Leninlə dolu bir gün
Bizi izləyin

Sovet sirləri

Leninlə dolu bir gün

11 yaşlı məktəbli qızını özüylə götürüb uzaq bir kənddən məhəlləmizə qədər gələrək ona qatıq , göyərti, alma satdığını qışqırdan gənc qadının pəncərəmi döyməsinə oyanmışam.

Adına min dəfə qara yaxılmasına baxmayaraq , ağlığıyla gözlərimi qamaşdırıb yuxumu qaçıran qatıq balonunu alıram. Corabindan çıxardığı qəpikləri sayıb pulumun qalığını qaytaran qadın yorğun-yorğun deyir:

- Nə yaxşı bu dəmir pulları çıxartdılar, heç olmasa bunlara baxırıq, Lenin babanı, sovet hökumətini yada salırıq... Pulun da bərəkəti vardı onda, qatığın da , elə adamın da...

Mən bir köşə yazarı olaraq bir qatıqsatan elqızımla söhbətə dayanmağı özümə borc bilirəm və məmləkətimizdə hələ bundan sonra dəmir pulların, qatığın və adamların daha bol olacağından o ki var danışıb ona ürək-dirək verirəm... O, 11 yaşlı məktəbli qızı ilə məni böyük bir adam hesab edərək yağış altda islana-islana dinləyir... islanır... və hər ikisi xəstələnir...

Sonra işıq sayğaclarını yoxlayan cavan oğlan gəlir... Min dəfə ona deməyimə baxmayaraq yenə də barmaqlarının beşini də birdən yalayıb bildiriş yazacağı cıqqılı kağızı isladır və mənə uzadır:

-Nə işlədirsiniz belə? Sovetin dövrü deyil ey, Leninin işığını gen-bol işlədəsiniz, camaat sevinir ki, yaz gəlir, hamamı daha həftədə bir dəfə yox, ayda bir dəfə qızdırar, sizsə hələ bir kompüter də işlədirsiz...

Mən yenə də bir köşə yazarı olaraq bu bildirişyazan eloğlumla söhbətə dayanmağı özümə borc bilirəm və kompüterizasiyanın perspektivlərindən o ki var danışıb onun bərəlmiş gözlərindəki heyrətə baxaraq çoxbilmişliyimdən həzz alıram və min birinci dəfə ona deyirəm ki, bir də bildiriş vərəqini yalamasın, evdə sabun çatdırmıram ondan sonra əl yumaqdan...

Daha sonra bir qohumumuz gəlir. Yaşı 60-ı haqlayan bu kişi hələ də pencəyinin yaxasında dahi Leninin profildən qızılı əksi olan al-qırmızı bir döş nişanı gəzdirir. Təqaüd pullarını bu aydan o aya nəyə xərcləyə bildiyini və nəyə xərcləyə bilmədiyini sayır. Partbiletini pencəyinin döş cibindən çıxarıb masanın üstünə çırpır:

-Kommunistlər növbəti seçkidə də qalib olmasalar, yandıracam bu partbileti...- deyir...

Mən bu dəfə də bir köşə yazarı olaraq bu "Sonuncu Mogikan" el ağsaqqalımızla söhbətə dayanmağı özümə borc bilirəm və məmləkətdəki siyasi partiyaların nizamnamə lərəni və məramnamələrini gətirib masanın üstünə yığıram ki, partbiletini yandırmazdan öncə bunlardan birini seçib üzv olmağa qərar versin...

Və o, əsl Mayakovskisayağı bir qürurla ayağa qalxıb deyir:

- Mən yenə də seçkiyə gedib kəndimizin montyoruna səs verəcəyəm.

Artıq yoruluram...

Bir köhnə məktəb yoldaşıma zəng edirəm və "nə var-nə yox?" əsnasında: "Belə də, hərdən nəsə yazıram - arvadlarçın şeir, kişilərçin köşə..." deyirəm.

- Bəs sən?- soruşuram... Və o bir köşə yazarı olaraq bu köhnə məktəb yoldaşıyla söhbətə dayanmağı özünə borc bilib mənə mətbuatımızda və ədəbiyyatımızda baş verən ən son yeniliklərdən və mədəni inqilab qığılcımlarından danışır...

Və mənim Lenindən yorulmuş beynimin yenicə sakitləşməyə başladığı bir anda söhbətinə yekun vurur:

-Necə deyərlər, çalışırıq, vuruşuruq, Lenin baba yolunda...

Mən dəstəyi necə atdığımı xatırlamayaraq başımı tuturam və bu anlarda yeganə istəyim Lenin haqqında heç bir şey eşitməmək olur... Çingiz Abdullayevin Dronqosunun Sovet hakimiyyətinə nostaljiləriylə dolu kitablarını, amerikalıların Leninin cəsədini almaq istədiyini yazan neçə ildən qalma qəzetləri, hətta "Məhəllə-2" kinosunun diskini götürüb evdən çıxartmaq istəyirəm.

Və qapıda kimi görsəm yaxşıdır? Leninin əkiz tayı kimi ona oxşayan bir qoca əlini açıb dilənir... Əlimdəkiləri geri qaytarıb bayaq qatıqsatanın mənə qaytardığı dəmir qəpikləri ona uzadıram... Qoca onları alıb həmən çirkli corablarına soxuşdurur və gedir...

P.S. Əsl dəhşət isə qatığ balonunun ağzına bərkidilmiş köhnə kitab vərəqini oxuyanda başlayır: " V.İ. Lenin azadlıq hərəkatının üç mərhələdən keçdiyini göstərmişdir: 1) zadəgan dövrü; 2) raznoçin və ya burjua-demokratik dövrü; 3) proletar dövrü..."

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm