Xüsusi
Vəzifəsindən istefa verən Nəsimi Paşayev: "İşdən gedirəm, yenə canım qurtarmır bu Dilqəm Əhməddən"
Publika.az-ın budəfəki müsahibi istefası həftələrdir müzakirə edilən, jurnalistlərin ən sevdiyi sözçülərdən olan "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevdir.
Nəsimi müəllim o mətbuat katiblərindəndir ki, onunla əlaqə saxlamağa çalışan zaman çox nadir hallarda operator xanım “bu nömrəyə zəng çatmır” deyər.
Nəsimi müəllimin vəzifədən gedəcəyini eşidəndə məyus olan insanlardan biri də mən oldum. Qərara gəldim ki, onunla "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidməti vəzifəsində olduğu son gündə (31 may) həmsöhbət olaq. Beləcə “Bakı Metropoliteninin” "28 May" stansiyasında yerləşən baş ofisində görüşdük. İdarədəki işçilər belə onun vəzifədən getməsinə üzüldüklərini deyirdilər.
İlk sualımız təbii ki, yubanmadı. Adətən ona metrodakı problemlərlə bağlı suallar veririk. Amma bu dəfə isə səmimi və qeyri-rəsmi mövzulardan söhbət etdik.
- Nəsimi müəllim, 4 il 3 aydır ki, metropolitenin mətbuat xidmətinin rəhbərisiz. 4 il əvvəl vəzifəyə ilk gəlişinizi necə xatırlayırsız?
- 2014-cü ilin fevral ayında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti yaranandan sonra prezidentin sərəncamı ilə Zaur Hüseynov rəhbər təyin edildi. Mart ayının əvvəllərindən metro ilə yollarımız kəsişdi və "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi kimi bu günə qədər də fəaliyyətimi davam etdirirəm. Amma ümumiyyətlə, mətbuat xidməti sahəsində 2004-cü ildən çalışıram. O vaxt “Barmek Azərbaycan" vardı, 2004-cü ildə orda başlamışam fəaliyyətə. Daha sonra "Bakı Elektrikşəbəkə"də çalışmışam. Bu istiqamətdə son iş yerimdə hələ ki, yəni axşam saat 6-ya qədər Bakı Metropolitenidir (Gülür). Bu 4 ildə əlimdən gəldiyi qədər çalışdım ki, zəruri informasiyanı jurnalistlərlə bölüşüm. Kütləvi İnformasiya Vasitələri (KİV) ilə qarşılıqlı şəkildə, anlayış çərçivəsində çalışmışıq. Yeni layihələr, maraqlı yeniliklərə imza atmağa çalışdım. Özümü çox tərif etmək istəmirəm. Təbii ki, bütün bunları jurnalistlərin, ətrafdakı həmkarların qiymətləndirməsi daha yaxşıdır. Amma hər gələn bir gün gedir. Çətin də olsa, vaxt-vədə yetişdi və qərar verdik ki, artıq getmək vaxtıdır. Bu gün axşam saat 6-dan sonra Metropolitenin inzibati binasından son dəfə çıxıb, evimizə gedəcəm. Təbii ki, metronu tərk etmirəm, əvvəlki kimi yenə metrodan istifadə edəcəm. Məni hər an qatarlarda görə bilərsiz (Gülür).
- Vəzifədən ayrılan şəxslər ya narahat olurlar, ya paxıl olurlar, ya da depressiyaya düşürlər. Siz necə, 4 ildir gününüzün böyük hissəsini metroda keçirmisiz, darıxacaqsınızmı?
- Təbii ki... Metro mənim üçün olduqca əzizdir. Baxmayaraq ki, vəzifə səlahiyyətlərimi təhvil verəcəm, amma metroya qarşı kim qərəzli münasibət sərgiləsə, vətəndaş kimi də olsa, hər zaman qarşısında məni görəcək. Haqlı tənqidlərə hər zaman açıq olmuşuq. Düzdür, yoldaşlardan, kollektiv işlərimizdən ötrü darıxacam. Amma mən paxıl adam deyiləm. Depressiyaya düşənə oxşuyuram? (Gülür) Narahat deyiləm. Çünki, əvəzolunmaz insan yoxdur. Eləcə də bir insanın təkrarı olmur. Ya daha yaxşısı, ya da daha pisi olur. Bilmək olmaz, bəlkə yeni rəisi məndən də çox istəyəcəksiz.
Elə söhbət yeni rəisdən düşmüşkən, nə qədər çalışdım ki, gələcək mətbuat katibinin kimliyini öyrənim, “Jurnalistlərin dostu” məsələni jurnalistlərin xeyrinə dəyişmədi.
Əvəzində dedi ki, 4 ildə Metropolten ona çoxlu dostlar qazandırıb:
- Bilirsiz, bu 4 ildə çox gərgin iş rejimi ilə çalışmışam. Mətbuat katibi bu gün başqa təşkilatlarda, nazirliklərdə, qurumlarda da fəaliyyət göstərir. Amma onların iş rejimi ilə bizim iş rejimimiz arasında inan ki, çox böyük fərq var. Gün ərzində ictimaiyyətlə dolu olan nəqliyyatdır. 24 saat dayanmadan fəaliyyət göstərir. Gün ərzində metrodan 780 min sərnişin stifadə edir. Bu sərnişinlərin hər birinə xüsusi diqqət ayrılır. İş prinsipimiz bunu tələb edir. İctimaiyyətlə işləmək, xüsusilə sərnişinlərlə işləmək olduqca çətindir. Amma metronun 4 il əvvəlki vəziyyəti ilə indiki vəziyyəti arasında da yaxşı mənada ciddi fərqlər var. Biz qurum olaraq böyük nailiyyətlərə imza atdıq. Mən çox böyük təcrübə qazandım. Nə qədər də olmasa, cəmiyyət arasında tanındıq. Populyarlığımdan dolayı mənə görə qatarları yubadanlar da olur (Gülürük). İstər mediada, istərsə də cəmiyyətdə çox səmimi dostlar qazandım. Bir çoxu ilə hətta ailəvi münasibətlərimiz də yarandı. Demək olar ki, bu gün mediada çalışan jurnalistlərin böyük əksəriyyətini tanıyıram.
- Digər mətbuat katibləri ilə müqayisədə siz sosial şəbəkələrdə də çox aktivsiniz.
- Hərənin bir çalışma metodu var. Bəzən o qədər zənglər alıram ki, sosial şəbə üzərindən informasiyanı yazmaq, bildirmək həm mənə rahat olur, həm də jurnalistlərə. Düşünürəm, bu çox sevindirici haldır. Bəlkə elə deyil?
- Bəs sosial şəbəkədə fəal olmayan mətbuat katiblərinə münasibətiniz necədir? Onlar niyə KİV-lə çalışmağa meyilli deyillər?
- Vallah, nə deyim... Mən Nəsimi Paşayevəm. Necə varamsa, eləyəm. Heç bir xüsusiliyim, aktyorluğum yoxdur. Hər kəsin bir çalışma metodu var. Günümüzdə sosial şəbəkə həqiqətən də əvəzsiz şanslar yaradır. Bu gün çalışdığımız qurumla bağlı ictimaiyyəti məlumatlandırmaq, bütün suallara şəffaf cavab vermək, neqativlikləri aradan qaldırmaq istəyiriksə, lazım olan bütün vasitələdən istifadə etməliyik. Etiraf edək ki, bu gün uşaqdan böyüyə hər kəs günün böyük hissəsini sosial şəbəkələrdə keçirir. Hətta ailəsindən çox sosial şəbəkədə söhbətləşən insanlarımız var. Bayaq dediyim kimi, informasiyanı çatdırmaq işində sosial şəbəkə bu gün mənim üçün daha əlverişlidir. Və mən bunu yaxşı dəyərləndirirəm. Başqa mətbuat katiblərini bilmirəm, amma mənim jurnalistlərin nömrələrini, çalışdıqları qurumu, poçt ünvanlarını qeyd etdiyim siyahım var. Amma bu gün sosial şəbəkələr sağ olsun, heç ona da ehtiyac qalmır. Mənimlə çalışan jurnalistlər də bilir, hansısa bir infomasiyam varsa, bunu feysbuk hesabımdan paylaşıram. Çünki mənim dostlarımın əksəriyyəti jurnalistlərdir. Beləcə onlar da məlumatı asan şəkildə əldə edirlər. Elə bir qurum ola bilər ki, mətbuat katiblərinin sosial şəbəkəyə girişini hətta qadağan etsinlər. Bu səbəbdən onları qınamalarını istəmərəm. Amma informasiya verə bildiyi halda jurnalistlərin işini çətinə salan qurumların nümayəndələri varsa, belə etməmələrini tövsiyə edirəm.
- Nəsimi müəllim, sabah 1-iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu gün paylaşdığınız layihə isə qısa müddətdə insanların marağına səbəb oldu. Bu ideya necə yarandı?
- Deycəksiz gethagetdə bu layihə hardan çıxdı... Amma bu aylar öncə mənə təklif edilən bir ideya idi. Mən əslində aprel ayından vəzifədən gedəcəyimlə bağlı ərizə yazmışdım. Amma işləri birdən-birə qoyub getmək olmaz. Hər mövzuda peşəkarcasına addım atmaq lazımdır. Əlində olan layihələri bitirməlisən. Əslində bu ideya mənə yox, Aysel Zahidqızına məxsusdur. O, aylar öncə bir tədbirdə mənə bu cür ideya vermişdi. Eşidəndə diqqətimi çəkmişdi, demişdim maraqlı fikirdi. Üzərində işləyib, gerçəkləşdirmək olar. Sonra bir az işlər çox oldu, unutmuşdum. 15-20 gün qabaq yenidən bunu mənə xatırladanda artıq başladıq işləri bir-bir tamamlamağa. Rəhbərliklə danışdıq. Onlar da müəyyən tövsiyyələrini söyləyib, razılıq verdilər. Avropa Azərbaycan Məktəbinin şagirdləri arasında 30 nəfərə yaxın uşaq seçdik. Daha sonra onlara işi izah etməyə başladıq.
- Nəsimi müəllim görüntülərdən görünür ki, çox əylənmisiz...
- “3 Alma” nəşriyyatı ilə bu layihə üzərində işlədik. İnandırım sizi, uşaqlarla o qədər əyləndik ki... Düzdür, onlar üçün cümlələri demək, səs yazmaq çətin keçsə də, bir o qədər də əyləncəli oldu. Çünki prinsip olaraq diktor yox, ləhcə ilə, şirin danışan uşaqları seçməyə çalışırdıq. Yəni o səslərə qulaq asarkən dodağınızın qaçmaması mümkün deyil. İnşallah, iyun ayının 1-3 arası həm metrodakı səsləndirmələr, həm də stansiyaların adları bu uşaqların dilindən Azərbaycan və ingilis dillərində təqdim ediləcək. Düşünürük ki, bu layihə bu günə qədər ilkdir. Sevinirəm ki, bu qədər diqqət topladı. Getməyə qərar verdikdən sonra gerçəkləşdirməyə çalışdığım layihədir. Amma burada tək özümü deyil, kollektivmizin əməyini də xüsusi vurğulamaq istəyirəm. İşin təşəbbüskarı, icraçısı mən olsam da, əməkdaşlarımızın da böyük zəhməti, əməyi sayəsində bu maraqlı işi tamamlayıb, ərsəyə gətirə bilmişik.
- Nəsimi müəllim birdən işdən çıxandan sonra daha maraqlı ideyanız olsa?
- Mən paxıl adamam. Heç kimə demərəm. Niyə deyim? Öz adlarından versinlər, mən də qalım kənarda?
Bir anlıq ciddi olduğunu düşünsəm də, Nəsimi müəllimin daha bir zarafatına aldandıq. İnandığımıza əmin olandan sonra sualımıza səmimi cavab verdi:
- Əlbəttə ki, bu bir zarafatdır. Günü bu gün getsəm və metro ilə bağlı, metromuzun fəaliyyətini daha da yaxşılaşdıracaq ideyalar tapsam, birbaşa rəhbərliklə bu barədə danışaram. Çünki mən bu işdən həqiqətən zövq alıram. Metroya aid ideyanı gedib “BakuBus”da gerçəkləşdirməyəcəm ki, deyəcəm də. Onu da qeyd edim ki, bu illər ərzində "Bakı Metropolitenin"də gerçəkləşdirilən layihələrin hamısı mənə aid deyil. Bu işlə məşğul olan qurumumuz var. Rəhbərliyin özünün də müəyyən təşəbbüsləri olur. Bu yaxınlarda metropoliten işçilərinin uşaqlarının depoya turu təşkil olundu. Baxmayaraq ki, kollektivdə çalışan işçilər var ki, bu günə qədər heç özləri belə depoya getməyiblər. Bu layihə sədrimizin öz təşəbbüsü idi. Bizim komanda bunu gerçəkləşdirdi. Sadəcə mən təbliğatını apardığım üçün kənardan elə görünür ki, bütün sosial layihələr Nəsimi Paşayevindir. Xahiş edirəm bunu nəzərə alasız, yazanda. İctimayyətlə işləməkdən, uşaqlarla işləməkdən zövq alıram. Hələ jurnalistlərimizlə çalışmaqdan aldığım zövqü demirəm (Gülür).
- Bəs öz aramızdı, jurnalistlər arasında ayrı-seçkilik etdiyiniz olub?
- Əminəm ki, bunu heç kim bilməyəcək (Gülür). Səmimi deyirəm ki, xeyr. Vallah-billah, mən hər bir jurnalistə eyni gözlə baxıram, eyni ədalətlə yanaşıram. Təbii ki, söhbət normal fəaliyyət göstərən jurnalistlərdən gedir. Onlar üçün telefonum, idarənin qapısı, pəncərəsi hər zaman açıqdır. Jurnalist jurnalistdir. Onları da başa düşmək lazımdır. Sadəcə yaxşısı, pisi, daha doğrusu peşəkarı və qeyri-peşəkarı var desək, yerinə düşər. Mən də mövqeyimi bu keyfiyyətləri nəzərə alaraq sərgiləyirəm. Bu gün istənilən jurnalist istər mobil, istər iş telefonu, istərsə də elektron poçt və sosial şəbəkə vasitəsilə sualını ünvanlayıb, müvafiq cavabını ala bilər.
- Hamı sizə “Junalistlərin dostu” deyir. Bu adı qazanan ilk mətbuat katibisiz, bilirsiz?
- İndi bildim. Amma elə bilərsiz buna görə, xüsusi nələrsə etmişəm. Qətiyyən yox. Olduğum kimi davranmağım kifayət edib deyə, düşünürəm. Neçə illərdir mən beləyəm, Allah bu gündən sonra da dəyişməsin məni, inşallah. İnsanlar səmimiyyətə dəyər verir. Həm də nəzərə almaq lazımdır ki, günün tələbi dəyişir. Əvvəlki mətbuat xidmətləri ilə bu günki mətbuat xidmətləri fərqlidir. Bir müddət sonra “mətbuat xidməti” sözü də yığışdırılacaq. Çünki, burada söhbət jurnalistlərdən yox, ümumi mənada ictimaiyyətlə əlaqələrdən gedir. 1992-ci ildə Türkiyədə, Ankara Universitetində təhsil almışam. Burada jurnalistika bölməsini oxumuşam. Bizdə belə bir şey vardı, paralel olaraq istədiyin başqa bir bölümü də oxuya bilərdin. Qəzetçilik və ictimaiyyətlə əlaqələr bölümləri vardı. Mən ikincini seçdim və bunun təhsilini aldım. Yəni indiki fəaliyyətimin əsası universitet illərindən gəlir. Nəzəri biliklərim vardı, təcrübələr topladım və illərdir bunun praktikasını həyata keçirirəm. Sevdiyim işi zövqlə edirəm. "Jurnalistlərin dostu" deyirlər ona görə ki, onları sirdaşım, dostum kimi görürəm. Mümkün qədər diqqət və qayğı ilə yanaşıram.
İndi siz deyin görüm, məni niyə çox istəyirsiniz?
- Vəzifənizin öhdəsindən əla gəlirsiniz, əlinizdə yağınız daşsa da, zənglərimizə və suallarımıza cavab verirsiniz, hələ arada zarafat edib, kefimizi də açırsınız, niyə sevməyək ki?..
Qəribə bir susqunluq yaranır...
- Nəsimi Paşayevin hobbiləri varmı?
- Təbiət qoynunda gəzməyi, istirahət etməyi sevirəm. Tez-tez fürsət tapdıqca ata ocağına gedirəm. Paylaşımlarımdan görmüş olarsız. Çalışıram ki, hər həftə sonu Biləcəridən bir az da olsa, o tərəfə keçim. Xüsusilə, rayona tez-tez getməyi xoşlayıram. Yay aylarında demək olar ki, hər həftə sonları rayona gedirəm. Məzuniyyətimin 1 gününü belə evdə keçirməmişəm. Hər gün səsim bir bölgədən gəlir. Təbii ki, ailəmlə istirahət etməyi sevirəm. Boş vaxtlarmda dostlarla yoldaşlıq oyunu keçiririk, futbol oynayırıq. Bütün idman növlərimdən başım çıxır. Futbol, voleybol, tenis, bilyard. Vaxtilə hamısını oynamışam. İndi isə vaxt baxımından ancaq həftədə bir dəfə futbolu çatdıra bilirik.
- Sizin sevginizi qazanmaq çoxmu çətindir?
- Əslində çox asandır. Həyatda ən acığım gələn şey insanların yalan danışmasıdır. Səmimi olmaqla sevgini qazana bilərsiz. Sadəcə dürüst və səmimi olmaq kifayət edir. Bundan başqa özümdə olmadığı üçün mənə qarşı bu cür davranışları qəbul edə bilmirəm. Bax, yalan, məsuliyyətsizlik, səmimiyyətimdən sui-istifadə edilməsi olmasın, yetər. Mən rola girməyi bacaran adam deyiləm. Əslində çox səbirsiz adamam, amma işimdən dolayı məcbur səbrli davranıram. Ailəm hətta mənim səbrli olmağıma həsəd aparır. Ona görə də, qısacası Nəsimi Paşayevin sevgisini qazanmaq üçün hər hansı ciddi bir kriteriyaya ehtiyac yoxdur.
- Ailəniz işdən ayrılma qərarınızı necə qarşıladı?
- Qızım sağ olsun, səhər anasına deyir ki, “ataya denən, evdə qalmasın”. Yəqin ki, mənim evdə qalmağımı istəmirlər. Vallah, nə bilim, yəqin evə buraxmasalar, küçələrdə gəzərəm, vaxtım keçər. Axşam saat 6-dan sonra gedərəm (gülür). Təbii ki, bu zarafatdı. Ailəm hər zaman mənim qərarlarıma hörmətlə yanaşıb, dəstək olub. Hər şey qaydasındadır. Yeni və maraqlı təkliflər alana qədər məni evdə görə bilərsiz.
- Daha çox metrodan istifadə edirsiz, yoxsa digər nəqliyyat vasitələrindən?
- Metrodan da istifadə edirəm, nəqliyyatdan da, avtomobildən də.
- Qatarlara minərkən düşənlərə, düşərkən minənlərə yol verisizmi?
- Mən elə həmişə qapının ağzında dururam. Əslində gərək qatar stansiyaya gələndə birinci düşən sərnişinlərə yer verilsin. Amma o layihə qalmadı ki, eləməyək, qaydanı dəyişə bilmədik. Həmişə müşahidə edirəm birinci minənlər minir, sonra düşənlər düşür. Hətta bir neçə dəfə metroda məni tanıyanlar mənə görə, qatarın qapıların tutublar. Mənə görə qatar yubanıb. Amma mən heç vaxt qapları tutmamışam. Qaydalara hər zaman riayət etmişəm.
- Nəsimi müəllim, yeraltı dünyanın ən aktual problemlərindən də danışaq. İntihar edənlər niyə metronu seçir? Bu göstəriş xatirinədirmi?
- Bilirsiz psixoloji problemlər insanı bu səviyyəyə qədər gətirib çıxarır. Amma bu düzgün yol deyil. Azərbaycanda intihar edənlərin statistikası aparılsa, metroda intihar edənlərin sayı heç 1 faiz olmaz. Amma təəssüf ki, hər gün müxtəlif bölgələrdə və çox mənasız səbəblərdən insanların həyatlarına son qoyduqlarına dair xəbərlər oxuyuruq. Sadəcə metro hamı üçün maraq dairəsində olduğu, sosial şəbəkələrdə daha çox müzakirə edildiyi üçün yəqin diqqətlərin çəkir. Amma onu da deyim ki, qulaqlara qurğuşun, neçə vaxtdı sakitçilikdir.
- Bir vaxtlar "Koroğlu" körpüsü idi, indi də metro...
- Bilmirəm indi qarğışmı edim, alqışmı. Gətirdilər ora polis qoydular, camaatda tökülüşdü metroya (Gülürük). Əslində bu ciddi problemdir. Biz gülüş qataraq danışırıq, amma intihar çıxış yolu deyil. Bax, həmin insanlar yalnız özlərinə deyil, ətrafdakı insanlara da çox ciddi psixoloji zərbə vururlar. Onlar başa düşməlidir ki, gedib tənha bir yerdə canlarına qıyanda yalnız özlərinə və ailə yaxınlarına əziyyət verirlərsə, bu hadisələri ictimai yerlərdə törədəndə yüzlərlə insana ağır psixoloji zərbə vurmuş olurlar. Belə eləməsinlər. Belə hadisələr olanda qatarlar yubanır, sərnişinlər tuneldə qalır, birinin halı pisləşir, biri işə yubanır. İnandırım sizi, maşinistlərimiz bu cür hallar qarşısında o qədər travma alırlar ki, aylarla həkim yardımına möhtac qalırlar. Çox ağırdı. Bəzən bunu göstəriş xatirinə edirlər, amma nəticələrini düşünmürlər.
- Olub ki, hər hansı informasiyanı jurnalistlərə bir qədər fərqli çatdırmısız və ya ümumiyyətlə, hadisə barədə məlumat verməmisiz?
- Əlbəttə. Olub. Fərqli çatdırmaq deyəndə, yalan informasiya verməmişəm. Sadəcə hadisəni dramatikləşdirməmişəm də. Baxın, metroda bir hadisə olmuşdu. Oğlan özünü qatarın altına atmışdı. Amma xoşbəxtlikdən bədbəxt hadisə baş verməmişdi. Adını çəkmək istəmədiyim bir jurnalist məndən informasiyanı alandan sonra onu elə dramatikləşdirib yazmışdı ki, az qaldım ağlayam. Mən hadisəni nisbətən nikbin şəkildə demişdim, amma heç hadisənin özü belə bu qədər faciəli baş verməmişdi ki, o, elə yazmışdı. Bax belə hallar olur, bu heç yaxşı deyil. İnsanlar bu yazıları oxuyanda vahimə bürüyür onları. Qatarlara minməkdən qorxurlar. Mən bunu ona görə edirəm ki, insanlar metroda vəziyyətin nəzarət altında olduğunu, onların təhlükəsizliyinin təmin olunduğunu bilsinlər. Elə o yazını görən kimi jurnalistə yazmışdım ki, səndən yaxşı mərsiyə deyən çıxar. Bəzən də ehtiyac olmadığı təqdirdə bu cür neqativ halları söyləmirəm. Amma kimsə xəbər tutub soruşanda lazımı məlumatı verirəm. Ümumiyyətlə, informasiya vermədiyim hallar isə az da olsa, var.ğ
- Gedirsiz də, bəlkə indi bir-ikisini deyəsiz?
- Deyən idim, elə o vaxt deyərdim də (Gülür). İndiyə qədər deməmişəmsə, bundan sonra da deməyəcəm.
- Növbəti iş yeriniz bəllidirmi?
- Hələ ki yox. Tam səmimi deyirəm, bəlli olan kimi, necə ki, işdən ayılacağımı status kimi yazdım, onu da elə yazacam.
- Bu günə qədər jurnalistlərdən aldığınız ən “möhtəşəm” sual nə olub?
- Vallah, o qədər olub ki... Hamısını demişım, təkrarçılıq olsun istəmirəm. Amma bir də görürsən zəng edib elə mənasız sual verirlər, elə aidiyyatsız mübahisələrə girişirlər. Çaşıb qalıram. Bir dəfə BDU-nun jurnalistika fakültəsinin tələbələrindən biri zəng edib mənə dedi ki, metronun "Elmlər Akademiyası" stansiyasının universitetə tərəf olan çıxışında yazmısız, Ümummilli lider Heydər Əliyev deyib ki, “Bakı Metropoliteni" Azərbaycanın milli sərvətidir. Dedim, bəli. Deyir, siz onu oğurlamısız, onu bizim universitet üçün deyiblər. Mən də dedim, sizin üçün də deyiblər, bizim üçün də. Qız dedi dediyimdən dönmərəm ki, dönmərəm, oğurlamısız, ya da mənə sübut eliyin ki, sizin üçün deyib, vəssalam. Sağ olsun, bunu beləcə də getdi qəzetdə yazdı və bizi bir növ dırnaqarası da olsa, plagiatlıqda ittiham elədi. Yəni, bəzən bu cür təəssüfləndiyim hallar olur. Əgər o xanım indi bunu oxuyursa, səhvlərini düzəltsin. Bilmirəm jurnalistikadadır, yoxsa yox, amma ətrafımızdadırsa, bir daha belə etməsin.
- Unutmamış daim diqqətimizi çəkən bir məqamı da soruşum. Dilqəm Əhməd demiş, kənd Binəqədiyə metro nə yerdə qaldı?
- (Gülür) Gedirəm, yenə də canım qurtarmır bu Dilqəmdən. Ona burdan səslənirəm ki, kənd Binəqədiyə metro çəkilməsini gözləsəm, gərək mən elə burdan pensiyaya çıxam. Dilqəmdi də, şikayət edir ki, yollar palçıqlıdı. Palçıqlıdı metronu neynir, mənə dediyi qədər yolların asfaltlanmasını desəydi, indiyə məsələ həll olmuşdu. Metrodan nə istəyir, bilmirəm.
- Mətbuatın bəyəndiyiniz və bəyənmədiyiniz tərəfləri nələrdir?
- İndi mən onları sadalasam, gərək mənə iş verməsinlər. Ümumilikdə, deyəsi olsam, peşəkarlıq deyərdim. Amma bu proses bir nəfərin üzərinə yüklənməməlidir. Hər şey zəncirvaridir. Peşəkar jurnalist üçün, peşəkar media orqanı olmalıdır, peşəkar medi orqanı üçün, peşəkar rəhbər olmalıdır, peşəkar rəhbər olması üçün peşəkar təhsil olmalıdır, sərbəst rəqabət və s. Bunlar hamısı yerli-yerində olmalıdır. Reklamlar, stabil gəlir olmalıdır. Mətbuat yalnız bu şərtlərlə sevimli olacaq. Jurnalistin peşəkarlığı onun çalışıb, çalışmamasından, aldığı məvacibin miqdarından asılı olmamalıdır. Əks halda burada peşəkarlıqdan danışmaq olmaz. Və bu sadəcə həmin jurnalsitin adına, imzasına xələl gətirəcək məqamdır. O mənada istərdim ki, mətbuatda çalışan jurnalistlər imkan daxilində özləri özlərini peşəkar istiqamətdə yetişdirsinlər.
- Son olaraq, Nəsimi Paşayevin ictimaiyyətə demək istədikləri sözlər, tövsiyələr varmı?
- 4 il 3 ay... Az müddət deyil. İşdən çıxmağım haqqında xəbərə o qədər reaksiya verildi, o qədər zəng edildi ki, sözün həqiqi mənasında bu illər ərzində etdiklərimin bəhrəsini almış kimi oldum. İnsanların sevgilərini bu cür göstərməsi məni çox xoşbəxt etdi. Kollektivimiz, eləcə də televiziyalardan görüb tanıyan insanların mənimlə bağlı münasibətləri ən böyük qazancımdı. Həmişə demişəm, alnım açıq, üzüm ağ, başım da dikdir. Və bu hansı mövqedə çalışmağımdan asılı olmayaraq, belə də davam edəcək. Təəssüflənirəm, üzülürəm, amma hər başlanğıcın bir sonu var. Heç kim üzülməsin, hər şey daha yaxşı olacaq.
- Nəsimi Paşayev, bizə vaxt ayırdığınız üçün çox sağ olun. Sizi çox sevirik.
- Mən də sizləri. Hələ buralardayam də. Ən azından sosial şəbəkədən heç yerə getmirəm...
Könül Cəfərli
FOTO: Səfiyar Məcnun
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır