Azərbaycanda 3 milyon nəfər vergidən necə yayınır? – ŞOK FAKTLAR
Bizi izləyin

Müfəttiş

Azərbaycanda 3 milyon nəfər vergidən necə yayınır? – ŞOK FAKTLAR

“5 il özəl şirkətlərin birində işləmişəm. İşə başlayanda mənimlə müqavilə imzaladılar və hər ay maaşımdan sosial sığorta ödənişi üçün müəyyən məbləğ tuturdular. Bir il əvvəl işdən ayrılandan sonra öyrəndim ki, müqavilə kağız parçası imiş. Sosial fonda ödəniş aparılmayıb. Hazırda yenə özəl müəssisədə işləyirəm. Burada nə müqaviləm var, nə də ödəniş edirəm. Bilirəm müqavilənin olmağı yaxşıdır, amma bir dəfə başıma iş gəlib, yenidən problem yaşamamaq üçün müqavilənin olmamasına fikir vermirəm”.

Müsahibimiz Zaur Məmmədov kimi Azərbaycanda milyonlarla insan var ki, işləyib, əmək haqqı alır, lakin bundan nə o, nə də işlədiyi şirkət büdcəyə heç bir ödəniş edir. Milyon sözü sizə şişirdilmiş gəlməsin, bu rəqəm göydəndüşmə deyil. Yazının davamında rəqəmin haradan gəldiyini biləcəksiniz.

Publika.az-ın “Müfəttiş” layihəsində bu dəfə adlarını rəsmi nə işləyən, nə də işləməyənlər siyahısında tapdığımız milyonlarla “işsiz” işçiləri axtaracağıq.

Düzdür, “Müfəttiş” polis deyil, amma bu insanları tapmaq üçün polis olmağa da ehtiyac yoxdur.

İlk baş çəkdiyimiz ünvan Dövlət Statistika Komitəsi oldu. Komitənin saytına əsasən, 2015-ci ildə iqtisadi fəal əhalinin sayı 4 915 300 nəfərdir, onların 4 671 600-ü məşğuldur. İqtisadi məşğul əhalinin 1 milyon 176 min nəfəri dövlət, 3 milyon 495 min nəfərə yaxını özəl sektorun payına düşür. Ötən il muzdla (əmək müqaviləsi) işləyənlərin sayı 1 502 500 nəfər olub.

Ölkədə işsiz əhalinin sayı isə ötən il 243 700 nəfər olub.

Bu sadaladığım rəqəmlər hazırkı durumda heç bir məna ifadə etməyə bilər. Ona görə “Müfəttiş” kiçik riyazi hesablamalarla vəziyyəti aydınlaşdırmağa çalışacaq.

Rəsmi rəqəmlərə görə, işləyən 4 671 600 nəfərdən yalnız 1502 500-ü muzdlu işçidir.

4 671 600 - 1502 500 = 3 169 100 nəfər haradadır?

Bəs bu 3 milyondan çox əhali nə ilə məşğuldur? İşlədikləri halda onların nə üçün müqaviləsi yoxdur?

Rəqəmlər dəyişir…

İkinci bir mənbəyə baxaq. İşləyən, əmək fəaliyyəti ilə məşğul olan şəxslərin həm də fərdi şəxsi hesabları olmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun məlumatına görə, ötən il fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 6,84 faiz artıb. Beləliklə də, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 180 154 nəfərə yüksəlib. Fondun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,2 faizi (1 882 800 nəfər) kişi, 40,8 faizi (1 297 354 nəfər) isə qadındır.

Dövlət Statistika Komitəsinin işləyən əhali sayı ilə Dövlət Sosial Müdafiə Fondunda fərdi uçot sistemində qeydiyyatdan keçənlərin sayı üst-üstə düşmədi:

4 671 600 - 3 180 154 = 1 491 446

Fərq təxminən 1 milyon yarımdır. Bəs Bu fərqin yaranma səbəbi nədir? Fərdi uçot sistemində qeydiyyatda olanları anladıq. Onların bütün işləri rəsmi aparılıb. Bəs Dövlət Statistika Komitəsi bu 4 milyon rəqəmini haradan əldə edib?

Dövlət Statistika Komitəsindən Publika.az-a bildirdilər ki, işləyən əhali barədə rəqəmlər əhalinin sahibkarlıq müayinəsi əsasında müəyyən olunub. Özləri araşdırma aparıblar. DSMF-nin rəqəmləri ilə fərqə gəldikdə, öz apardıqları araşdırmaya cavabdeh olduqlarını dedilər.

Ekspertlərin fikrincə, rəqəmlərdəki uyğunsuzluğun başlıca səbəbi rəsmi əmək müqavilələrinin bağlanmaması ilə əlaqədardır. Onların bu fikirlərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin hər il mütəmadi açıqladığı rəqəmlər də təsdiq edir. Qurum tərəfindən ötən il vətəndaş müraciətlərinin araşdırılması zamanı iş yerlərində ümumilikdə 14769 halda əmək qanunvericiliyinin pozulması faktı aşkarlanıb.

Aşkar edilən hüquq pozuntuları daha çox əmək müqavilələrinin bağlanmaması və ya bu müqavilələrin şərtlərinin yerinə yetirilməməsi, əmək haqqının hesablanması və ödənilməsində yol verilən nöqsanlar, əməyin mühafizəsinin tibbi-sosial məsələləri, texniki təhlükəsizlik qaydalarına əməl olunmaması və s. ilə bağlı olub. İqtisadiyyatın sahələri üzrə hüquq pozuntuları əsasən topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, tikinti, ictimai iaşə və s. sahələrdə qeydə alınıb.

Düzdür, əmək qanunvericiliyinin pozulması halları 2014-cü illə müqayisədə 27.6 faiz azalıb, amma hələ də var.

İnsanları niyə qanunvericiliyin tələblərini pozur?

Qanunun pozulmasına göz yuman işçi işini itirmək istəmir, hazırkı məvacibindən büdcəyə ödəniş etmək istəmir.

Qanunu pozan işəgötürən isə əlavə xərc çəkmək istəmir. Daha az xərclə, daha çox qazanc əldə edir. Onsuz da işçi də onun qanunu pozmasına göz yumur.

Əlbəttə, bu problemlər təkcə bizim başımıza gəlməyib. Dünyanın bir çox ölkələrində oxşar problemlər müşahidə edilir. Beynəlxalq Əmək Təşkilatının açıqlamasına görə, ötən il dünya üzrə işçilərin yalnız ¼-i daimi müqavilələr üzrə çalışır və bu göstərici getdikcə azalır. İşçilərin ¾-ü ya qısamüddətli və müvəqqəti müqavilələr üzrə işləyir, ya da ümumiyyətlə müqavilə olmadan fərdi sahibkarlıq, ailə biznesi ilə məşğuldur. Təşkilatın ekspertləri bildirib ki, inkişaf etməkdə olan ölkələrdə əmək müqavilələrinin sayı əvvəlki vaxtlara nisbətən zəif artır, lakin inkişaf etmiş ölkələrdə isə muzdlu işçilərin sayı ümumiyyətlə artmır.

Almaniyada isə bu problemin işçiləri də cərimələməklə həll edib. Müqaviləsiz əməyə görə təkcə işəgötürən deyil, işçilər də cərimələnir. Cərimənin məbləği 2500 avro civarında dəyişir.

Rusiyada bu yaxınlarda prezident özünüməşğul əhalini iki il vergilərdən azad etdi. Hazırda həmin kəsimdən vergi toplamağın çətinliyi və yol verilən qanunsuzluqların qarşısını bununla almağı planlaşdırırlar.

Büdcənin itirdiyi milyonlar...

Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədovun sözlərinə görə, rəqəmlər 4 milyondan çox əmək qabiliyyətli şəxslərin 30%-i əmək müqaviləsi olduğunu göstərir: “Əmək müqavilələrinin 900 mindən çoxu dövlət təşkilatlarıdır, qalanları isə dövlətin tabeliyində olan təsərrüfat subyektləridir. Azərbaycan iqtisadiyyatının 80%-i isə özəl sektora məxsusdur. Bu rəqəmlərdən belə qənaətə gəlmək olur ki, özəl sektor əmək bazarında demək olar ki, iştirak etmir, ən yaxşı halda bu 10-15%-dən çox olmur. Bizdə qeyri-formal əmək bazarı həddən artıq yüksəkdir. Fərdi uçot sistemində qeydiyyatda olan 3 milyondan çox əhalinin əksəriyyəti VÖEN-i olan, özünüməşğul insanlar, ya da mülkü hüquqi müqavilə ilə işləyənlərdir. Yüz minlərlə insan muzdlu işlə məşğuldur, amma əmək müqaviləsi yoxdur. Dövlət Statistika Komitəsinin saytında göstərilən işləyən əhali ilə bağlı rəqəmlər əmək müqaviləsi, mülkü hüquqi müqavilə, özünü məşğul olub sahibkarlıq subyekti kimi qeydiyyatdan keçənlər, torpaq sahibləri və həmin ailədən olan əmək qabiliyyətli insanlara əsasən müəyyən edilib”.

S.Məmmədov belə olan halda dövlət büdcəsində yaranan itkilərə də toxundu: “Belə işçilərlə bağlı heç bir sığorta yığımı aparılmır. Yaşa görə əmək pensiyası almır. Həmçinin doğuşa görə məzuniyyətə getdikdə, xəstəliyə görə əmək qabiliyyətini müvəqqəti itirdikdə müavinət ala bilmir. Bu işçinin ziyanınadır. Bəzi hallarda işçi ilə müqavilə bağlanır, lakin orada göstərilən rəqəmlə real əmək haqqı arasında 3-4 dəfə fərq olur. Elementar hesablama aparsaq, bütün bunların nəticəsində sosial sığorta fondu təxminən 1 milyard vəsait, yarım milyarddan daha çox isə dövlət büdcəsi itirir”.

Bizdə də Almaniya təcrübəsinin tətbiq edilməsinə gəldikdə, S.Məmmədov bununla razılaşmadığını bildirdi. Onun sözlərinə görə bu problemi həll edə bilməz: “Hazırkı qanunvericilik yalnız işəgötürəni məsuliyyətə cəlb edir. Düzdür, ikili mühasibatlılıqla işləyəndə işəgötürənlə işçi sövdələşir. Yəni o özü də prosesdən xəbərdar olur. Buna razı olma səbəbi isə hazırkı durumda real qazancının çox olmasıdır. Məsələn, 500 manat maaş alan şəxs əmək müqaviləsi imzalandığı halda, 415 manat maaş almalı olur. Buna görə də işçilər iki mühasibatlığa razı olurlar. Bu zaman o, yaxın perspektivdə qazansa da, uzaq gələcəkdə uduzacaq. Lakin bu məqamda işçinin məsuliyyətə cəlb edilməsi vəziyyəti dəyişməyəcək. Özünü məşğul şəxslər isə özləri məsuliyyət daşıyır”.

Yeni sistem yaradılmalıdır

Problemdən çıxış yolu kimi qeyri-formal əmək bazarının ləğv edilməsini vacib olduğunu bildirən ekspert illərdir bu prosesin həyata keçirilməməsinin təəssüfləndirici hal olduğunu vurğuladı. Bununla yanaşı Vergilər Nazirliyinə özünüməşğul insanlar üçün verginin patent sisteminin tətbiqini təklif etmişik: “Məsələn, küçədə ayaqqabı təmizləyəni, gülsatanı, dayəni vergiyə cəlb etmək çətin olur. İldə 50-70 manat dəyərində patent ala bilər. Bu məbləğ tək halda çox kiçik görünə bilər, lakin il ərzində milyonlara çevrilməsi realdır. İkincisi, bu, əhalidə vergi mədəniyyəti formalaşdıracaq. Eyni zamanda işəgötürənin ərköyünlüyünün qarşısını almaq lazımdır. Hamıya eyni gözlə yanaşılmalıdır. Mülki hüquqi müqavilələrin indiqatorları hazırlanmalıdır. Bu müqavilənin hansı işlərdə bağlana bilməsi dəqiq müəyyən edilməlidir”.

Əhəmiyyətsiz kağız parçası

Hüquq üzrə elmlər doktoru, Bakı Dövlət Universitetinin Əmək və ekologiya hüququ kafedrasının müdiri Alış Qasımov Publika.az-a bildirdi ki, həmin şəxslərin birmənalı şəkildə müqaviləsiz işlədiyini demək olmaz. Onlar arasında kiçik bizneslə, fərdi sahibkarlıqla, məşğul olan şəxslər də ola bilər. Əmək Məcəlləsinin 44-cü maddəsinin birinci hissəsinə uyğun olaraq əmək müqaviləsi yazılı formada bağlanır. Elektron bazada yerləşdirilməyən əmək müqaviləsi heç bir əhəmiyyəti olmayan kağız parçasıdır”.

A.Qasımovun sözlərinə görə, müqavilənin elektron bazada yerləşdirilməsinə işçi qədər işəgötürən də maraqlı olmalıdır: “Müqavilə bağlayıb elektron qaydada qeydiyyatdan keçirməyən işəgötürən həm inzibati, həm cinayət məsuliyyətinə cəlb edilir. Əgər işçi elektron hökumət portalında elektron müqaviləsinin olmadığını öyrənərsə, bu zaman AR ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edə bilər. Bu zaman müəyyən olunan cərimələr də kifayət qədərdir. İşəgötürən bir işçiyə görə 20 min manata qədər cərimələnməkdə maraqlı deyil. Ona görə də işəgötürənlər işçi ilə müqavilə bağlamaqda maraqlıdır. Hətta müqaviləsiz işçilərin sayı 10-dan çox olarsa, işəgötürənə qarşı cinayət məsuliyyəti müəyyən edilə bilər”.

İşəgötürənin bəhanəsi

Ekspert müqaviləsiz işçilərin olduğunu inkar etməyin mümkünsüzlüyünü deyib: “Belə faktlar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən də mütəmadi açıqlanır. Əvvəllər işəgötürənlər bunu vergidən yayınmaq, ikili mühasibatlılıq və digər məqsədlərlə edə bilərdi. Bu gün isə işəgötürənin müqavilə bağlamaması onun hüquqi mədəniyyətinin aşağı səviyyədə olması və gələcək məsuliyyətini dərk etməməsindən xəbər verir. O, müqaviləsiz işçilərə görə cərimələnə biləcəyindən xəbərdar olsa, mütləq işlərini qanunauyğun quracaq. Bununla yanaşı Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları plandankənar müəssisələrə daxil olmalı və yoxlamalar aparmalıdır. Təəssüf ki, çox zaman bunu etmirlər. Bu qurum ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlərdə yoxlama apara bilmir. Baxmayaraq ki, xarici şirkətlər Azərbaycan qanunvericiliyinə tabe olmalıdır, əmək müfəttişliyi xəbərdarlıq etmədən əmək qanunvericiliyinin vəziyyətini yoxlaya bilər”.

A.Qasımovun sözlərinə görə, əmək müqavilələrinin işləyən əhalinin sayından az olmasının səbəbi həm də işçi ilə işəgötürən arasındakı münasibətin mülki hüquqi müqavilə kimi rəsmiləşdirilməsi ilə bağlıdır: “Mülki-hüquqi müqavilə üzrə işləyən şəxslərə əmək qanunvericiliyinin tələbləri şamil edilmir. Bu barədə Əmək Məcəlləsinin 6-cı maddəsində birbaşa göstəriş var. Onlar sadəcə sifarişi yerinə yetirən tərəf olur. Həmin şəxslər iş vaxtından əlavə işə cəlb olunsa ikiqat əməkhaqqı ala bilmir, məzuniyyət verilmir, hətta gələcəkdə pensiya məsələsi də sual altında olur. Sosial sığorta stajı olmayan şəxslər pensiya almaqda problem yaşayırlar”.

Cərimə və həbs

İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə işçi ilə əmək müqaviləsi bağlamayan fiziki şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslər isə 20000 manatdan 25000 manatadək məbləğdə inzibati qaydada cərimə edilir.

CM-in 162-1.1-ci maddəsinə əsasən, ƏM-də nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə 7000 manatdan 10000 manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bu yazını hazırlamaq üçün rəsmi və qeyri-rəsmi mənbələrdən yüzlərlə rəqəmi incələdik. Amma bu sonuncu rəqəmlər qədər “Müfəttiş”i həyəcanlandıran olmamışdı. “Müfəttiş” belə həyəcanlanırsa, gör iş sahibləri nə vəziyyətdə olar. Amma çıxış yolunu da göstərdik. İndi seçim sizindir.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm