• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Savaş bu tarixdə BİTƏCƏK: Qarabağ üzərindən öldürücü zərbələr və TAMAMLANAN İLK MİSSİYA

  • Xüsusi
  • 5 Dekabr 2018 09:00
  • 4 615 Baxış
Savaş bu tarixdə BİTƏCƏK: Qarabağ üzərindən öldürücü zərbələr və TAMAMLANAN İLK MİSSİYA

9 dekabr tarixində Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Seçkiyə bir neçə gün qalıb və siyasi partiyalar əllərində olan bütün imkanlardan yararlanaraq sərfəli nəticə əldə etməyə, ən azından parlamendə düşməyə çalışırlar. Bunun üçün isə bir-birilərinə qarşı ən sərt ittihamlar səsləndirməkdən çəkinmirlər. Burada əsas diqqət çəkən məqam isə hazırda Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın komandası ilə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılan separatçı rejim arasındakı qarşıdurmadır.

Mövzu ilə bağlı Publika.az-a müsahibə verən politoloq İlqar Vəlizadə Nikol Paşinyan ilə separatçı rejim arasındakı siyasi qarşıdurmaları təhlil edib.

- Hazırda Ermənistanın baş naziri vəzifəsini icra edən şəxslə Qarabağda məskunlaşan separatçı rejim parlament seçkiləri kampaniyası çərçivəsində Dağlıq Qarabağ mövzusunu gündəmdə saxlayır. Daha dəqiq desək, Dağlıq Qarabağ məsələsi ilə bir-birilərini “vurmağa” çalışırlar. Bunun səbəbi nədir?

- Ümumiyyətlə, Ermənistanın daxili siyasətində Dağlıq Qarabağ mövzusu həmişə siyasi alver predmeti kimi istifadə edilib. Hazırkı şəraitdə Ermənistan siyasətində açıq-aşkar iki güc özünü göstərir: Paşinyanın komandası və Qarabağ klanı. Qarabağ klanı daxili siyasətdə nisbətən zəif rol oynayır. Lakin öz siyasətində - Dağlıq Qarabağda kifayət qədər söz sahibidir. Klan cəhd göstərir ki, seçkilərdən sonra da onun Qarabağdakı mövqeyi indiki kimi qalsın. Ona görə də Qarabağ məsələsi daxili siyasət prizmasından yenidən gündəmə gəlib. Nəticədə isə hər iki tərəf siyasi predmet kimi məhz işğal olunmuş torpaqlar üzərindən üstünlük əldə etməyə çalışır.

- Paşinyan bildirib ki, parlament seçkilərindən sonra Dağlıq Qarabağdakı separatçı rejimlə bağlı köklü dəyişikliklər aparacaq. Bu ehtimal özünü nə dərəcədə doğrulda bilər?

- İş orasındadır ki, Ermənistan rejimi həmişə Dağlıq Qarabağdakı qondarma rejimin müstəqil qurum olduğunu iddia edib. Lakin bu bəyanatlar onu sübut edir ki, Dağlıq Qarabağ rejimi əslində heç də müstəqil deyil. Bu, oyuncaq bir qurumdur. Bu ikibaşlı vəziyyət isə çox davam edə bilməz. Təbii ki, iqtidar da çalışacaq ki, Qarabağda öz təmsilçilərini hakimiyyətə gətirsin. Bu cəhdlər cari ilin iyun ayında həyata keçirilmək üzrə idi. Güman ki, bu cəhdlər ilk və sonuncu olmayacaq. Gələcəkdə də bu tip cəhdlərin şahidi olacağıq.

Artıq Dağlıq Qarabağ rejiminin təmsilçiləri çıxışlar etməyə başlayıb ki, Paşinyanın komandasının hər hansı hakimiyyət dəyişikliyi etməsinə yol verməmək lazımdır, Dağlıq Qarabağ "müstəqil dövlət"dir və s. Bütün bu proseslər onun göstəricisidir ki, İrəvanla Xankəndi arasında ziddiyyətlər ən azı iki il davam edəcək. Çünki, Dağlıq Qarabağ qondarma rejiminin "prezident"inin növbəti seçkisi 2020-ci ilə baş tutmalıdır. 2020-ci ilə qədər rəsmi İrəvan cəhd göstərəcək ki, hazırkı rejimi bu və ya digər şəkildə devirsin. Bu, Ermənistanın daxili işləri olsa da, proseslər Azərbaycanın maraqlarına toxunur. Çünki Ermənistandakı hər iki qüvvənin qarşıdurması Azərbaycanın işğal olunmuş torpaqları üzərində aparılır. Bu istiqamətdə isə xarici faktorlar – ATƏT-in Minsk qrupunun həmsədrləri məsələyə müdaxilə etməli və reaksiya verməlidirlər.

- Qondarma rejimin Paşinyanın dəyişiklik arzularına qarşı çıxacağı təqdirdə yaranan qarşıdurmalar Ermənistanda daxili böhranına səbəb ola bilərmi?

- Bəli, bu iddia müzakirə mövzusudur. Qarşıdurmalar elə indi də görünür. Xatırladım ki, Ermənistanın daxili siyasəti çərçivəsində gedən proseslər Qarabağ mövzusunun gündəmə gəlməsi ilə alovlanıb. 2016-cı ildən bəri Ermənistanı ara-sıra sarsıdan hərəkatlar, nümayişlər baş verir. Son “inqilaba” qədərki bütün bənzər hadisələr, Ermənistanın Dağlıq Qarabağda məğlubiyyəti bu ölkənin gələcək siyasətinə ciddi təsir göstərəcək.

- Ermənistanın Milli Təhlükəsizlik Şurasının keçmiş katibi, Respublika Partiyasından deputatlığa namizəd olan David Şahnazaryan son günlər gündəmə gətirir ki, Paşinyan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı variantlarla razılaşıb. Bu, parlament seçkilərindən öncə təbliğat kampaniyaları çərçivəsində Ermənistanın daxili auditoriyasına hesablanmış açıqlama kimi görünür. Lakin açıqlamanın reallıq payı da dəyərləndirilməmiş deyil. Bu iddia ilə bağlı fikirləriniz nələrdir?

- Şahnazaryan polulist insandır və bəzi məsələlərdə reallığı olduğu kimi dərk etmir. Ona görə də zənn etrmirəm ki, Paşinyan uzunmüddətli razılığa gəlsin. Paşinyan öz oyununu oynamağa çalışır və bununla Ermənistan hakimiyyətində mövqelərini bərkitmək istəyir.

- Ermənistandakı parlament seçkilərinin nəticələri ilə bağlı ehtimallarınız nələrdir?

- Güman ki, Paşinyanın komandası qalib gələcək. Onu dəstəkləyən siyasi qüvvələr hakimiyyətdə təmsil olunacaqlar. Amma iş bununla bitmir. Ermənistanın son zamanlar həm daxili, həm də xarici siyasətində kifayət qədər ziddiyyətli məqamlar aşkarlanır və bu ziddiyyətlər üzümüzə gələn dövrdə daha da mürəkkəbləşəcək. Çünki seçkiqabağı proseslər də göstərir ki, hazırkı hakimiyyətin cəmiyyət üçün hazır reseptləri yoxdur. Hansısa vahid iqtisadi, siyasi proqram mövcud deyil. İqtidarın proqramı ondan ibarət idi ki, köhnə hakimiyyət devrilsin. Buna nail ola biliblər. Amma ikinci addım kimi Ermənistanın sosial-iqtisadi problemlərinin həll olunmasına dair addımlar müəmmalıdır. Ona görə də Paşinyan hakimiyyətinin çətin günləri hələ qabaqdadır.

Zümrüd

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR