Baloğlan Əşrəfov əsgərlərə konsert verdi
Bizi izləyin

Tabloid.az

Baloğlan Əşrəfov əsgərlərə konsert verdi

Əməkdar artist, sevilən sənətkar Baloğlan Əşrəfov başda olmaqla bir qrup müğənni Ağdamın Quzanlı kəndində yerləşən N saylı hərbi hissədə əsgərlərimiz qarşısında konsert proqramı ilə çıxış edib.

Təəssüratlarını Publika.az-la paylaşan müğənni Quzanlıdan yüksək əhvali-ruhiyyə ilə qayıtdıqlarını bildirdi:

“Doğrudan da, torpaqlarımızın keşiyində mərdi-mərdanə dayanan və gecə-gündüz gözlərini qırpmadan vətəni qoruyan igid əsgərlər qarşısında konsert vermək, bir neçə saatlıq da olsa, onları feyziyab etmək hər bir sənət adamı üçün fəxarətdir. Həftəsonu biz əsgərlər qarşısında 3-4 saatlıq geniş, rəngarəng konsert proqramı ilə çıxış etdik. Mənəvi cəhətdən əsgərlərimizi ruhlandırdıq. Bizimlə bərabər cəbhə bölgəsində səfərdə olan Müdafiə Nazirliyinin nümayəndəsi Abdulla Qurbani də əsgərlər qarşısında çıxış edərək onları ruhlandırdı. Konsertin sonunda mən “Azərbaycan” mahnısını ifa etdim və Abdulla Qurbani əsgərlərimizlə əl-ələ tutaraq ətrafımda dövrə vurub rəqs etdilər. Həmin an əsgərlər arasında böyük coşqu yaşandı. Ermənilərlə çox yaxın məsafədə idik və əminəm ki, onlar da bu musiqinin sədalarını eşidirdilər. Bu coşqunu sözlə ifadə etmək çox çətindir. Həmin vaxt çox təsirləndim”.

Əməkdar artist konsert zamanı xalq mahnıları, vətənpərvərlik mövzusuna həsr olunmuş mahnılarla bərabər əsgərlərin də sevib xoşladıqları musiqiləri də ifa etdiyini dedi: “Konsertdən sonra əsgərlərimiz bizə yaxınlaşıb fotolar çəkdirdi, arzu və istəklərini söylədilər. İnanın ki, mən bu konsertdən və əsgərlərimizlə görüşdən aldığım zövqü heç bir konsertimdə almamışdım”.

Qeyd edək ki, Baloğlan Əşrəfovun rəhbərliyi ilə əsgərlər qarşısında baş tutan konsert proqramında xalq artisti Flora Kərimova, Yusif Mustafayev, yumor ustası Fərda Xudaverdiyev, muğam ifaçısı Aytən, eləcə də rəqs qrupları çıxış ediblər.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm