur. Bu dövrdə ənənəvi olaraq qiymət artımı gözlənsə də, bu il həmin tendensiya özünü göstərmir.

Hazırda maşın bazarlarında aktivlik demək olar ki, minimum səviyyədədir. Alış və satış prosesində ciddi durğunluq müşahidə olunur. Bir neçə avtomobil bazarında apardığım müşahidələr nəticəsində belə qənaətə gəlmək olar ki, bu gün vətəndaşlar tərəfindən avtomobil alqı-satqısına əvvəlki maraq yoxdur.

Artıq bir çox alıcı və satıcı avtomobil axtarışını ənənəvi bazarlardan daha çox internet üzərindən həyata keçirir. Sosial şəbəkələr, müxtəlif elan platformaları və digər onlayn vasitələr insanların avtomobil seçimi və alış prosesində əsas rol oynayır. Alıcılar avtomobili əvvəlcədən internetdə araşdırır, bəyənir və daha sonra gedərək alırlar.

Hazırda ikinci əl avtomobil bazarında ciddi canlanma müşahidə olunmur. Ümid edirik ki, yaxın zamanda bazarda müəyyən hərəkətlilik yaranacaq və bu da avtomobil alqı-satqısına müsbət təsir göstərəcək.

Bununla yanaşı, son dövrlərdə bir çox vətəndaş xaricdən gətirilən və daha yeni model avtomobillərə üstünlük verir. Nəticədə ikinci əl avtomobil bazarında demək olar ki, tam durğunluq hökm sürür”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm