Ermənistan ordusu bu silahlarla DARMADAĞIN EDİLƏCƏK: Azərbaycan yaxın günlərdə...
Bizi izləyin

Xüsusi

Ermənistan ordusu bu silahlarla DARMADAĞIN EDİLƏCƏK: Azərbaycan yaxın günlərdə...

Dekabrın 4-də Azərnbaycan Müdafiə naziri, general-polkovnik Zakir Həsənovla Azərbaycanda səfərdə olan ABŞ müdafiə nazirinin müavininin müşaviri Laura Kuperin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlıq, hərbçilərimizin NATO proqramları çərçivəsində fəaliyyəti haqqında müzakirələr gedib. Zakir Həsənov bildirib ki, hər iki ölkə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır.

L.Kuper isə öz növbəsində, ABŞ hökumətinin Azərbaycanla təhlükəsizlik və hərbi sahələrdə əməkdaşlığın genişləndirilməsi və gücləndirilməsində maraqlı olduğunu vurğulayıb. Azərbaycanın Əfqanıstandakı əməliyyatlara verdiyi töhfəni, o cümlədən, sülhməramlılarımızın peşəkarlığını yüksək dəyərləndirən L.Kuper ABŞ-ın müdafiə naziri Ceyms Mettisdən sitat gətirərək qeyd edib ki, Əfqanıstanda bu gün əldə edilən uğurlar Azərbaycanın güclü dəstəyi olmadan mümkün olmazdı.

Mövzu ilə bağlı Publika.az-a müsahibə verən hərbi ekspert Üzeyir Cəfərli ABŞ-Azərbaycan hərbi əməkdaşlığına dair detalları şərh edib.

“ABŞ AZƏRBAYCANIN BU DİQQƏTİNİ YÜKSƏK QİYMƏTLƏNDİRİR”

- Müdafiə naziri, generel-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan ABŞ müdafiə nazirinin müavininin müşaviri Laura Kuperin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan-ABŞ arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsi, hərbçilərimizin NATO proqramları çərçivəsində fəaliyyəti kimi bir çox önəmli məsələlər müzakirə edilib. Hazırda Azərbaycan-ABŞ hərbi əməkdaşlığı hansı səviyyədədir?

- ABŞ Cənubi Qafqaz ölkələri arasında ən çox Azərbaycana böyük önəm verir. Bütün sahələrdə olduğu ki, hərbi sahədə də Azərbaycanla ABŞ arasında sıx əlaqələr mövcuddur. ABŞ zaman-zaman Azərbaycana dəstək verib. Ona görə ki, Azərbaycan da öz potensialı çərçivəsində İraqda, Əfqanıstanda sülhü təmin etmək missiyasında ABŞ-a imkanlar yaradıb ki, bu ölkə Azərbaycanın hava məkanından istifadə etsin. Amerika da Azərbaycanın bu diqqətini yüksək qiymətləndirir. Əvvəlki illərdə Amerika Xəzər dənizində Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin, sonrakı mərhələlərdə isə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin güclənməsi üçün müəyyən addımlar atıb. Həm rabitə vasitələri, həm sürətli katerlərin Azərbaycana verilməsi artıq rəsmi şəkildə həyata keçib.

Son zamanlar Amerika yenə də Azərbaycana böyük maraq göstərməyə başlayıb. ABŞ müdafiə nazirinin müavininin müşaviri Laura Kuperin ölkə başçısı ilə görüşündən sonra Müdafiə Nazirliyinin rəhbərliyi və naziri özü ilə görüşməsi bu anlama gəlir ki, Amerika Azərbaycanın imkanlarından yararlanmaq istəyir. Eyni zamanda da, ölkəmizin beynəlxalq terrorizmə qarşı mübarizədə istək və arzuları çərçivəsində müəyyən addımlar atmağı düşünür.

Azərbaycanın nümayəndə heyətləri də ABŞ-a səfərlər edir. Burada məsələ təkcə Hərbi Dəniz Qüvvələrinin fəaliyyəti ilə məhdudlaşmır. Eyni zamanda, zabitlərimizin NATO-nun sülh naminə tərəfdaşlıq proqramı çərçivəsində dil kurslarında, Amerikada yerləşən müəyyən mərkəzlərdə hazırlıqları həyata keçirilir. Amerika şərait yaradır ki, Azərbaycan Ordusunun zabitləri həm təcrübələrini artırsınlar, həm də ABŞ-ın aparıcı kollec və məktəblərində təhsil alsınlar. Hesab edirəm ki, iki ölkə arasındakı əməkdaşlıq hər iki tərəfi qane edəcək səviyyədədir.

"AZƏRBAYCAN BUNDAN ÖZ XEYRİNƏ YARARLANA BİLƏR"

- Donald Tramp administrasiyası dövründə Amerika ilə Azərbaycanın hərbi əməkdaşlığı çərçivəsində xüsusi nəzərə çarpan yeniliklər varmı?

- ABŞ-la Azərbaycan coğrafi baxımdan uzaq nöqtələrdə yerləşsə belə, hesab edirəm ki, bu ölkə Dağlıq Qarabağ məsələsində çox passiv iştirak edir. Amerika dünyada söz sahibi olan bir ölkə kimi bu məsələnin həllini çoxdan gerçəkləşdirməli idi. Ancaq ABŞ bu məsələni, sanki, Ermənistana və Azərbaycana coğrafi baxımdan daha yaxın olan Rusiyaya həvalə edib. Hazırkı rəhbərlik də, ondan qabaqkı Barak Obama hökuməti də, hətta ondan əvvəlki dövrlərdə də Dağlıq Qarabağ məsələsi dünyada baş verən qlobal proseslər, toqquşmalar fonunda böyük problem kimi onların gözünə görünmədi. Amma Amerikadan gələn nümayəndə heyətləri həm ölkə başçımızla, həm müdafiə naziri ilə görüşəndə Azərbaycanın beynəlxalq hüquqla tanınan haqlarını müdafiə etdiklərini bəyan ediblər. Təəssüflər olsun ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan ABŞ Dağlıq Qarabağ məsələsində TŞ-nın 4 məlum qətnaməsinin tətbiq edilməsində prinsipiallığını ortaya qoymur. Halbuki, başqa münaqişələrin həllində daha çevik, daha praqmatik addımlar atırlar. Mən inanmıram ki, Donald Trampın prezidentliyi dövrü ərzində də ABŞ-da Dağlıq Qarabağla bağlı ciddi və köklü addımlar atılsın.

Hərçənd, Azərbaycan bundan öz xeyrinə yararlana bilər. Bilirsiniz ki, hazırda Amerikanın Rusiyaya böyük reaksiyası var. Heç kimə sirr deyil ki, Dağlıq Qarabağ məsələsinin həlli Rusiyadan asılıdır. Rusiya da Dağlıq Qarabağ məsələsinin bu vəziyyətdə qalmasından öz maddi maraqları üçün istifadə edir. Həm Ermənistana silah satır, həm Cənubi Qafqazda öz varlığını möhkəmləndirir. Kerç boğazında Rusiyanın Ukrayna gəmilərinə qarşı hücumu, bundan əvvəl isə Ukraynanın ayrılmaz hissəsi olan Krımın ilhaqı dünyanı bu ölkəyə qarşı qaldırıb. Amerika, Fransa, İngiltərə, Almaniya kimi güc sahibləri Rusiyanı ciddi iqtisadi sanksiyalarla üz-üzə qoyub. Biz də bu şəraitdən istifadə etməliyik. Azərbaycan Amerika ilə tərəfdaşlığını genişləndirməlidir ki, Dağlıq Qarabağ problemində tərpəniş olsun.

Bu gün (Müsahibə dekabrın 5-də götürülüb -red.) İtaliyanın Milan şəhərində Azərbaycanın xarici işlər naziri ermənistanlı həmkarı ilə görüşəcək. Lakin mən bu görüşdən də müsbət bir nəticə gözləmirəm.Belə görüşlər daha çox ATƏT-in Minsk qrupunun həmsədrlərinə lazımdır ki, guya onlar nəsə iş görüb. Buna baxmayaraq, Azərbaycan prinsipiallığını davam etdirməlidir. Bir qədər də təzyiq artırılmalıdır. Biz Ermənistanda baş qaldıran siyasi, daxili böhranların nə zamansa qaydaya düşməsini, vəziyyətin stabilləşməsini, bundan sonra hərəkətə keçməyi gözləməməliyik. Biz niyə öz siyasətimizi Ermənistanın vəziyyətinə uyğun olaraq həyata keçirməliyik? Ermənistan separatçı dövlətdir. İşğalçılıq siyasəti həyata keçirir. Amerika, Rusiya, Fransa və digər dövlətlər də işğalçını yerində oturtmalıdır. Biz Nikol Paşinyanın nazı ilə oynamamalıyıq. Azərbaycan konkret olaraq Amerika, Rusiya və Fransa qarşısında tələb irəli sürməlidir, baxmayaraq ki, biz onlara nisbətən kiçik dövlətik. Biz gözləməməliyik ki, Donald Tramp nə vaxtsa Qarabağ məsələsi ilə məşğul olmaq istəyəcək. Əslinə qalsa, bu gün hər iki tərəfdə baş verən əsgər ölümləri, mülki şəxslərə vurulan zərərlər, itkilərin məsuliyyəti birbaşa ATƏT-in Minsk qrupunun həmsədrlərinin üzərindədir. ABŞ bu məsələdə bir qədər ciddi olmalıdır. Məhz bu ölkənin qeyri-ciddiliyi, laqeydliyi məsələnin bu qədər uzanmasına gətirib çıxarır.

“AZƏRBAYCANIN BUNA EHTİYACI YOXDUR”

- ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton bir neçə həftə öncə Cənubi Qafqaza səfəri zamanı bildirmişdi ki, qarşı tərəfin arzusu olarsa, ABŞ həm Azərbaycana, həm də Ermənistana silah sata bilər. Hazırda beynəlxalq şərait buna imkan verirmi?

- Fransa dövləti artıq öz firmalarına Azərbaycanla danışıqlara gedib silah-sursat, hava hücumundan müdafiə qoşunları üçün müəyyən avadanlıqların satılmasına icazə verib. Qadağalar mövcuddur. Bilirsiniz ki, beynəlxalq hüquqa görə, münaqişə tərəflərinin hər ikisinə silah satışı qadağandır.

Ancaq, baxın, biz Amerika istehsalı olan helikopter əldə etmişik. ABŞ bizə birbaşa satmasa da, həmin helikopter digər ölkələr üzərindən Azərbaycan tərəfindən əldə olunub və bu il hərbi paradda nümayiş etdirilib. Con Boltonun çıxışı isə onu deməyə əsas verir ki, siz rusun silahından az yapışın. Bu gün ABŞ və onun müttəfiqləri kifayət qədər ciddi hərbi-sənaye kompleksinə malikdirlər və onların istehsal etdikləri texnika Rusiyanın texnikasından qat-qat etibarlı, keyfiyyətlidir. Hesab edirəm ki, Azərbaycan tərəfi Con Boltonun bu fikirlərindən də yararlana bilər.

Əslinə qalsa, bu gün Azərbaycanın o qədər də silah-sursat almağa ehtiyacı yoxdur. Çünki bizdə olan silah-sursat həm keyfiyyətinə, həm də sayına görə Ermənistandan qat-qat üstündür. Sadəcə olaraq, Moskva və onun tərəfdarları Dağlıq Qarabağ məsələsində bir qədər, loru dildə desək, "kişilik" nümayiş etdirsələr, bu problem silahsız da öz həllini tapar.

Bu gün Qafqazda olan gərginliklərdə, Azərbaycan, Gürcüstan, Moldova və digər məsələlərdə beynəlxalq qüvvələrin öz maraqları var. Həmin dediyimiz silah satışlarından da milyardlarla dollar vəsait əldə edirlər. Münaqişənin həlli isə onları bu milyardlardan məhrum edəcək.

Azərbaycanın ehtiyacı yoxdur ki, gedib Amerikanın tankını, gülləsini alsın. Biz İsraildən, Belarusdan, Pakistandan, İtaliyadan, Fransadan kifayət qədər silahlar əldə etmişik. Həmin silahlar bu gün bizə rahat şəkildə imkan verir ki, biz öz ərazi bütövlüyümüzü və müstəqilliyimiz tam şəkildə qoruyaq və daha da möhkəmləndirək. Ermənistan ordusu bu silahlarla gücləndirilən ordumuz tərəfindən tez bir zamanda darmadağın edilə bilər.

“ERMƏNİSTAN NARAHATDIRSA, YANINA SU QOYUB İÇSİN”

- Azərbaycanla Fransa arasında 2014-cü ildən bəri “MBDA Systems” şirkətinin “ASTER 30, SAMP/T” və “VL Mica” hava hücumundan müdafiə (HHM) sistemlərinin satışı ilə bağlı müzakirələr gedir. Ölkəmizin məhz Fransadan silah alması Ermənistanı həmişəkindən çox narahat edir. Çünki Fransa diplomatik baxımdan Ermənistana yaxınlıq sərgiləyir. Bu məsələ öz həllini necə tapacaq?

- Bu gün Azərbaycan maliyyə imkanları çərçivəsində istədiyi silahı ala bilər. Ermənistan narahatdırsa, yanına su qoysun və o sudan içib rahatlasın. Həm də ki, niyə narahat olmalıdır? Biz Ermənistanın ərazi bütövlüyü ilə bağlı təhdid və ya təhlükə yarada biləcək bir şey söyləməmişik. Ermənistan ona görə narahatdır ki, havadarları onu çox pis vəziyyətdə qoyub. Ermənistan mətbuatını izləsəniz, görərsiniz ki, Rusiyanı yıxıb-sürüyürlər.

Artıq Fransa ilə aparılan danışıqlar müsbət həllini tapıb. Azərbaycan yaxın günlərdə bu məsələnin nəticəsini biləcək Dekabrın sonlarında BMT-yə hesabat təqdim ediləndə məlum olacaq ki, Fransa Azərbaycana hava hücumundan müdafiə qoşunları üçün texnika tədarük edəcək.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm