"Ə, Folkner, get hoppan..."
Bizi izləyin

Yazarlar

"Ə, Folkner, get hoppan..."

Atalar deyir ki, oğullar bizə ağız büzməməlidirlər, bizi tənqid etməməlidirlər. Oğullar deyir ki, elə şey yoxdu, ədəbiyyatda ata-oğul söhbəti cəfəngiyatdı, ədəbiyyatda indi ATA olmaq istəyənlər OĞUL olduqları dövrə baxsalar, görərlər ki, onlar da öz zamanlarında ata-mata hərləməyiblər, ədəbi atalarına qarşı indiki oğullardan hələ beş çömçə də artıq olublar.

Ədəbiyyatda "bəyənməmək" sindiromu, deyəsən, yalnız bizdə məişət tərəzisi ilə ölçülür, dünyanın alayı yerlərində bu "sindirom" təbii və vacib şərtdir. Məsələn, öz yaradıcılığı ilə özündən sonrakı bütün dünya ədəbiyyatını girinc-giriftar eləmiş, öz oxucularının tonlarla göz yaşını axıtmış Dostoyevskini Nabokov zövqsüzlükdə, insan faciələrinin girdabında çapalamaqda qınayırdı və deyirdi ki, Dostoyevski həmişə kiməsə nəyisə öyrətmək istəyir. Nabokov bunu yazıçının qüsuru hesab edirdi. Bizim indiki ədəbiyyatın daş-tərəzisi ilə ölçsək, belə çıxır ki, Nabokov rus ədəbiyyatının nankor oğuldur; o boyda kişini dünyanın gözünün önündə itdən alıb, itə verir.

Hələ gör Folkner Heminqueyin başına nə oyun açıb. Deyir, a Heminquey qağa, nə vaxt biz sənin əsərlərini oxuyanda elə bir sözə rast gələcəyik ki, durub lüğət axtaraq? Sən nə vaxta qədər elə ancaq məktəbli leksikonu ilə yazacaqsan? Nə vaxt biz sənin cümləndə xəbərlə mübtədanı bəy-gəlin kimi ortada, tamamlıqla təyini isə sağdış-soldış olaraq onların böyüründə görəcəyik?

Gör hələ viskidən vurub ayağını-ayağının üstünə aşıran və yeləncəkdə siqar tüstülədə-tüstülədə həmkarına lal-dinməz qulaq asan, özünü dünyanın ən gözəl əsərlərində biri olan"Qoca və Dəniz" üçün bəsləyən Heminquey nə deyir: "ə, Folkner, get hoppan, əgər sən inanırsan ki, böyük əzablar böyük sözlərdən yaranır, mənim sənə sözüm yoxdu. Atının başı dərə üzüaşağı".

Və doğrudan da, bu sözlərdən sonra atı minib pərt halda evinə çapan Folkner yolda atdan yıxılıb öldü.
Yaxşı, tutalım, bu da heç. Bəs buna nə deyirsiniz? Zənən xeylağı olmasına baxmayaraq, başını kişi başlarına qoşan Virciniya gəlinbacı Coysa itin sözünü deyib. Deyir dedim, balamın ölmüşünə, sənin bu "Uliss"in sir-sifətindəki sızanaqları qurdalayan pinti bir yeniyetmənin yazdığı inşaya bənzəyir. Görənlər and içirlər ki, Coys bu sözlərdən sonra rəng verib, rəng alıb. Deyib, az, sənin tayfandakı bütün yazıçı Vulflar bir yerə yığışıb mənim bir cümləmi yaza bilməz. Arvadsan, get, arvad işiylə məşğul ol.

Əşi, lap bunu da qoyaq bir qırağa. Nitsşe lap şitini-şorunu çıxarıb. Deməli, bir gün bu səy filosof kəndə əmisigilə gəzməyə gedir. Əmisi deyir, Nitsşe, atam balası, apar o atı hörüylə. Nitsşe atı hörüyləyəndə görür ki, bir qız ağzı üstə çəmənliyə uzanıb kitab oxuyur, xəfif külək isə hərdənbir onun çit donunu qaldırıb, çılpaq, şən budlarını küllü-aləmin sahibinə göstərir. Nitsşe estet olmadığı üçün sözsüz ki, bu mənzərə onun diqqətini cəlb etmir. Onun fikri qızın əlindəki kitabda idi. Soruşur, kimin kitabıdır? Qız deyir, Getenin. Dərhal Nitsşenin sifəti boğazağrı dərmanı içən uşağın sifəti kimi turşuyur. Dodağının altında: "Qəbristanlıq şairi" mızıldanaraq qızdan uzaqlaşır."Faust" kimi bəşəri bir əsərin müəllifini qəbristanlıq bayquşu ilə eyniləşdirən adam mütləq Mefistofelin zavalına gəlməlidir, bizim düşüncəmizə görə.

Flober isə Corc Sandı əməlli-başlı it sürütməsi eləyib; madam Bavari ilə oturub fransız çaxırından düt düyincə içdikləri, axşam üçün eşq macəralarını götür-qoy elədikləri yerdə, prezident təqaüdü alan gənc bir yazar Floberə yaxınlaşır ki, Flober əmi, bu Corc Sand çox atdanıb-düşür, ümumiyyətlə, o, necə yazıçıdır? Flober də eyş-işrətin şirin yerində ədəbiyyatı – yazıçıların zəhləsi gedən bir sənəti – onun yadına saldığı üçün əsəbiləşir və deyir: "Toba, Fransda üç inək varsa, onun ikisi Corc Sanddır, içi mürəkkəblə dolu sağmal bir inək".

Bu dünya ədəbiyyatı!

Bizim qocalar isə gənclərdən tələb edir ki, tabaq gətirin ayaqlarımızı isti suya qoyun. Day qalanı sizlikdir, əziz oxucular.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm