Paşinyan müharibə tarixini açıqladı: seçkiqabağı manipulyasiya, yoxsa...?
Bizi izləyin

Cənubi Qafqaz

Paşinyan müharibə tarixini açıqladı: seçkiqabağı manipulyasiya, yoxsa...?

Ermənistanda qarşıdan gələn parlament seçkiləri ilə əlaqədar daxili siyasi mübarizə fonunda müharibə ritorikası yenidən gündəmə gəlib. Əvvəlcə erməni baş nazir Nikol Paşinyan iyun ayında keçiriləcək parlament seçkilərində müxalifətin qalib gələrək hakimiyyətə gələcəyi halda Azərbaycanla yeni müharibə riskinin yarana biləcəyini deyib. O hətta bunun üçün konkret olaraq cari ilin sentyabr ayını da tarix kimi göstərib.

Bütün bunlar ölkə daxilində həm siyasi, həm də ictimai müzakirələri alovlandırıb

Hökumət başçısına cavab gecikməyib. Son olaraq, ölkənin sabiq prezidenti Serj Sərkisyan Nikol Paşinyanın mümkün müharibə ilə bağlı səsləndirdiyi fikirləri sərt tənqid edib. Revanşist qüvvələrin liderlərindən sayılan Sərkisyan iddiaların əsassız olduğunu bildirib. Onun “nə gəldi danışırlar” kimi ifadələrlə çıxış etməsi İrəvanda siyasi ritorikanın getdikcə daha da kəskinləşdiyini göstərir.

Bu bəyanatlar real təhlükənin göstəricisidir, yoxsa seçkiqabağı siyasi manipulyasiyadır? Müharibə ritorikasının yenidən gündəmə gətirilməsi Ermənistan cəmiyyətinə hansı mesajı verir? Sərkisyanın sərt reaksiyasının arxasında nələr durur?

Publika.az xəbər verir ki, politoloq Əli Orucov bu barədə Musavat.com-a danışıb. O bildirib ki, Ermənistanda seçki ərəfəsində ictimai siyasi proseslərin qızışması gözləniləndir və hakimiyyət uğrunda mübarizədə iddiaçılar cəmiyyətə fərqli mesajlar ötürməklə elektoratı öz tərəflərinə çəkməyə çalışırlar: "Təbii ki, bu prosesdə xarici faktorlar, xüsusən də, Rusiya faktoru da rol oynamaqdadır. Üzdə olan qüvvələr nisbəti Paşinyanın xeyrinə olsa da, daxili və xarici amilləri nəzərə almaqla hadisələrin rəvan getdiyini söyləmək mümkün deyil. Açığı Azərbaycanla Ermənistan arasında müharibə riskini real hesab etmirəm. Doğrudur, gərginliklər və müəyyən təhriklərin baş verəcəyi istisna edilmir. Çünki, regionda və dünyada baş verən sürətli dəyişikliklər təzyiqləri artırsa da, bunun yenidən müharibəyə çevriləcəyini şərtləndirmir. Mövcud durum İrəvanın tam əleyhinədir. Əgər revanşistlər xam xəyallara və əvəz çıxma iddialarına düşsələr, bu Ermənistanın gələcəyini şübhə altına salar. Ancaq revaşistlərin bəzi hallarda sərt ritorikalarına və davakar ambisiyalarına baxmayaraq onların təbliğat vasitələrinin ana xətlərini məncə bunlar tutmayacaq. Həm də ona görə ki, erməni cəmiyyətinin böyük çoxluğu müharibə və yeni gərginlik ocağına qarşıdır".

Politoloq hesab edir ki, keçmiş prezidentlər- Levon-Ter Petrosyon, Köçəryan və Sərkisyan erməni cəmiyyətində geniş dəstəyə malik deyil və onların imicləri kifayət qədər mənfidir. Ona görə də, hətta Kremlin açıq dəstəyinə rəğmən onların heç biri Paşinyana ciddi rəqib ola bilmirlər. Ermənistan və Azərbaycan arasında demək olar ki, sülh əldə olunub, nəqliyyat xətləri açılır, iqtisadi ticari əlaqələrin qurulmasının konturları ətrafında intensiv müzakirələr gedir. Zənn etmirəm ki, Sərkisyan yaxud Köçəryanın başlanan bu əlaqələri qırmağa gücü çatsın. Zatən regional və beynəlxalq oyunçular da Cənubi Qafqazda qarşıdurmalara qarşıdır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm