Müfəttiş
Azərbaycanda çadır TURİZMİ - İstədiyiniz yerdə ən ucuz tətil imkanı
Bir çadır, təcili yardım çantası, kibrit, fənər, böcəklərə qarşı dərman… Betondan uzaqlaşıb, ulduzlara yaxın olmaq istəyən üçün kifayət edir. Əlbəttə, söhbət komfortlu yox, əziyyətli və bir o qədər də əyləncəli istirahəti sevənlərdən gedir.
Ucuz və əyləncəli istirahəti kim istəməz? Xüsusən də, ölkəmizdə 2-3 ulduzlu, ucuz otellərin barmaqla sayıldığı, regionlarda bir həftəlik istirahətin 1000 manatı aşdığı bir vaxtda, çadır turizmi xeyli cəzibəli görünə bilər. Amma ölkəmiz turizmin bu sahəsində geridə qalır. Bunun səbəbləri isə müxtəlifdir.
Səbəblərini və bu sahəni necə canlandıra biləcəyimizi Publika.az-ın “Müfəttiş”i araşdırdı.
Həşəratlarla yaşamağa hazır olun
Məlumunuz olsun ki, bizim uzaq düşdüyümüz bu sahədə xaricilər xeyli inkişaf edib. Əvvəldən etiraf edək ki, çadır turizmini seçənlərin bir əli yağda, bir əli balda olmur. Həşaratlarla yaşamağa hazır olmalısınız, üstəlik, sizə xidmət edənlər də olmayacaq. Amma əvəzində təbiətin qoynunda dincəlmək, yuxudan quşların səsi ilə oyanmaq, gecə ocağın ətrafında söhbət, texnologiyadan uzaq bir mühit vəd edilir. Ən başlıcası isə xərciniz dəfələrlə az ola bilər. Azərbaycanda çadır turizmi üçün lazım olanları almaq elə də xərc tələb etmir. Hətta internetdə axtarış etsəniz, “ikinci əl” çadırları 50-70 manata tapa bilərsiniz. Digər lazım olan əşyalar da elə də baha deyil. Üstəlik, unutmayın ki, çadırı bir dəfə alırsınız və səliqəli işlətdiyiniz halda illərlə istifadə edəcəksiniz. Növbəti illərdə xərcini daha az olacaq.
Pulum var, daha komfortlu çadır istəyirəm deyənlər üçün də imkanlar var. Bir çox xarici ölkələrdə daha komfortlu çadırlar turistlərə təklif edilir. Bunların qiyməti 300 dollardan 6 min dollar qədər yüksələ bilir. “Glamping” adlanan bu turizmə əsasən zənginlər maraq göstərir. Bu da ölkələrə milyonlar qazandırır. Yəni artıq zənginlər də betonlardan xilas olmaq istəyir. Məşhur cütlük Ancelina Coli və Bret Pit də tez-tez bu turizm növünü seçənlərdəndir. Hətta dünya mediasında cütlüyün bu cür çadırlarda istirahət etmək üçün 6 min dollar ödədikləri də müzakirə edilmişdi. Qonşu Türkiyədə də bu istiqamətdə danışıqlar aparılır. Lakin biz hələ ən sadə formasına belə başlamamışıq.
Əvvəlcə məsələni daxili turist səfərləri təşkil edən şirkətlərlə araşdırdıq. Turizm şirkətlərindən nə yerli, nə də xarici turistlərdən bununla bağlı müraciət olmadığını dedilər. Lakin müraciət olduğu halda dəyərləndirilə, bu cür turist səfərlərinin təşkili üçün işlər görə biləcəklərini dedilər. Amma necə və harada? Bax, bu suala konkret cavab verən olmadı.
Aztəminatlı ailələr üçün ucuz fürsət
Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov çox da uzağa getmir, sovet dövründə Azərbaycanda çadır turizminin olduğunu deyir: “Əvvəllər Nabranda çadır turizmi var idi, fabrik, zavodlarda işləyənlər şənbə-bazar günləri ora gedib istirahət edirdilər. Lakin bu gün həmin torpaq sahələrinin böyük bir hissəsi özəlləşdirilib, çadır turizminə imkan verilmir. Bunun üçün mexanizm hazırlanmalıdır ki, bələdiyyələr və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə insanların meşədə çadır turizmindən yararlanması üçün icazə versin. Hətta bu razılıq ödənişli də ola bilər.
Çünki çadır turizminin inkişafı daxili turizmin də inkişafını şərtləndirən addımlardandır. Bu, ümumi turizmin inkişafı müsbət haldır. Bundan başqa, bəzi insanlar istirahətini dörd divar arasında keçirmək istəmir. Çadır turizminin iki cür - kütləvi və fərdi formada ola bilər. Kütləvi olması üçün bir ərazidə müasir imkanları olan çadırlar qurulur. Bu çadırlar gecəsi 5 manata təklif edilə bilər. Onun ətrafında biotualetlər qurulur, sanitar-gigiyenik normalara əməl edilməsi, təmizliyin təmin edilməsi üçün imkan yaradılmalıdır. Digər üsul isə əvvəl olduğu kimi bir ailənin özünün təşkil etdiyi çadırda qalmasıdır. Tələbələr, gənclər, az təminatlı insanlar həftə sonu ucuz qiymətə çadırda dincələ bilərlər. Turizmin bu növündə həm xərclər azdır, həm də təbiətin qoynunda istirahəti dadı bir başqadır”.
Bir sıra rayonlarda bunun üçün imkanların mövcud olduğunu deyən ekspert, bu sahədə tələblərdən də danışdı: “Şamaxı, Yalama, Quba, Qusar, Qəbələ kimi meşə və çayların imkan verdiyi ərazilərdə buna şərait var, lakin bu imkanı yaratmalıyıq. Əlbəttə, qayda-qanuna riayət etmək, gigiyenik normalara əməl etmək və sanitar qovşaqların yaradılması başlıca tələbdir. Lakin bizdə çadır turizmi nəinki inkişaf etməyib, heç bu sahədə ilk addımlar belə hiss olunmur. Bu gün ərazilər hasarlanırsa, insanların istirahətinə məhdudiyyət qoyulursa, burada hansı çadır turizmindən danışmaq olar? İndi bir ailə bu cür istirahət etmək istəsə, çadır qurduğu yerdə biri gəlib ərazinin ona aid olduğunu deyəcək. Lakin onlar çox zaman ictimai istifadə üçün ayrılmış yerlər olur. Təhlükəsizlik qaydasına əməl edilməsi tələbindən sonra turistlərə icazə verilə bilər. Əgər hər hansı meşədə istirahət edənlərin səhlənkarlığından yanğın baş verirsə, onlara qadağa qoymaqla problemi həll etmək olmaz. İlk növbədə insanları maarifləndirmək, sonra da ərazidə meşəbəyilərin nəzarətini gücləndirmək lazımdır”.
Bir çadırla turizm olmaz...
Turizm üzrə ekspert İldırım Musayev hesab edir ki, ölkəmiz üçün bu turizmdən danışmaq hələ tezdir: “Bu barədə insanların çoxu məlumatlı deyil. Daha çox əylənərək istirahət etmək istəyənlər üçün çadır turizmi maraqlıdır. Bu komforta çox da önəm verməyən insanların seçimi ola bilər. Lakin çadırların yerinin təşkili yerli idarəetmə orqanları, bələdiyyə ilə yeri razılaşdırmaq, qida təminatı, ekoloji tələblərin pozulmaması, sanitar-gigiyenik problemin həlli, yanğın və digər fövqəladə vəziyyətlərdə davranış qaydalarını bilmək tələb olunur. İlk növbədə isə ölkəmizdə bu sahədə ixtisaslaşmış turizm şirkətləri, mütəxəssislər yoxdur”.
Onun sözlərinə görə, bu sahənin inkişafı üçün dəstəyə ehtiyac var. İ.Musayev onu da vurğulayır ki, turistin müraciət edəcəyi şirkətin sadəcə çadır təşkil etməsi yetərli deyil: “Hazırda ölkəmizdə bu sahənin inkişafına heç kim mane olmur. Lakin bunun üçün ixtisaslaşmış mütəxəssislər lazımdır. Sadəcə çadır quraşdırmaqla turizm olmaz. Ayrı-ayrı fərdlərin çadırlarını istədikləri yerdə qurub gecələməsi isə çadır turizmi hesab edilə bilməz. İstirahət etmək istəyən adam dediyimiz bu əlavə imkanları tələb etməlidir. Çünki ən azı təhlükəsizlik məsələsi hər kəsin narahat olduğu məqamdır. Gecə bir yanğın baş versə, turistin təhlükəsizliyini kim təmin edəcək? Lakin bu gün turizm şirkətlərinə müraciət olduğu halda, onların təşkil etmək imkanı barədə dəqiq söz deyə bilmərəm. Ancaq bizim şirkətlərin daha çox pul qazanmaq istəyini nəzərə alsaq, yəqin ki, təşkil etməyə çalışarlar. Əsas məsələ sadəcə çadır qurmaq deyil. Lazımi məlumatların olması mütləqdir. Bunu isə ancaq professional turizm şirkətləri etməlidir. Bu, adi bir kənd sakininin quracağı məsələ deyil”.
Səbəbkar vətəndaşdır
Ekspertlərin də dediyi kimi çadır turizminin inkişafında başlıca şərt təhlükəsizliyə əməl etməkdir. Lakin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hər il meşə və milli parklarda baş verən yanğınlarla bağlı yaydığı xəbərlərdə insanların bu məsələyə diqqətsiz yanaşdığını görürük.
Turistlərin təbiət qoynunda istirahətinə mane olmadığını deyən ETSN-nin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə məsuliyyətin başlıca tələb olduğunu bildirir: “Təbiət qoynunda istirahət edən turist ilk növbədə məsuliyyətini dərk etməlidir. Çünki bəzən onların həm özlərini, həm də təbiəti risk qarşısında qoyurlar. İnsanlar vəhşi heyvanların hücumu, yağışlı havada ildırım vurma, çay daşqınlarından özlərini mühafizə etməyi bacarmalıdır. Eyni zamanda təbiətə də ziyan vurmamalıdır. Təəssüf ki, təbiətdə istirahət edən vətəndaşlar ocaq qalamaq üçün ağacları qırır, qaladığı tonqalı söndürmədən getdiyinə görə yanğın baş verir, yediyi qidaların qalıqlarını qoyub gedir. Hətta bəzən istər meşə, istərsə də Milli park ərazilərində işçiləri zibilləri təmizləməli olduqlarını dilə gətirirlər. Əlbəttə, bu yanlış düşüncədir.
İnsanın təbiətdə istirahəti zamanı istər-istəməz otları, gülləri tapdalamaqla, heyvanların təbii yaşamını pozur, amma üstəlik, dediyimiz məsələlərin də əlavə olunması dözülməz hal alır. Vətəndaş məsuliyyətsizliyindən dəfələrlə yanğın hallarını müşahidə etmişik. Ümumiyyətlə, meşələrdə, parklarda baş verən yanğınlarda 90 faiz səbəbkar məhz vətəndaşlardır. Onların ya istirahətdən sonra ocağı söndürməməsi, ya da yaxınlıqdakı əkin sahələrinin məhsul yığımından sonra yandırılması nəticəsində baş verir. Bu yanğınlar küləklə daha böyük əraziyə yayılır və ilkin müdaxiləni göstərən də elə bizim əməkdaşlarımız olur”.
“Bəzən insanlar lövhələrin sayının azlığından, ya da özləri daxil olduqları ərazidə rast gəlmədiklərindən” şikayətlənmələrinə münasibət bildirən H.Əlizadə bütün təbiəti məlumat lövhələri ilə doldurmağın mümkün olmadığını dedi: “10 metrdən biri məlumat lövhəsi, 50 metdən bir zibil qabı qoymaq çox absurd məsələdir. Biz maarifləndirmə işimizi aparırıq. Hər il insanlardan daha çox diqqətli olacaqlarını gözləyirik. Qoruqlara vətəndaşların girişi ümumiyyətlə qadağandır, Milli parklarda isə davranış qaydaları var. Bu qaydaları bilmək üçün yüksək savada ehtiyac yoxdur, orta təhsili olan insan ocaq qalayandan sonra təhlükəsizlik qaydalarını bilmələri yetərlidir. Biz çadır turizminə qarşı deyilik, sadəcə vətəndaşların lazımı qaydalara əməl etmələrini istəyirik”.
Aşağı büdcəli əcnəbilərin seçimi
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov isə hesab edir ki, turizm infrastrukturu inkişaf etdikcə, mehmanxanaların sayı artdıqca çadır turizminə o qədər də maraq göstərilmir: “Lakin Avropadan gələn aşağı büdcəli turistlər bu turizm növünə maraq göstərir. Daxili turizmlə məşğul olan turizm şirkətləri bu xidməti təklif edirlər. Xüsusən də, yay aylarında və bölgələrdə bu imkan daha yaxşı yaradıla bilir. Düzdür, bu xidməti özəl şirkətlər göstərir. Turistləri qəbul edib, xidmət göstərmək nazirliyin işi deyil. Bu işi turizm şirkətləri həyata keçirir. Lakin bu vaxta qədər hər hansı turistin çadır turizm imkanlarından yararlanması üçün mane ilə qarşılaşması barədə şikayət daxil olmayıb”.
Aidiyyəti qurumlar çadır turizminin inkişafı üçün bir mane olmadığını deyir. İndi iş düşür turizm şirkətlərinin üstünə. Çünki təkcə əcnəbilər yox, elə ölkəmizdə də hotel, kateclərin qiymətindən onlara yaxın dura bilməyənlərin sayı kifayət qədərdir. Amma çox xərc tələb etməyən çadır turizmi bu şəxslər üçün əla fürsət ola bilər. Axı hər kəsin istirahət hüququ var.
Gülxar
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman26 Dekabr 18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial26 Dekabr 17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı